DataLife Engine / "Putin gələcəkdə senator və ya Federasiya Şurasının sədri ola bilər"

"Putin gələcəkdə senator və ya Federasiya Şurasının sədri ola bilər"

"Putin gələcəkdə senator və ya Federasiya Şurasının sədri ola bilər"

Teleqraf.com Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli ilə müsahibəni təqdim edir.

- Qulamhüseym müəllim, Rusiyada Prezident Vladimir Putin bir neçə gün əvvəl konstitusiya islahatlarına gedilməsi təşəbbüsü ilə çıxış etdi. Konstitusiya və siyasi sistemin əsaslarını tədqiq edən mütəxəssis olaraq şimal qonşumuzda qəfil referendum təşəbbüsünü necə şərh edərdiniz?

- Mən ilkin olaraq konstitusiya islahatları adlanan layihəyə baxmışam. Bu dəyişiklik parlamentin səlahiyyətlərinin genişləndirilməsi kimi yozulur, əslində isə prezident institutunun möhkəmlndirilməsinə xidmət edir. Layihədə müəyyən məqamlar var ki, onlar prezident hakimiyyətini daha da gücləndirəcək.

Qanuna əsasən Putin 2024-cü ildə yenidən namizədliyini irəli sürmək hüququna malik deyil. Fikrimcə, Putin öz sələfi üçün uğurlu hakimiyyət hazırlamaq istəyir. Daha çox səlahiyyətlərə malik olacaq prezident postu.

Digər tərəfdən, Rusiya nəhəng dövlətdir, bu ölkənin əvvəlki hökuməti, görünür, prezidentin qarşısına qoyduğu məqsədə tam xidmət etməyib. Və yaxud yeni çağırışlara cavab verə bilmir. Bu baxımdan hesab edirəm ki, prezident hakimiyyətinin güclü olduğu respublikalarda hökumətin vaxtaşırı dəyişdirilməsinə normal yanaşmaq lazımdır. Sadəcə, qanuni yolla hakimiyyəti əlində cəmləşdirən prezident daim öz hakimiyyətini daha əlverişli struktur və üsullarla həyata keçirməyə çalışır. Bu baxımdan Rusiyada müşahidə edilən bu yeni proseslərə təbii yanaşmağın tərəfdarıyam.

- Əgər Putin 2024-cü ildə hakimiyyətdən gedəcəksə, o zaman prezident institutunu niyə daha da gücləndirmək istəsin?

- Hesab edirəm ki, prezident Putin səlahiyyətlərini başa vurduqdan sonra, hansısa yolla hakimiyyət üzərində nəzarətini həyata keçirməyə çalışacaq. Əlbəttə, bunu iddia etmək üçün əldə fakt yoxdur. Ancaq güman etmək olar ki, Putin bundan sonra seçkilərdə iştirk etməsə də, çalışacaq ki, hakimiyyət üzərində təsirini saxlasın.

Ola bilsin ki, Putin artıq öz varisi haqqında fikirləşir və hazırda onun hüquqi yollarını təmizləyir. O, gələcək iqtidarda bilavasitə təmsil olunmasa da, hakimiyyətə təsir etmək üçün imkanlar hazırlayır.

- İndi təklif edilən dəyişikliklərin bazasında hansısa qurum yaradıla və 2024-cü ildən sonra Putin bu qurum vasitəsilə hakimiyyəti idarə etməkdə davam edə bilərmi?

- Hələlik dəyişikliklərdə belə məqam hiss olunmur. Həm də düşünmürəm ki, rəsmi yolla Putin 2024-cü ildən sonra Rusiya siyasətində qalmaq istəsin. Əksinə, böyük ehtimalla bu olmayacaq. Ola bilsin ki, 2024-cü ildən sonra Prezident Putin senator olsun. Çünki dəyişikliyə görə, Federasiya Şurasının bir hissəsi prezident tərəfindən təyin ediləcək. Bəzi dövlətlərdə belə təcrübə var. Vəzifədən gedəndən sonra prezidentin hansısa palatada təmsilçiliyi baş verir. Güman ki, gələcəkdə Putinlə bağlı bu amil nəzərə alınsın. Yəni Putin gələcəkdə senator və ya Federasiya Şurasının sədri ola bilər. Bunu ehtmal etmək mümkündür.

Nəzərə alın ki, qaydaya əsasən, əksər nazirləri baş nazir təklif edir, amma hüquq mühafizə orqanlarını prezident təyin edir və bu Federasiya Şurası ilə də razılaşdırılır. Zahirən hökumətin səlahiyyətləri genişlənir, amma təsiredici güc nazirlikləri yenə də prezidentin nəzarətində qalır.

- Nə üçün düşünürsünüz ki, Vladimir Putinin Rusiya hakimiyyəti üzərində təsiri uzun illər qalacaq...

- Məncə, Putin hələ uzun müddət hakimiyyəti təsiri altda saxlamaq niyyətindədir. Ancaq bunu gələcək göstərəcək. İndidən dəqiq nəsə demək doğru olmazdı. Qarşıda 4 il var. Putin 2024-cü ildə qədər prezidentlik səlahiyyətlərini icra edəcək. Bu böyük zamandır. Bu müddətdə Rusiyada daxili siyasi vəziyyət dəyişə bilər, beynəlxalq proseslər fərqli yön ala bilər, və s. Yəni onlarla detal var ki, bu məsələyə təsir etsin. İndi proseslər o istiqamətdə gedir ki, Putinin hakimiyətə təsir imkanları saxlansın. Amma 4 ildən sonra nəyin baş verəcəyini deyə bilmərəm.

- Tarixən ruslar dəmir əl, güclü şəxsiyyətə meyl edən toplum olub. Bu mənada Rusiyada cənab Putindən sonra ondan da güclü əl ortaya çıxa bilərmi?

- Rusiyada tanımadığımız minlərlə siyasətçi var. Putinin özünün hakimiyyətə gəlişini xatırlayaq. Onu çox adam tanımır, heç dövlət başçısı kimi də görmürdü. Ancaq Boris Yelsin Putinin simasında güclü və bacarıqlı dəmir əl gördü və onun hakimiyyətə gətirilməsi proseduruna başlandı. Putin bir sıra strukturlarda işlədikdən sonra baş nazir vəzifəsinə gətirildi, sonra Yelsin istefaya getdi və prezidentliyə gedən yol Putin üçün açıldı.

Mümkündür ki, Putin şəxsən varisini müəyyən edib. Onun kimliyini ictimaiyyət bilmir. Zaman yaxınlaşdıqca bu varisin kimliyi ortaya çıxacaq. Hazırda əsasən hüquqi məsələləri həll etmək yolu seçilib. Ola bilsin ki, varis qəfildən ortaya çıxarılacaq.
24-01-2020, 18:37
Вернуться назад