DataLife Engine / Bakıda bu yolun “yiyəsi” çıxmır: Qurumlar imtina edir - RƏSMİ AÇIQLAMA

Bakıda bu yolun “yiyəsi” çıxmır: Qurumlar imtina edir - RƏSMİ AÇIQLAMA

Bakıda bu yolun “yiyəsi” çıxmır: Qurumlar imtina edir - RƏSMİ AÇIQLAMABinəqədi Rayon İcra Hakimiyyəti Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsində yolların bərbad vəziyyətdə olması ilə bağlı məsələyə aydınlıq gətirib.

İH-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, rayon ərazisində asfalt örtüyünün çəkilməsi Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən deyil, aidiyyəti üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən müəyyən edilmiş tədbirlər proqramına uyğun olaraq mərhələli şəkildə aparılır:

“Biləcəri qəsəbəsi Məmməd Səid Ordubadi küçəsi tədbirlər planına salınıb və həmin ərazidə yol örtüyünün salınması işlərinin həyata keçirilməsi agentlik tərəfindən planlaşdırılır. Məlumat üçün AAYDA-ya müraciət etməyiniz xahiş edilir”.

AAYDA-nın Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli isə saytımıza açıqlamasında bildirib ki, qəsəbədaxili yollar agentliyin balansında deyil:

“İndiyə kimi o yolların bu cür vəziyyətdə olmasına görə cavabdeh yerli İcra Hakimiyyəti və bələdiyyələrdir. Çünki qəsəbə daxilində, yeni yaşayış sahələrində infrastrukturların yaradılmasına birbaşa onlar cavabdehdir. Yolların təmir olunmamasına görə, onlar cavab verməlidirlər ki, niyə təmir olunmayıb? Niyə bu vəziyyətdədir?

Prezident İlham Əliyev ötən il Şəfayət Mehdiyev küçəsinin yenidənqurmadan sonra açılışında bizim qurumun qarşısında tapşırıq qoydu ki, qəsəbələrarası yollarla yanaşı, qəsəbədaxili yollar da təmir olunsun. Bu tapşırığın icrası ilə əlaqədar olaraq, bizim balansımızda olmadığı üçün əməkdaşlarımız tərəfindən qəsəbələr üzrə araşdırma aparıldı.

Bakının 60 qəsəbə üzrə araşdırma zamanı 2300 yolun təmirə ehtiyac olduğu müəyyənləşdi və tədbirlər planı hazırlandı. Ona uyğun olaraq ötən il işlərə start verildi. 2019-cu ildə təkcə Binəqədi rayonu üzrə 26,8 kilometr uzunluğunda olan 32-yə yaxın küçə və yola asfalt beton örtüyü çəkildi”.

A.Nəcəfli qeyd edib ki, ötən ilin dekabrında İlham Əliyevin Binəqədi rayonu avtomobil yollarının əsaslı təmir işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlə bağlı imzaladığı sərəncama görə, rayonun Binəqədi, Rəsulzadə, Biləcəri, Xocahəsən, 28 May qəsəbələri ərazisində yolların əsaslı təmiri məqsədi ilə 8,7 milyon manat pul ayrılıb:

“Sözügedən sərəncam çərçivəsində agentlik tərəfindən hazırda qeyd edilən qəsəbələr üzrə ümumi uzunluğu 30 kilometr olan daxili küçə yollarında əsaslı təmir işləri həyata keçirilir. Bu işlər yekunlaşdıqdan sonra digər yerlərdə də təmir işləri aparılacaq.

Planlaşdırırıq ki, 2023-cü ilə kimi Bakının 60 qəsəbəsi üzrə araşdırma zamanı 20300 yolun təmir işləri aparılsın. Sadəcə, səbr etmək lazımdır. İndiyə kimi o yolların bu vəziyyətdə olmasına biz cavabdeh deyilik. Bundan sonra biz o yolları təmir etməliyik, çünki qarşımızda tapşırıq qoyulub. Həmin yol da təmir ediləcək”.


27-01-2020, 16:03
Вернуться назад