DataLife Engine / Köhnə deputatları yeni heyətə aparan ÇƏTİN YOLLAR - GƏLİŞMƏ

Köhnə deputatları yeni heyətə aparan ÇƏTİN YOLLAR - GƏLİŞMƏ

Köhnə deputatları yeni heyətə aparan ÇƏTİN YOLLAR - GƏLİŞMƏ

Milli Məclisin özünü buraxması və son parlament üzvlərinin həm xalq, həm siyasi rəhbərlik tərəfindən narazılıqla qarşılanması artıq təbliğat kampaniyasında da özünü göstərir.

80 saylı İmişli-Beyləqan seçki dairəsindən yenidən deputatlığa namizəd olan Çingiz Qənizadənin keçirdiyi görüşdə seçicilər tərəfindən az qala daş-qalaq olunması buna bir sübut idi.
Anaxeber.info yazır ki, seçicilərin Ç.Qənizadəyə münasibəti bir daha Milli Məclisin buraxılmasının məntiqli olduğunu təsdiqlədi.
Bu, keçmiş deputatların xalqın gözündən düşdüyünü, onları təzədən parlamentdə görmək istəmədiklərini əyani şəkildə nümayiş etdirdi.
Ç.Qənizadə son dövrlərdə gündəmə də xoşagəlməz qalmaqallarla gəlirdi. Onun gah qardaşının borc məsələsi, gah Rusiyadakı qətldə adının hallanması, bu yaxınlarda icra başçısı olmağa hazırlaşdığı iddiaları, ardınca seçicilərin onunla görüşdə açıq şəkildə etirazını bildirməsi reputasiyasına ciddi zərbə vurub.
İmişli və Beyləqan seçiciləri onları Milli Məclisdə Ç.Qənizadənin təmsil etməsini istəmədiklərini ortaya qoydular.
Bu dairədən ona əsas rəqib isə son çıxışı ilə hamını özünə güldürən keçmiş deputat Xanhüseyn Kazımlının qızıdır. Bu dairədə Çingiz Qənizadə ilə Əsli Kazımova rəqabət aparacaqlar. Seçicilərlə görüşdə Qənizadədən narazılıq ifadə edilməsi isə Ə.Kazımovaya ciddi divident qazandırdı.
Lakin Ç.Qənizadə tək deyil, bir çox yenidən namizəd olan eks-deputatlar var ki, ya seçicilərlə təbliğat dövründə görüşmürlər, ya da əhali onları MM-də görmək istəmir.
Bu siyahıda adlar çoxdur. Məsələn, 72 saylı Yardımlı-Masallı seçki dairəsindən Musa Qasımlının təzədən deputat olmaq istəməsi camaatı bezdirib. M.Qasımlı seçkidən-seçkiyə özünü reklam edir, sonra seçicilərlə nə görüş keçirir, nə parlamentdə aktiv fəaliyyəti olur.
73 saylı Lənkəran şəhər seçki dairəsindən biznesmen deputat Rüfət Quliyevin namizədliyini irəli sürməsi yerli adamlar tərəfindən etirazla qarşılanıb. R.Quliyev Lənkəran şəhərində yaşayan seçicilərin nə dadına çatıb, nə problemlərinə kömək edib.
O, biznesi ilə ad çıxarıb. Onun əsas rəqibi müsavatçı Yadigar Sadıqlı olsa da, milyonçu iş adamının deputat təyin olunacağı ehtimal edilir. O, seçiciləri ilə kosmetik görüşlər də keçirmir.
Oxşar vəziyyət 78 saylı Lerik seçki dairəsində yaşanır. Biznesmen, vergi işçilərini döydürən “Relax” istirahət mərkəzinin sahibi İqbal Məmmədov təzədən deputatlığa hazırlaşır.
İ.Məmmədovun keçirdiyi görüşlərdə 5-6 adam görmək olur ki, bu da lerikli seçicilərdən dəstək almadığını sübut edir.
Çünki adını çəkdiyimiz bu namizədlər məhz islahatların kursuna uyğun gəlmədiyinə, ictimai nəzarətin təmin edilməsində aktivlik göstərmədiyi, seçici ilə işləmədiyi üçün Milli Məclis buraxıldı. Amma özlərini buraxan bu deputatlar yenə mandat sahibi olmaq istəyirlər.
125 saylı Qubadlı-Zəngilan dairəsindən biznesmen İmamverdi İsmayılovun yenidən deputatlıq eşqinə düşməsi fəlakətdir.
Axı İ.İsmayılov Milli Məclisin buraxılmasına səs verib, parlamentdəki fəaliyyəti sıfırdır, heç bir qanun layihəsi təqdim etməyib, 5 ildə ağzını açıb hansısa təşəbbüslə çıxış etməyib, aktual məsələlərə fikir bildirməyib, seçiciləri ilə görüşməyib, indi də görüşmür, arxayın şəkildə 9 fevralı gözləyir ki, həmin gün axşam adı sandıqdan “çıxarılsın”.
Halbuki, prezident belə deputatları nəzərdə tutaraq Milli Məclisin buraxılmasının və növbədənkənar seçkiyə gedilməsinin səbəbini açıqlamışdı.
Eyni sözləri 115 saylı Şəki kənd ikinci seçki dairəsindən milyonçu, “Avromed” rəhbəri Cavanşir Feyziyev haqda söyləmək olar. C.Feyziyevin üzünü seçicilər nə bundan əvvəl görürdü, nə də indi təbliğat-təşviqat kampaniyası dövründə ona dərd-sərini danışa biliblər. Öz puluna güvənən oliqarx Feyziyevin də növbəti dəfə parlamentə buraxılacağı şəkk-şübhə doğurmur.
112 saylı Qax seçki dairəsindən yenə də mebel biznesi ilə tanınan Azər Kərimli deputatlığa hazırlaşır. O da seçicilərini saymır, təbliğat aparmır və əmindir ki, ona “yaşıl işıq” yandırılacaq.
Bu mənzərə göstərir ki, Milli Məclisin buraxılmasına baxmayaraq, yeni parlament fərqli tərkibdən ibarət olmayacaq. Dairələr üzrə namizədlərə diqqət yetirəndə görünür ki, YAP-dan kifayət qədər eyni namizəd, o cümlədən iqtidaryönlü bitərəflər, biznesmenlər mandata yiyələnəcəklər.
Hakimiyyəti bərbad şəkildə müdafiə edən Elşən Musayev yenə 110 saylı Zaqatala seçki dairəsindən, heç bir fəaliyyəti olmayan Ülviyyə Ağayeva 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən, biznesdən başqa bir işi olmayan Ağalar Vəliyev 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən, həmçinin Rəsulzadəni təhqir etmiş, Elmar Vəliyevçi Naqif Həmzəyev Gəncə kimi ziyalı şəhərdə 38 saylı Nizami ikinci seçki dairəsindən namizədlikləri dəstəklənirsə, o zaman Milli Məclisin buraxılması və islahatlarla ayaqlaşan parlament formalaşdırılması niyyəti ilə uyğun gəlmir.
YAP-ın 75 yeni namizədlə seçkiyə qatılması da rəqəmlərdən ibarətdir. Çünki namizəd irəli sürmədiyi dairələrdə dəstəklədiyi iqtidaryönlü deputatların fəaliyyəti əvəlki parlamentdə bərbad olub, irəli sürdüyü dairələrin bir çoxunda isə tanınmayan həmin YAP-çıları “stavka” edilən bitərəf, biznesmen namizədlərə qurban vermək üçün irəli sürüblər...
Gundemxeber.Az
22-01-2020, 15:55
Вернуться назад