DataLife Engine / Prezident Davosda: Qarabağla bağlı müzakirə... - Şərh

Prezident Davosda: Qarabağla bağlı müzakirə... - Şərh

Prezident Davosda: Qarabağla bağlı müzakirə... - Şərh

Prezident İlham Əliyev digər beynəlxalq tədbirlərdə olduğu kimi, İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadiyyat Forumunda da Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğal olunması məsələsini çatdırmağa çalışır.

Bu sözləri politoloq Elxan Şahinoğlu Davos forumu və Azərbaycan Prezidenti İlham Əliyevin bu forumda iştirakı barədə Axar.az-a danışarkən deyib. Onun sözlərinə görə, artıq Davos İqtisadi Forumunda Azərbaycan prezidentinin görüşləri başlayıb:

“Ölkə başçısı bu Foruma çox əhəmiyyət verir. Çünki Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini istəyən prezidentimiz Davos forumunun imkanlarından maksimum istifadə etməyə çalışır. Bu baxımdan ölkə başçısı hər il çalışır ki, Davosdakı Ümumdünya İqtisadiyyat Forumunda iştirak etsin. Forum çərçivəsində Prezident İlham Əliyev bir çox biznesmenlərlə, ölkə başçılarıyla görüşərək, həm iqtisadi, həm də Dağlıq Qarabağ və ətraf rayonların işğalını müzakirə edir”.

Politoloq bildirib ki, Davos forumundan öncə ABŞ-la Çin arasında əldə edilən ticarət razılaşması builki forumun əsas müzakirə mövzularından olacaq:

“Çünki Çin ilə ABŞ arasında gedən ticarət müharibəsi Avropa ölkələrinə də öz mənfi təsirini göstərir. Bu baxımdan sözügedən sazişin imzalanması müsbət haldır. Ehtimal ki, bu mövzu ətrafında müzakirələr gedəcək. Davos forumu iqtisadi forum olsa da, burada siyasi mövzular da müzakirə olunur. Çünki bu forum dünya liderlərinin bir araya gəldiyi geniş bir platformadır. Aydındır ki, bu il də siyasi mövzular müzakirə ediləcək. Xüsusən ABŞ-İran qarşıdurmasının builki Davos forumunda öz əksini tapacağı gözlənilir”.

Qeyd edək ki, İsveçrənin Davos şəhərində Ümumdünya İqtisadiyyat Forumu 24 yanvara qədər davam edəcək. Foruma 117 ölkədən 3 min nümayəndə qatılacaq. Qonaqlardan 53-ü dövlət və hökumət başçısıdır. Azərbaycan Prezidenti İlham Əliyev forumun işində iştirak etmək üçün hazırda Davosda səfərdədir. Prezidentimiz artıq bir sıra mühüm görüşlər keçirib.
21-01-2020, 17:12
Вернуться назад