Bu ilin yanvar-sentyabr aylarında ölkənin avtomobil yollarında 1274 və ya keçən ilin eyni dövrü ilə müqayisədə 0,8% az yol-nəqliyyat hadisəsi baş verib. Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 2,0% azalaraq 1735 nəfər olub.
Dövlət Statistika Komitəsindən (DSK) "Report"a verilən məlumata görə, onlardan 557-si həlak olub, 1178-i isə yaralanıb. Hadisələrin 46,2%-i gündüz, 36,1%-i gecə, 17,7%-i isə toran vaxtı baş verib, 29,1%-i həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 88,5%-i yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı keçən ilin müvafiq dövrünə nisbətən 2,0% azalaraq 399 nəfər, yaralananların sayı isə 3,2% azalaraq 1135 nəfər olub.
Məlumata görə, yol-nəqliyyat hadisələrinin 42,0%-i nəqliyyat vasitələrinin və piyadaların, 34,7%-i bir neçə nəqliyyat vasitəsinin, 23,3%-i bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 79,0%-ni, yaralananların isə 74,2%-ni kişilər təşkil edib.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti ilə nəticələnən 17 hadisə baş verib, nəticədə 7 nəfər ölüb, 14 nəfər yaralanıb. Hadisələrin 70,6%-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.