DataLife Engine / "Zeynəb Xanlarova Fondu" necə yaradılıb? - Təsisçisi danışdı

"Zeynəb Xanlarova Fondu" necə yaradılıb? - Təsisçisi danışdı

"Zeynəb Xanlarova Fondu" necə yaradılıb? - Təsisçisi danışdı

Xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın ABŞ-da fond (Zeynab Khanlarova Foundation) təsis etməsilə bağlı qalmaqal davam edir. Qalmaqala səbəb olması "Landromat işi”ndə (çirkli pulların yuyulması sxemi) adı keçən "Metastar” şirkətinin fonda 10 min dollar köçürməsidir.

Fond 2012-ci ilin may ayında təsis edilib. Yayılan məlumatlarda deyilir ki, fond millət vəkilinin 2013-cü ildə Nyu York şəhərininin 5 bölgəsindən biri olan Bruklində, Sheepshead Bay Rd 1629 ünvanında tikdirdiyi 3 mərtəbəli binanın 3-cü qatında yerləşir. İkinci qat yerli hüquq firmalarından birinə icarəyə verilib. Binanın ən alt mərtəbəsində isə Avropa mətbəxi ilə tanınan "Esquiri" restoranı yerləşir. 232.2 kvadrat metrlik sahəsi olan restoran illik 120 min dollara icarəyə verilib.

Həmçinin bəlli olub ki, fondun təsisçilərindən biri tanınmış hüquqşünas Aslan İsmayılovdur.

XeberT.info bildirir ki, hüquqşünas Yenisabah.az-a açıqlamasında belə bir fondun mövcudluğunu təsdiqləyib və onun yaranma tarixi barədə danışıb:

"Səhv etmirəmsə, 2012-ci ildə Zeynəb Xanlarovanın Bruklində "Millenium” zalında konserti olub. Həmin konsertdən sonra onlarla insan Zeynəb Xanlarovaya yaxınlaşıb, ona sayqılarını ifadə ediblər. Zeynəb xanıma yaxınlaşanlardan biri də Bakı yəhudilərindən olan David Yusifov olub.

David Zeynəb xanımı çox sevdiklərini deyib, ondan tez-tez Nyu Yorkda konsert vermək xahiş edib. Zeynəb xanım bunun o qədər də asan olmadığını, maliyyə lazım olduğunu bildirəndə David Yusifov ona fond yaratmağı təklif edib. Bundan sonra Zeynəb xanım mənə zəng vurub soruşdu ki, fondu necə yaradırlar. Mən də ABŞ-da yaşayan vəkil dostum Rövşən Şərifovla danışdım və xahiş etdim ki, bu məsələdə Zeynəb xanıma kömək etsin. Bundan sonra həmin fond təsis edilib”, - deyə Aslan İsmayılov bildirib.

Hüquqşünas özünün fondun təsisçisi olmasına belə aydınlıq gətirib: "Fondu yaratmaq üçün 3 nəfər təsisçi lazım olub. Ona görə də təsisçilərdən biri David Yusifov, biri Rövşən Şərifov, biri də mən olmuşam. Mən dəfələrlə Nyu Yorka getmişəm və çox vaxt da biletimi Rövşən Şərifov alıb. Yəni, mənim sənədlərim onda var.

Tam səmimi deyirəm ki, adımın ora salınmasından bu barədə məlumat yayılandan sonra xəbər tutmuşam və dərhal dostumla əlaqə saxlayıb məsələyə aydınlıq gətirməyi xahiş etmişəm”.

Aslan İsmayılov fondun binası barədə iddiaların da əsassız olduğunu bildirib. "O binanın nə Zeynəb Xanlarovaya, nə də mənə aidiyyatı var. Həmin bina dostumundur. Nyu Yorkdakı "Bakı” restoranının yaxınlığında yerləşir. Dostum 2009-da o binanı alıb. Köhnə bina idi. Sonradan yenidənqurma işləri aparılıb. Həmin binanın mərtəbələri icarəyə verilib. Sadəcə fonda hüquqi ünvan lazım olduğuna görə sənədlərdə həmin binanın yerləşdiyi ünvan qeyd edilib”, - deyə hüquqşünas vurğulayıb.

Aslan İsmayılov həmçinin qeyd edib ki, fondun qayəsi Azərbaycanda kimsəsiz, ehtiyacı olanlara, eyni zamanda Azərbaycan mədəniyyətini, dilini təbliğ edən təşkilatlara yardım etmək olub:

"Fondun nizamnaməsi yayılıb. Gedin, oxuyun. Əgər dediklərim yalandırsa, o zaman mən ən böyük böhtançıyam. Nizamnaməni yayanlar da bilir ki, burada söhbət ABŞ-dakı ehtiyacı olanlardan getmir. Sadəcə qəsdən belə deyirlər. Məqsəd isə Zeynəb xanımı və məni ləkələməkdir”.

Hüquqşünas əlavə edib ki, hazırda fondun statusu aktiv olsa da, faktiki olaraq fəaliyyət göstərmir: "Bunun da səbəbi həmin o 10 min dollardır. İddia edirlər ki, həmin məbləği "Landromat” şirkəti köçürüb. Qəsdən belə yazırlar. Əslində isə "Landromat" adlı şirkət yoxdur. Bu, çirkli pulların yuyulması mexanizmidir. Fonda pul köçürən isə "Metastar” şirkətidir. Həmin şirkət barədə David Yusifov məlumatlıdır.

Qeyd edim ki, bu şirkət fonda pul köçürəndən sonra Rövşən Şərifov Zeynəb xanımla əlaqə saxlayıb və şirkət barədə maraqlanıb. Zeynəb xanım şirkətin ona aidiyyatı olmadığını deyib və əlavə edib ki, ümumiyyətlə, bu "Metastar” barədə hər hansı məlumatı yoxdur. Bundan sonra həmin pul geri qaytarılıb.

Bu gün məqsədli şəkildə mənim adımı bu məsələdə hallandırılar. Amma başa düşmürlər ki, əgər mən ölkənin yüksək vəzifəli məmurlarını kəskin tənqid edirəmsə, deməli, öz dürüstlüyümdən əminəm. Çirkli pulların yuyulması, yaxud başqa qara işlərlə məşğul olsaydım, çoxdan məni həbs etmişdilər”.
19-12-2019, 08:02
Вернуться назад