DataLife Engine / “Moskvanın adamı” Paşinyana qarşı - Kremlin “V” variantı

“Moskvanın adamı” Paşinyana qarşı - Kremlin “V” variantı

“Moskvanın adamı” Paşinyana qarşı - Kremlin “V” variantı

Ermənistanda yeni daxili siyasi təlatüm üçün zəmin yetişir. Bu da ilk növbədə baş nazir Nikol Paşinyanın köhnə və təzə rəqiblərlə haqq-hesab çürütmək istəyi ilə birbaşa əlaqədardır. Lakin “məxməri” baş nazirin “axsayan” islahat siyasəti və bunun nəticəsi olaraq, getdikcə zəifləyən populyarlığı, habelə Kremlin hələ də ona inanması siyasi rəqabətdə onun əvvəlki kimi güclü olmasına mane olur. Siyasi opponentlər də ən əvvəl bu məqamdan yararlanmağa və erməni xalqını öz tərəfinə çəkməyə çalışırlar.

Bu arada Nikol Paşinyanın potensial rəqiblərindən biri sayılan Ermənistan Milli Təhlükəsizlik Şurasının keçmiş direktoru Artur Vanetsyan erməni media qurumlarının başçıları ilə keçirdiyi söhbətin nəticələrini açıqlayıb. Erməni mənbələri xəbər verir ki, general görüşdə media rəhbərlərinin suallarını cavablandırdığını bildirsə də, hansı mövzular ətrafında müzakirələrin getdiyini deməyib.

“Qəzetlərin baş redaktorları ilə danışdım və onların suallarını cavablandırdım. Digər media qurumlarının rəhbərləri ilə də müntəzəm görüşlər keçiriləcək”, - deyə o qeyd edib.

Məlumat üçün bildirək ki, Artur Vanetsyan 2019-cu ilin sentyabrında Nikol Paşinyan hökumətinə etiraz olaraq istefa verib. O, Paşinyan administrasiyasını “təcrübəsiz” və “həvəskar”, siyasi rəhbərliyin tətbiq elədiyi idarəçilik modelini hədəflərə çatdıra bilməyəcək yanlış yol adlandırmışdı. “Mənim istefam bu xüsusda qoy ayıldıcı addım olsun. Dayanın!”, - deyə o qeyd eləmişdi.

Öz növbəsində Nikol Paşinyan keçmiş kəşfiyyat şefinin açıqlamalarını şərh edərək, Vanetsyanın sözlərini təkcə özünə qarşı yox, bütövlükdə ali baş komandana qarşı yönəldiyini bildirmişdi. Hökumət başçısı həmçinin Vanetsyanın hərəkətini zabit şərəfi məcəlləsinin pozuntusu kimi qiymətləndirmiş, onu 1991-ci ilin avqustunda, SSRİ-nin süqutu ərəfəsində qiyamçıların - “QKÇP”istlərin hərəkəti və “poqonları zibil qabına atmaq”la müqayisə eləmişdi...

*****

Bugünlərdə isə generalın siyasətlə məşğul olacağı barədə xəbərlər yayılıb. Vanetsyan bu məlumatı təkzib etməyib. O, siyasi fəaliyyətə başlaya və partiya yarada biləcəyini, hətta partiyanın yaxın zamanlarda qeydiyyatdan keçəcəyini söyləyib. “Hazırda müxtəlif şəxslərlə danışıqlar gedir. Yeni partiyanın vəzifəsi hazırkı hakimiyyətə alternativ yaratmaq olacaq. Biz ölkədə baş verənlərin yanlış olduğunu xalqa izah eləməyə cəhd edəcəyik. Əgər xalq bunu qəbul eləsə, öz gündəliyimizi təqdim edəcəyik, eləməsə, başqa yollar haqda düşünəcəyik”, - deyə o vurğulayıb.

Vanetsyan onu da bildirib ki, yeni partiya sağ-mərkəzçi təmayüllü olacaq. Lakin onun rəhbərliyinə konkret kimlərin daxil olacağını açıqlamayıb. Erməni mediası isə Vanetsyanın mövcud hakimiyyətə qarşı gizli siyasi plan hazırladığını istisna etmir. Məlumatda generalın bir sıra erməni media qurumlarını bu məqsədlə öz ətrafına səfərbər etməyə çalışdığı da iddia olunur.

