"Sovetski"də yenidən söküntü başlandı - Narazı da var, razılaşan da...
Artıq neçə illərdir Bakı sakinlərinin baş ağrısına çevrilən “Sovetski” problemi yenidən baş qaldırıb. Artıq böyük bir ərazi sökülərək, yerində abadlıq işləri aparılsa da, verilən kompensasiya ilə razılaşmayaraq evini tərk etməyən ailələr də var.
Son günlər isə ərazidə evlərin söküntüsünə yenidən start verilib. Artıq ərazidə yaşayan və evini tərk etməyən 24 ailədən biri evdən çıxmağa razılıq verib. Bu barədə Sputnik Azərbaycan-a Səid Rüstəmov küçəsində yaşayan sakin Nailə Paşayeva bildirib. Amma N. Paşayeva hələlik yaşadığı mənzili tərk etməyib. Onun sözlərinə görə, kompensasiya üçün nəzərdə tutulan məbləğ hələ onun hesabına köçmədiyinə görə evini tərk etmir.
N.Paşayeva deyir ki, məbləğin köçməməsi ilə yanaşı, evindən təcili çaxmasını tələb etmələrindən də narazıdır: "Mən evimdən çıxmağa razılaşmışam. Amma iki gün içində yox! Ən azı iki ay vaxt versinlər ki, ev ala bilim".
Ərazidə yaşayan digər sakinlər isə mülkiyyətlərindəki evin hər kvadrat metrinə görə ödənilən 1500 manat kompensasiya ilə razı deyillər. Sakinlər deyirlər ki, yaşadıqları ərazi Bakının 3-cü zonası hesab edilir. Burada isə təmirsiz evlərin bir kvadrat metrinin qiyməti 3800 manatdır.
Səid Rüstəmov küçəsi 40 ünvanında 40 ildir ki, yaşayan Rəşad Məmmədov 102 kvadrat metr sahənin qiymətləndirildiyini söyləyir. Onun sözlərinə görə, kompensasiya məbləği də elə 102 min manat hesablanıb: "Mənim ilk narazılığım qiymətləndirmənin düzgün aparılmamasındandır. Hesablama zamanı faktiki sahəni düzgün çıxarda bilmirlər. Bundan əlavə, söküntü işlərini aparan Yasamal Rayon İcra Hakimiyyətinin əlində ərazinin dövlət ehtiyacı üçün alındığını təsdiqləyən heç bir sənəd yoxdur. Bu günlərdə mən öyrənmişəm ki, evimin yerində restoran tikiləcək".
Rəşad Məmmədov deyir ki, kompensasiya məbləği də real bazar qiymətlərinə uyğun deyil: "Üstəlik söküntü aparılan ərazidə 10 ildən çox yaşayan sakinlərə əlavə kompensasiya hesablanmalıdır. Bura Suriyanın bomba düşmüş ərazisinə oxşayır. İki ildir ki, biz söküntü aparılan ərazidə yaşayırıq. Buna görə isə qanunla əlavə kompensasiya hesablanmalıdır".
Sakinlərlə söhbət zamanı öyrəndik ki, kompensasiyaya razı olmayan sakinlərə ev təklif olunub. Amma sakinlər bu təkliflə də razılaşmayıb. R.Məmmədov deyir ki, razı düşməməklərinin səbəbi isə evlərin şəhərin mərkəzindən çox kənarda yerləşməsidir: "Bizə sosial evləri təklif edirlər. Hansı ki, o evlərin tikildiyi ərazidə torpağın 1 kvadrat metrinin qiyməti bizim ərazidəki torpaq sahəsinin qiymətindən dəfələrlə ucuzdur. Biz şəhərin mərkəzində yaşayırıq, burada doğulub boya-başa çatmışıq. Burada torpağın sahəsi 4-5 min manatdır. Elə kompensasiya ödəməlidirlər ki, biz "Sovetski" ərazisinə yaxın özümüzə ev ala bilək".
Səid Rüstəmov küçəsi, dalan 3, ev 20 ünvanında yaşayan Səbinə Nadirzadə da 330 kvadrat mənzilinə və iki sot torpağına görə hesablanan kompensasiya məbləğinə razı olmadığını deyir. Həmsöhbətimizin iddiasına görə, "Sovetski" ərazisindəki sökülməli olan evlərə görə depozit iki ildir banka qoyulub: "Amma o pulun faizini sakinlərə verib bizi çıxartmaq istəyirlər. Torpaqların Dövlət Ehtiyatları üçün alınması haqqında qanunun 20.3, 56.2, 56.3, 56.4 və 58-ci maddələrinə əsasən ərazinin bazar qiyməti və mövcud inflyasiya nəzərə alınmadan evlərimizi sökürlər. Halbuki, 24 ailənin evlərinin sənədləri Apellyasiya Məhkəməsində və Ali Məhkəmədədir. Məhkəmənin qərarı olmadan mülkiyyət hüquqlarımıza Yasamal RİH tərəfindən müdaxilə edilir və sökülməklə hədələnilir. Halbuki mənim 330 kvadratmetr evimin və 2,3 sot torpağımın çıxarışı (kupçası) var".
Qeyd edək ki, bir neçə gün öncə "Sovetski" də söküntü aparılan əraziyə işıq, su və qazın verilişi dayandırılsa da, sakinlərin narazılığından sonra yenidən bərpa olunub.
Yasamal Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Ramin İsrafilov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Sovetski" ərazisində köçürülən sakinlərin iddiaları əsassızdır. R.İsrəfilov bildirib ki, sözügedən ərazidə torpaq dövlət ehtiyacı üçün alınır. Həmin ərazidə evlər real bazar qiymətlərinə uyğun hesablanıb və hər kvadrat metrə 1500 manat müəyyən edilib: "Artıq 12 ailə bu kompensasiya məbləği ilə razılaşıb, iki ailə bu gün hesablarına köçürülən pulu alıblar".
R.İsrafilov ərazidə obyektlərin inşası ilə bağlı iddiaların da əsassız olduğunu söyləyib: "Həmin ərazi dövlət ehtiyacları üçün alınır, park və yol salınacaq. Orada hansısa obyektin, binanın tikiləcəyi barədə məlumatlar şayiədir".
Hüquq şöbəsinin müdiri ərazidə evlərə zona üzrə kompensasiyanın verilməsi barədə tələbin qanuna uyğun olduğunu deyir: "Vətəndaşlar qanunu düzgün başa düşməyiblər. Qanunda qeyd edilib ki, söküntü aparıldıqda 300 metr məsafədəki evlərin bazar qiyməti hesablanır. Amma bu o demək deyil ki, 300 metr məsafədə villanın, yaxud da yeni tikilinin qiyməti ilə sökülən köhnə evlərin bazar qiyməti birdir".
24-01-2020, 18:40
Вернуться назад