İstanbulda daşnakların öldürdüyü Behbud xan Cavanşirə abidə ucaldıldı
İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbud xan Cavanşirə abidə ucaldılıb.
"Report" xəbər verir ki, abidə Taksim səmtində Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə İstanbul şəhər valiliyi və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə dövlət xadiminin qətlə yetirildiyi ərazidə qoyulub.
Abidənin rəsmi açılış mərasimi dekabrın 18-də baş tutacaq.
Virtualaz.org xatırladır ki, 1921-ci il iyulun 17-də Behbud ağa həyat yoldaşı Tamara xanım, qardaşları Cümşüd və Surxayla birgə axşam saatlarında “Təpəbaşı” ailə restoranından çıxıb “Pere Palas” otelinə yönəldikləri zaman arxadan qaçaraq gələn, şapkasını gözünün üstünə basmış cılız, kəsik bığlı, əyri burunlu erməninin “Mauzer” markalı tapançadan açdığı atəş nəticəsində ağır yaralanır.
Qalatasaray mərkəzi polis idarəsinin əməkdaşları hadisə yerinə gəlir və Mişak Torlakyanı həbs edirlər. Lakin xəstəxanaya çatdırılan Behbud ağa dünyasını dəyişir. Rus inqilabı və hərc-mərclik illərində dəfələrlə sui-qəsdlərə məruz qalsa da, öz həyatını soyuqqanlıqla qorumağı bacaran Behbud ağanın ölüm ayağında son sözləri belə olur: “Mənim şəxsi düşmənim yoxdur, məni ancaq ermənilər vura bilər...”.
Beləcə, Behbud ağa Cavanşir də Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Həsən bəy Ağayev kimi erməni terrorunun qurbanı olur. O, Beşiktaşda “Yəhya Əfəndi Dərgahı” məzarlığında dəfn olunur. 1921-ci il iyulun 18-də Behbud ağanın dəfn mərasimi kütləvi nümayişə çevrilir.
Mişaq Torlakyan “Daşnaksütyun” partiyasının üzvü idi və Azərbaycanda 1918-ci ilin mart soyqırımında xüsusi fəallıq göstərmişdi. İstanbul ingilis işğalı altında olduğundan Torlakyan cinayət hadisəsindən 20 gün sonra ingilis hərbi tribunalında mühakimə edilir. Qısa vaxtda ermənilər qatilin müdafiəsinə səfərbər olunurlar. Behbud ağa Cavanşir tərəfdən isə şahidlər təəccüb və təəssüf doğuracaq qədər az idi - cəmi 6 nəfər. Lakin şahidlərin sayı arasındakı kəskin fərqə baxmayaraq, ittiham şahidləri bu cinayətin əsl mahiyyətinin açılmasına, erməni qatilinin ifşa edilməsinə nail olurlar. Behbud ağa Cavanşirin qatili Mişaq Torlakyanın məhkəməsi, təəssüf ki, erməni terrorçunun bəraət alması ilə nəticələnir.
tv713.az
17-12-2019, 07:20
Вернуться назад