Onu da xatırladaq ki, az öncə Çeçen Respublikasının rəhbəri Ramzan Kadırov Artur Vanetsyanı yubiley münasibətilə təbrik eləmişdi. Kadırov özünün instagram səhifəsində onunla birgə fotosunu yerləşdirərək, bunu yazmışdı: “Əziz dostlar! Bu gün bizim qardaşımız Artur Vanetsyanın yubileyidir. Cavan olmasına baxmayaraq, o, gözəl təhsil və general hərbi rütbəsi alıb. O, 2018-c ildən rəhbəri olduğu Ermənistanın Milli Təhlükəsizlik Xidmətində məsul vəzifələr tutub. Əminəm ki, Artur Vanetsyan Rusiya xalqının böyük dostu və Rusiya ilə Ermənistan arasında əlaqələrin möhkəmlənməsinin tərəfdarıdır. Artur Vanetsyanı səmimi qəlbdən ad günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və uğurlar arzu edirəm”.

*****

Əhməd Kadırovun Rusiya prezidenti Vladimir Putinə çox yaxın olduğu da ciddiyə alınarsa, belə qənaət hasil olar ki, əslində Kreml üçün keçmiş kəşfiyyatçı Artur Vanetsyan Paşinyana heç də pis əvəzedici deyil və yubiley təbriki də əslində elə Kreml başçısının adındandır. Ehtimal eləmək olar ki, Moskvaya Nikol Paşinyandan bir neçə “köynək” yaxın olan Vanetsyan Moskvanın indiki baş nazirə qarşı elə “V variantı”dır.

Yeri gəlmişkən, ötən sayımızda Moskvanın yaxın aylar üçün Ermənistanda baş verəcək hadisələrlə bağlı güc strukturlarına ssenarilər hazırlamaq tapşırığı vermək barədə xəbər gedib. “Rusiyanın güc strukturlarının analitik mərkəzlərinə Ermənistanda baş verən hadisələri diqqətlə izləmək və Ermənistanda yaxın 2-3 ay ərzində baş verə biləcək hadisələrin mümkün ssenarilərini hazırlamaq tapşırığı verilib”. Bu məlumatı Ermənistanda nəşr olunan “Past” qəzeti yaymışdı.

“Rusiya dairələri çalışır ki, Ermənistanın xarici və daxili vektorlarını müəyyənləşdirərək, qiymətləndirmə aparsınlar. Buna uyğun olaraq etibarlı analizlər verilməsi istənilib. Bizim Moskvadakı mənbələrimiz xəbər verir ki, regiondakı bu hadisələrin, xüsusilə Dağlıq Qarabağda gözlənilən ”seçkilər" və İran ətrafındakı proseslərin geosiyasi risklərini nəzərə alaraq, mümkün təsirlərini tədqiq etmək tapşırığı verilib", - deyə xəbərdə bildirilirdi.

Moskva Paşinyana qarşı ehtiyat variantlardan birini hərəkətə gətirmiş kimi görünür...

Əlavə edək ki, Artur Vanetsyan Qarabağ məsələsində radikal mövqe tutan şəxslərdən biridir. Bircə fakt: ötən ilin martında o, Azərbaycanın işğal edilmiş ərazilərində olmuş, qondarma “dqr prezidenti” ilə birgə təmas xəttinin Cəbrayıl-Füzuli istiqamətində sensasion bəyanatla çıxış etmişdi. Vanetsyan Araz çayı boyu ərazilərdə ermənilərin məskunlaşdırılacağını, bu ərazilərin qaytarılmasından söhbət belə gedə bilməyəcəyini söyləmişdi.

“Ayrı-ayrı adamların guya torpaqların qaytarılacağı, bu haqda danışıqların aparılacağı haqda bəyanatlarını bu məskunlaşdırma proqramı təkzib edir. Biz bununla erməni xalqına və dünyaya aydın mesaj veririk ki, heç kim bircə qarış da olsun, torpaq qaytarmayacaq. Əksinə, ”bizim ərazilərimizdə" (dırnaqlar bizimdir - YM.) həmvətənlərimiz qurub yaradacaq, yaşayacaq" - Vanetsyan özündən razı şəkildə söyləmişdi...
“Yeni Müsavat”
7-02-2020, 11:02
Вернуться назад