DataLife Engine / Bakının islahatları Ermənistanı sülhə vadar edəcək - ABŞ-dan mühüm gözlənti

Bakının islahatları Ermənistanı sülhə vadar edəcək - ABŞ-dan mühüm gözlənti

Bakının islahatları Ermənistanı sülhə vadar edəcək - ABŞ-dan mühüm gözlənti


Sirr deyil ki, 2019-cu il Azərbaycanın xarici və daxili siyasəti üçün xeyli dinamik oldu. Prezident İlham Əliyev bir neçə il öncə başladığı struktur və kadr islahatlarını ötən il daha da dərinləşdirdi və sürətləndirdi. Yerli və beynəlxalq müşahidəçiləri ölkə başçısı az qala, hər ay öz yeni kadr təyinatları və sərəncamları ilə yaxşı mənada təəccübləndirdi. Parlamentin buraxılması və erkən seçkilərin keçirilməsi isə bu yöndə ilin son akkordu oldu. Təsadüfi deyil ki, Azərbaycandakı bu mühüm siyasi-iqtisadi və kadr gəlişmələri Qərb analitiklərinin də diqqətini cəlb elədi.

“Azərbaycan prezidentinin 2019-cu ildə atdığı addımlar dövlət idarəçiliyinin gənc nəslə keçidini, demək olar, tamamlayıb. Ölkə iqtisadiyyatı bir sıra beynəlxalq təşkilatların göstəricilərinə uyğun surətdə yaxşılaşıb”.

“Yeni Müsavat”ın “Vestnik Kavkaza” portalına istinadən verdiyi məlumata görə, bu barədə mənzil qərargahı ABŞ-da yerləşən qeyri-hökumət təşkilatı - Ceymstaun Fondunun (Jamestown Foundation) əməkdaşlarının hazırladığı məqalədə bildirilir.

Məqalədə daha sonra deyilir: “Qonşu regionlarda narazı kütlələrin etirazları hesabına baş verən siyasi dinamizm çox vaxt qarışıqlıqlara gətirir. Azərbaycanda isə prezident islahatları yuxarıdan aşağı aparır və idarəçiliyin gənc məmurlar nəslinə hamar və fasiləsiz keçidini həyata keçirir. Prezidentin islahat proqramına uyğun olaraq, dekabrın 2-də parlament buraxılıb. Parlament bəyan edib ki, özünü buraxmanın əsas məqsədi qanunvericiliyin səmərəliliyini artırmaq və daha dərin strateji islahatlara adaptasiya ilə bağlıdır. Öz növbəsində dövlət başçısı 9 fevral 2020-ci ildə növbədənkənar seçkilərin keçirilməsi haqda fərman imzalayıb. Artıq müxalifət partiyaları, o cümlədən Müsavat və REAL seçkilərdə iştirak üçün öz namizədlərini irəli sürüblər”.

Məqalə müəlliflərinə görə, 1993-cü ildən etibarən həm Azərbaycan rəhbərliyi, həm də cəmiyyət ölkədə və bölgədə situasiyanın qarışmasına gətirə biləcək istənilən məsuliyyətsiz və ya düşünülməmiş siyasi addımlara münasibətdə ehtiyatlılıq göstərir. Eyni zamanda məhz belə addımların və daxili qarışıqlığın nəticəsində Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi vurğulanır: “O vaxtdan Azərbaycanın prioritetləri - qonşular və beynəlxalq tərəfdaşlarla davamlı münasibətlərlə yanaşı, sabitlik, daxili siyasətdə ardıcıllıq və müəyyənlik təşkil edir. Keçən il prezident İlham Əliyev Bakı üçün zamanın sınağından çıxmış xarici siyasətə sadiqliyin vacibliyini dönə-dönə vurğulayıb. Azərbaycanın yerləşdiyi mürəkkəb bir region üçün xarakterik olan təzyiqlərə və risklərə rəğmən, ardıcıl balanslı xarici siyasətə sadiqlik ölkəyə imkan verib ki, bir sıra inqilabi energetik və infrastruktur layihələri həyata keçirsin. Hansı layihələr ki, on illər boyu bölgənin geosiyasətinə təsir edəcək”.

Məqalədə bu xüsusda bildirilir: “2019-cu il noyabrın 30-da Azərbaycan və Türkiyə liderləri Trans-Anadolu Qaz Kəmərinin (TANAP) açılışını etdilər. Həmin kəmərlə Azərbaycan təbii qazı Türkiyəyə və Avropaya çatdırılacaq. Ancaq ötən ilin Azərbaycanın xarici siyasəti üçün ən mühüm hadisəsi 120 dövləti birləşdirən Qoşulmamaq Hərəkatının 25-26 oktyabrda Bakıda keçirilən növbəti zirvə toplantısı oldu. Qəliz qlobal situasiya fonunda çox da böyük olmayan bir ölkə üçün Qoşulmamaq Hərəkatında iştirak çoxşaxəli xarici siyasətin əsas elementlərindən biri idi (Əlavə edək ki, sədrliyi 3 illiyə Azərbaycana keçən qurumun Bakı zirvə toplantısında qəbul edilən Yekun Bəyannamədə Ermənistan birmənalı şəkildə işğalçı dövlət kimi tanınıb, hansı ki, İrəvanda dərhal ciddi təlaş doğurmuşdu - ”YM").

Məqalədə ardınca bəslənən ümidlərə rəğmən, 2019-cu ildə Dağlıq Qarabağ nizamlanmasında real irəliləyişin olmamasına diqqət çəkilir: “İrəvan status-kvonu saxlamaq məqsədilə xeyli dərəcədə öz strategiyasına söykənir. Ötən ilin sonuna qədər Ermənistan yetkililəri davamlı şəkildə iddia edirdilər ki, separatçı Dağlıq Qarabağın etnik ermənilərin adından danışa bilməzlər. Ancaq avqustun 5-də baş nazir Nikol Paşinyan qəfildən bəyan elədi ki, ”Qarabağ Ermənistanındır və nöqtə". Bununla da iki ölkə arasında gərginliyi daha da artırmış oldu. Buna cavab olaraq, oktyabrın 3-də Azərbaycan prezidenti İlham Əliyev beynəlxalq auditoriyaya müraciətlə bildirdi ki (“Valday” forumundakı çıxışı nəzərdə tutulur - “YM”), “Dağlıq Qarabağ Azərbaycanındır və nida işarəsi!” Bununla da o, konfliktin yalnız ərazi bütövlüyü prinsipi əsasında həll oluna biləcəyi barədə öz hökumətinin qətiyyətli mövqeyini nümayiş etdirdi. İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan ölkənin regional liderliyinin möhkəmlənməsinə, daha təhlükəsiz və çiçəklənən dövlətə çevrilməsinə yönəlik fəal daxili və xarici siyasət yürüdür. Beləliklə, gözləmək olar ki, yaxın illərdə Bakı başlanan islahatların tempini davam etdirəcək və bu da yekun etibarilə Ermənistanla konfliktin həllinı gətirəcək".

*****

Söhbət əlbəttə ki, Azərbaycanın Ermənistan üzərində ildən-ilə daha da böyüyən iqtisadi gücü və bunun nəticəsi olaraq artan hərbi potensialının, habelə regionda və dünyada möhkəmlənən mövqeyinin Qarabağ konfliktinin dinc həllini asanlaşdırmasından gedir. İqtisadi tənəzzülə doğru inamla gedən işğalçı ölkənin günün birində Bakı ilə sülh anlaşması imzalamaqdan savayı yolu qalmayacaq....
“Yeni Müsavat”
30-01-2020, 09:58
Вернуться назад