DataLife Engine / Qərb İrəvana qurtuluşun koordinatlarını göstərir - Bakı və Ankara...

Qərb İrəvana qurtuluşun koordinatlarını göstərir - Bakı və Ankara...

Qərb İrəvana qurtuluşun koordinatlarını göstərir - Bakı və Ankara...

Ermənistanda daxili siyasi çəkişmələrin getdikcə gücləndiyi barədə ötən sayımızda yazmışdıq. Bunun da qayəsində işğalçı ölkədə əks-inqilab abı-havası və köhnə rejim tərəfdarlarının siyasi revanş götürmək istəyi dayanır. Baş nazir Nikol Paşinyanın reytinqi zəiflədikcə onun qatı rəqibləri revanş üçün daha planlı şəkildə toparlanmaqdadır.

Bu və digər səbəblərdən inqilabdan sonra ilk dəfə Paşinyan hakimiyyətinə real təhdidlər özünü göstərməyə başlayıb. Hazırda onlardan ikisi xüsusilə diqqət çəkir. Biri Ermənistan Konstitusiya Məhkəməsinin (KS) sədri Hrayr Tovmasyanla davam edən konfliktdir.

Məlumdur ki, bu problemdən qurtulmaq üçün aprelin 5-də ölkədə konstitusiya dəyişiklikləri ilə bağlı referendum təyin edilib. Referendumun təşəbbüsçüsü isə Paşinyanın parlamentdə çoxluqda olan bloku - “Mənim addımım” fraksiyasıdır. Əgər nəticə hökumətin istədiyi kimi olsa, o zaman Tovmasyan avtomatik şəkildə öz postundan uzaqlaşdırılmış olacaq. Çünki referendumdan sonra KS-nin yeni tərkibi seçiləcək.

Baş nazirin hakimiyyəti üçün digər və əslində daha güclü təhdid isə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, “Rusiyanın adamı” sayılan general Artur Vanetsyanla bağlıdır. Xəbər verdiyimiz kimi, artıq siyasi partiya yaratmağa hazırlaşan Vanetsyan son vaxtlar hakimiyyəti hədələməkdən belə çəkinmir və əsas hədəfini gizlətmir.

Məlumat üçün bildirək ki, Artur Vanetsyan 2019-cu ilin sentyabrında Nikol Paşinyan hökumətinə etiraz olaraq istefa verib. İstefa zamanı o, Paşinyan hökumətini “təcrübəsiz”, “həvəskar”, siyasi rəhbərliyin tətbiq elədiyi idarəçilik modelini isə hədəflərə çatmayacaq yanlış yol adlandırmışdı. “Mənim istefam bu xüsusda qoy ayıldıcı addım olsun. Dayanın!”, - deyə o bəyan eləmişdi.

Bugünlərdə isə generalın siyasətlə məşğul olacağı dəqiqləşib. “Hazırda müxtəlif şəxslərlə danışıqlar gedir. Yeni partiyanın vəzifəsi hazırkı hakimiyyətə alternativ yaratmaq olacaq. Biz ölkədə baş verənlərin yanlış olduğunu xalqa izah eləməyə cəhd edəcəyik. Əgər xalq bunu qəbul eləsə, öz gündəliyimizi təqdim edəcəyik, eləməsə, başqa yollar haqda düşünəcəyik”, - deyə keçmiş kəşfiyyat şefi vurğulayıb. Erməni mediası isə Vanetsyanın mövcud hakimiyyətə qarşı gizli siyasi plan hazırladığını güman edir.

*****

“Paşinyan öz rəqiblərinə qarşı hücuma köklənmək zorundadır. Nədən ki, o hesab edir ki, Vanetsyan və Tovmasyan - Qarabağ klanını darmadağın eləmək və ardınca onun mülkiyyətini ələ keçirmək yolunda əsas əngəllərdir. Bunsuz növbəti addıma - əks-inqilabı neytrallaşdırmağa keçmək qeyri-mümkündür”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu erməni siyasi şərhçi Mamikon Babayan “Vestnik Kavkaza” portalında getmiş təhlili məqaləsində yazıb.

Onun fikrincə, Paşinyan eks-prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın özlərinin “ata yurdu” saydıqları Dağlıq Qarabağın işğalçı rejimini, habelə keçmiş hakimiyyətin hələ də tərəddüd edən məmurlarını öz siyasi iradəsinə tabe etməyincə, onun bütün qərarları ölkənin yeni siyasi elitası tərəfindən tam legitim sayılmayacaq. Demək, Paşinyanın reytinq itkisi də davam edəcək.

*****

Qeyd edək ki, bu gün Nikol Paşinyan Almaniyaya səfərə gedəcək. Burada o, fevralın 13-14-də keçirilməsi nəzərdə tutulan Münhen Təhlükəsizlik Konfransına qatılacaq. Sözsüz ki, Paşinyan yenə özünün ənənəvi ritorikasına uyğun şəkildə işğalçı Ermənistanı “məxməri inqilab”dan sonra Qərb üçün, Avropa üçün mühüm tərəfdaş və yaxın ölkə kimi qələmə verməyə çalışacaq. Eyni zamanda gizli qərbçi kimi Rusiyanın bostanına daş atmaq istəyəcək. Bütün bunların qarşılığında isə özünə siyasi və maliyyə dividentləri götürməyə, daxildəki rəqiblərini birdəfəlik susdurmaq üçün himayə almağa çalışacaq. Alınacaqmı?

Çətin. Çünki indiyədək Paşinyanın Avropa və ABŞ-a bu qəbildən səfərləri gözlədiyi nəticələri verməyib. Bütün cəhdlərə rəğmən, Ermənistana iki ildir Qərbin iri maliyyə yatırımları edilmir. Bu gözlənilmir də. Ona görə ki, Qərbin tək şərti rəsmi İrəvanın Rusiya təsir zonasından uzaqlaşması, vassal statusundan qurtulması və müstəqil siyasət yürütməyə başlamasıdır.

Bu isə Qərblə Rusiya arasında “iki stul” siyasətindən imtina, imtina da öz növbəsində Qarabağ məsələsində İrəvanın, nəhayət, konstruktiv mövqe tutub əsas qonşular - Azərbaycan və Türkiyə ilə tezliklə dil tapmaqdan keçir. Yeri gəlmişkən, iki ildir bunu İrəvandan həm Avropa Birliyi, həm də ABŞ gözləyir.

Əminik, Münhendə bir daha Nikol Paşinyanı bu hədəfə yönəldəcəklər - öncə Qarabağ məsələsi, Bakı və Ankara ilə anlaşma. Ermənistanın dövlət olaraq qurtuluşunu təmin edəcək əsas koordinatlar da elə budur - Bakı və Ankara. Paşinyan üçün əks-inqilab təhlükəsi də yalnız o vaxt sovuşa bilər...
“Yeni Müsavat”
13-02-2020, 11:11
Вернуться назад