DataLife Engine / Metro istifadəçilərinə şad xəbər: yeni stansiya açılır, əlavə qatarlar gətirilir...

Metro istifadəçilərinə şad xəbər: yeni stansiya açılır, əlavə qatarlar gətirilir...

Metro istifadəçilərinə şad xəbər: yeni stansiya açılır, əlavə qatarlar gətirilir...



Gələn il Bakı Metropolitenində bir sıra yeniliklər nəzərdə tutulub.

Bu barədə qaynarinfo-ya qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlama verib. O, gələn il yeni qatarların alınacağını bildirib:

"Yeni qatarların alınması ilə bağlı müqavilələr imzalanıb. Bu dəfə əvvəlkilərdən fərqli olaraq uzunmüddətli - 3 illik müqavilə bağlanıb. 3 il ərzində 60 vaqon istismardan çıxarılacaq və yerinə 60 müasir tipli vaqon alınacaq. Bu da hər il üçün 20 vaqon alınması deməkdir. Belə ki, artıq 2020-ci ildə 20 vaqonun alınması realdır. Artıq istehsal prosesi də başlayıb".

B3 stansiyasının açılışının da nəzərdə tutulduğunu deyən qurum rəsmisi paralel olaraq Xocahəsən deposunun da istifadəyə veriləcəyini əlavə edib:

"Texniki və geoloji problemlər olmasa, B3 stansiyasının açılışı nəzərdə tutulur. Bununla bağlı mütəmadi informasiyalar veririk. B3 metro xüsusiyyətlərinə görə, özünəməxsusluğu olan stansiyasıdır. "Avtovağzal” stansiyası ilə "Memar Əcəmi” arasında bizdə məkiş hərəkətdir, yəni qatar o baş-bu başa hərəkət edir. Amma üçüncü stansiyada artıq qatar bir yoldan digərinə keçəcək. Yəni, stansiyanın arxasında dönmə kamerası olacaq. Bu o deməkdir ki, hərəkətin intensivliyi üçün fərqli qrafik tətbiq olunacaq. Deməli, orda qatarların sayı da artırılacaq. Bununla bağlı da gələn il yeni qatarların alınması məsələsi müzakirə olunacaq. Qatarların sayı artsa, avtomatik olaraq onların baxımı, texniki xidməti üçün depo da lazımdır. Xocahəsən deposunun inşası 3 mərhələdə nəzərdə tutulub. Onun da inşası məhz B3 stansiyası ilə eyni vaxtda başa çatdırılmalıdır. Burda da işlər davam etdirilir. Tunelin birinin inşası artıq başa çatdırılıb, yol infrastrukturu qurulur. Digər tuneldə isə qazma işlərinin yekunlaşdırılması üçün az bir məsafə qalıb".

Mətbuatda uçma təhlükəsiz olduğu ilə bağlı xəbərlər yayılan Həzi Aslanov stansiyasında da təmir işlərinə başlanmasının planlaşdırıldığını deyən Bəxtiyar Məmmədov texniki cəhətdən də bir sıra yeniliklərin olacağını qeyd edib:

"Eyni zamanda "Cəfər Cabbarlı” stansiyasının bildiyiniz kimi, bir yolunda təmir işləri gedir. Həmin işlər də başa çatdırılacaq. Böyük müzakirələrə çevrilən "Həzi Aslanov” stansiyasında da təmirlə bağlı tədbirlər planının başlaması mümkündür. Həmçinin ventilyasi sistemləri ilə də bağlı gələn il müntəzəm yeniliklərimiz olacaq. 16 yeni ventilyasiya alınacaq. Bunlardan 10-u mövcud xətlərimizdə quraşdırılacaq. Yeni ventilyatorlar əvvəlkilərdən 2-3 dəfə güclü, müasir, həm idarəetmə, həm təhlükəsizlik baxımından, həm də vurduğu hava baxımından yeni nəsil texnologiyadır. Bu tip yeniliklərimiz çox olacaq. Bundan başqa həm qatarların idarəetmə sistemləri, həm infrastrukturu ilə bağlı yeniliklərimiz olacaq. Məsələn, biz 2019-cu ildə "Nərimanov” elektrik deposundan metropolitendə qatarların hərəkətinin təşkili, tənzimlənməsi və idarəolunması sistemlərinin quraşdırılmasına başlamışdıq. Elektrik deposunda mikroprosessor sistemi bazasında ox sayğacı deyilən sistem quraşdırılır. Bu, gələcəkdə qatarların avtomatik idarə olunması üçün lazımdır. Gələn il bu prosesin də başa çatdırılması planlar arasındadır. Eyni zamanda dünya metropolitenləri içərisində nümunə olacaq mərkəzləşmə məntəqəsində də işlər aparılır. Çox unikal layihədir. Təxminən aeroportun dispetçer məntəqəsinə bənzəyir. Hazırda avadanlıqların quraşdırılması istiqamətində işlər gedir. 2020-ci il ərzində bu da başa çatdırılacaq".

tv713.az
26-12-2019, 21:26
Вернуться назад