Tiflisdən Azərbaycan mədəniyyət ocaqları ilə bağlı - Qərar
Gürcüstan parlamentinin bugünkü plenar iclasında 2020-ci il üçün dövlət büdcəsi təsdiq olunub.
tv713.az reporta istinadən bildirir ki, maliyyə sənədində Tiflisdə fəaliyyət göstərən Azərbaycan mədəniyyət ocaqlarına ayrılacaq vəsaitin həcmi də göstərilib.
Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinə mərkəzi büdcədən ayrılacaq vəsait 47 min lari (28 min manata yaxın) həcmində müəyyən olunub.
Bu məbləğin 31 min larisi əməkhaqqılarının ödənilməsi, 16 min larisi isə əmtəə və xidmətlər üçün nəzərdə tutulub. Muzey il ərzində 2 min lari (1 165 man) həcmində qanunla icazə verilən gəlir də əldə edə biləcək.
Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrına isə 2020-ci ildə 145 min lari (85 min manata yaxın) dövlət vəsaiti yönəldiləcək ki, bunun da 131 min larisi əməkhaqqıları, 14 min larisi isə əmtəə və xidmətlər üçün sərf olunacaq. Teatr il ərzində 6 min lari (3 494 man) həcmində qanunvericiliklə icazə verilən gəlir əldə etmək imkanına da malik olacaq.
Parlamentdə büdcəni təqdim edən Gürcüstanın maliyyə naziri İvane Maçavariani gələn ilin yanvarından ölkədə teatr və muzey işçilərinin əməkhaqqılarının orta hesabla 100 lari (58 man) məbləğində artırılacağını bildirib. O qeyd edib ki, 2020-ci il büdcəsində teatr və muzeylərin maliyyələşdirilməsi 5,3 milyon lari həcmində artırılıb.
11-12-2019, 06:13
Вернуться назад