Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Məşğulluq” altsistemi işsizlikdən sığorta ödənişinin də elektron qaydada təyinatına imkan verib.
Bizimyol.info xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, sığorta ödənişini almaq hüququna malik şəxs “Məşğulluq” altsistemində işsiz kimi qediyyata alındıqdan sonra sistemdə yerləşdirilmiş ərizəni təsdiq edir. Şəxsin müraciəti altsistem tərəfindən 10 gün ərzində baxılaraq, sığorta ödənişinin təyin edilməsi və ya edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Bu qərar şəxsin elektron kabinetində yerləşdirilir və (və ya) mobil telefon nömrəsinə ismarıc göndərilir.
Sığorta ödənişi təyin edildikdə şəxsin işsiz kimi qeydiyyata alındığı aydan sonrakı ayın ilk iş günündən hesablanır.
Həmçinin təkrar sığorta ödənişi almaq hüququ olan şəxs də müəyyən olunmuş qaydada “Məşğulluq” altsisteminə müraciət etməlidir. Sığorta ödənişinin məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək halların biri baş verdikdə, altsistem tərəfindən 10 gün ərzində baxılaraq sığorta ödənişinin məbləğinin dəyişdirilməsi barədə qərar çıxarılır.
Bu barədə də məlumat şəxsin elektron kabinetində yerləşdirilir və (və ya) mobil telefon nömrəsinə ismarıc göndərilir.