DataLife Engine / Ceyhun Bayramovun 9 fevral faciəsi… - Müəllim adı belə ləkələnir/

Ceyhun Bayramovun 9 fevral faciəsi… - Müəllim adı belə ləkələnir/

Ceyhun Bayramovun 9 fevral faciəsi… - Müəllim adı belə ləkələnir/

Bu ölkədə bizim Cəbiş müəllimlər, rus Əhmədlər, cənab Kipianilər daha yoxdur. Az sayda varsa, susublar, bir hücrəyə çəkilərək baş verən rüsvayçılıqlara tamaşa edirlər.

Bu məmləkətdə ancaq və ancaq sürətlə, ildən-ilə əfruzələr çoxalır, sanki balalayırlar, özü də daha istedadlı, daha fərasətliləri üzə çıxır…Biz onları fevralın 9-da gördük.

Ölkə boyu müxtəlif seçki məntəqələrində saxtakarlıqlara imza atan nə həkimlər, nə mühəndislər, nə jurnalistlər idi, məhz müəllimlər oldu. Məntəqə sədrlərindən, katiblərdən, komissiya üzvlərindən ibarət mütəşəkkil müəllim dəstələri seçki pozuntularına nəinki göz yumdular, bu qanunsuzluqların iştirakçısına çevrildilər.

Reportyor.info xəbər verir ki, 9 fevral günü Azərbaycan müəllimi, müqəddəs müəllim adına bir rəzalət yaşandı.

Bu rüsvayçılıqların başında təhsil naziri Ceyhun Bayramovun adı gəlir. Onun təhsildə islahat dediyi yəqin bu imiş – müəllimləri seçki saxtakarlıqlarına alət etmək…

Təhsil Nazirliyi ayrı-ayrı məntəqələrdə vay-şüvən qoparan, həyasızlıq edən, topa bülleten atan, müşahidəçilərin üzünə ağ yalan danışan məktəb direktorlarının, müəllimlərin hərəkətlərinə görə tükünü də tərpətmədi.

Nazirlik öz müəlliminin bu rəzil vəziyyətə salınmasına, seçki cinayətində istismar olunmasına səsini çıxarmadı. Həmin məktəb direktorları, müəllimələr bizim övladlarımızı guya ki təhsil verirlər, həqiqətlə yalanın fərqini, haqq-ədalətlə ətalətin, riyakarlığın, məddahlığın, oğurluğun mahiyyətini ayırd etməkdə dərs keçirlər.

Bundan sonra əminliklə söyləmək olar ki, övladlarımızın gələcəyi təhlükədədir – onlara saxtakarlıq edən adamlar təhsil verə bilməzlər. Bu biabırçılıqlardan sonra nazir Ceyhun Bayramov ən azı bir neçə məktəb direktorunu, müəlliməni cəzalandıra, şiddətli töhmət verə bilərdi.

Necə ki, gözə kül üfürmək naminə hansısa təcili tibbi yardım məntəqəsinin baş həkimi seçki pozuntusuna yol verdiyi üçün töhmət aldı. Amma total şəkildə saxtakarlıqlarda iştirak etmiş müəllim və direktor batalyonundan bir nəfər də cəzalandırılmadı.

Axı ortalıqda real faktlar, video və foto sübutlar, çəkilişlər, sosial şəbəkələrdə yayılmış kadrlar var. Təhsil Nazirliyi və rəhbəri Ceyhun Bayramov onları təbii ki, izləyib.

Təəssüflər olsun ki, heç birinə reaksiya vermədilər, müəllim adına ləkə gətirdilər, bu müqəddəs peşəni növbəti dəfə gözdən saldılar, ucuzlaşdırdılar.

C.Bayramovun indiyə qədər təhsildə heç bir islahat həyata keçirmədiyini onsuz da görürdük. Ancaq ümid edilirdi ki, ölkə rəhbərliyinin yeni idarəçilik kursundan irəli gələrək seçki məntəqələrində müəllimlər və direktorlar özlərini abırlı aparacaqlar.

Əfsus ki, prosesin ən iyrənc mərhələsi onlara tapşırıldı, ən faciəvi missiyası təhsil işçilərinin boynuna biçildi. İndi həmin müəllimlər sinif otaqlarında ədalətdən danışırlar, məktəb direktorları düzgünlükdən söz açırlar.

Onlar sabahının oğurlanmasına müticəsinə razılaşdılar, göz yumdular. Sadəcə, Ceyhun Bayramov tabeliyində olan işçilərinin nə günə salındığını görməli, sosial şəbəkələrdə yayılan kadrlarda təhsil işçilərinin çıxardığı oyunlara baxıb xəcalət çəkməlidir…
12-02-2020, 11:14
Вернуться назад