Musiqili Teatr rusdilli tamaşaçılarını unutmayıb
Fevralın 21-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya şöhrətli yazıçı-dramaturq Mark Kamolettinin “Fransızsayağı qarnir” ikihissəli musiqili lirik komediyası nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşada ağlasığmaz sevgi oyunlarından bəhs olunur. Tamaşa boyu gözlənilməz situasiyalar, biri digərinə ipucu verən olaylar, sirli, maraqlı hadisələr sürətlə bir-birini əvəz edir.
Teatrın rus bölməsinin aktyorları tərəfindən hazırlanan bu komediyanın ilk nümayişi 2011-ci ilin oktyabrın 1-də izlənilib və o vaxtdan indiyə qədər tamaşaçılar tərəfindən hər zaman böyük maraq və sevgi ilə qarşılanır.
Qeyd edək ki, “Fransızsayağı qarnir” ikihissəli musiqili lirik komediyasının quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rejissoru Əməkdar artist Boris Qrafkin, quruluşçu-rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlərdir.
Tamaşada rolları Əməkdar artist Svetlana Bulax, aktyorlar – Emil Heydərov, Rauf Babayev, Firuz Məmmədov, Yuliya Heydərova Eleonora Mustafayeva və Valeriya İsgəndərova ifa edəcəklər.
Biletləri şəhərimizin bütün kino-teatr kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə etmək olar.
6-02-2020, 13:04
Вернуться назад