MASALLI POLİSİ İNSANLARIN TALEYİNİ “UĞURLU STATİSTİKAYA” QURBAN VERİR
Fevralın 18-də Masallı Rayon Məhkəməsində zərərçəkmiş Quliyev Əfqan Bəhlul oğlunun şikayəti ilə başlanılmış cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Hələ ibtidai istintaqın bir sıra pozuntularla, uyğunsuzluqlarla müşayiət olunan gedişatından narazı qalan zərərçəkmiş şəxs məhkəmədə də məyus olub...
Xatırladaq ki, "Mediatv.az" informasiya portalının baş redaktoru Əfqan Quliyevin (Əfqan Bəhluloğlu) bir neçə ay əvvəl Masallı "İstisu"sanatoriyasında dincələn zaman qarət olunan avtomobilindən oğurlanmış qızıl zinət əşyalarını tapa bilməyən Masallı polisi Nurlan Səmədov adlı şübhəli şəxsin oğurluğu boynuna götürməsi barədə etirafını alsa da, hələ ki zinət əşyaları ortaya çıxmayıb.
Əfqan Quliyev ibtidai istintaqa prokuror nəzarətinin zəifliyi, polis tərəfindən sürətlə məhkəməyə ötürülən işin obyektiv aparılmaması, bir sıra qanunsuzluqlarla müşayiət olunması barədə indiyədək yuxarı instansiyalara çoxsaylı müraciətlər etsə də, KİV-də xeyli yazılarla çıxış edərək, məsələni ictimailəşdirsə də,cinayət matreallarını ibtidai istintaqa qaytarmaq üçün kifayət qədər əsas olsa da,hakim Habil Bəhmənov işi yenidən ibtidai istintaqa qaytarmadı və bu gün də məhkəmə işini qərəzli aparır,verilən vəsatətlərin heç biri demək olar ki təmin olunmayıb. Avtomobil qarətini, üstündə başqa oğurluq işi olan Nurlan Səmədovun boynuna qoymaqla polisin sadəcə işi "bağlamaq" və cinayətin açılma faizini qaldırmaq istədiyi qənaətində olan baş redaktor həmçinin ehtimal edirdi ki, Masallı rayon polis şöbəsi rəisinin yerli sahibkarı incitməsi barədə əvvəllər yazdığı tənqidi məqalələrə görə tənqid olunan vəzifəli şəxs bu yolla ondan qisas alır, oğurlanmış qiymətli əşyalarının əlinə gəlib çıxmamasına çalışır.Hakim Habil Bəhmənov da sanki polisin hərəkətlərinə qanuni don geyindirmək yolunu tutub. Çünki, təqsirləndirilən və hüquqlarını müdafiə etmək üçün özünə əlavə vəkil tutmağa belə maddi imkanı olmayan Nurlan Səmədov oğurlamadığı zinət əşyalarını qaytarmaq, nə də onların qarşılığında pul ödəmək iqtidarında deyildir.
...Məhkəmədə təqsirləndirilən şəxs Nurlan Səmədov ifadə verərək bildirmişdir ki, onun Əfqan Quliyevə məxsus avtomobili qarət etdiyini boynuna alması barədə ifadəni istintaqa məhz polisin təzyiqi altında verib, ümumiyyətlə, həmin hadisədən xəbəri olmayıb.Təqsirləndirilən N.Səmədov polis işçisi Tərlan adlı şəxsin üzünə duraraq bildirdi ki bu işi boynunu götürməsən səni pis günə salacağıq dediniz.Sonra məhkəmədə iştirak edən polis müstəntiqi İqbal Rəhimli təqsirləndirilən şəxsin onun üzünə duraraq söylədiyi: “Məni aldadıb demədinizmi ki, bu işi öz üstünə götür, sənə köməklik göstəriləcək?” - sözlərindən sonra ona ünvanlanan suallardan məharətlə yayınmağa çalışsa da, qeyri-səmimiliyi diqqətdən yayınmayıb.Eləmədiyim cinayət işini niyə boynuma götürməliyəm?Axı qızı zinət əşyaları məndə yoxdur. Bununla belə, məhkəmə hakimi təqsirləndirilən şəxsin bu dəfəki ifadəsini nəzərə almayaraq müstəntiqin mövqeyini müdafiə edir, N.Səmədovun ifadəsini “dəyişməsini” onun özünümüdafiə cəhdi kimi dəyərləndirib.
Beləliklə, Ə.Quliyevin ehtimalları bir daha özünü doğruldub - məhkəmə polisin aparmış olduğu qeyri-obyektiv, ədalətsiz istintaqa qanunilik “donu geyindirməyə” çalışıb. Növbəti dəfə insanların taleyi pis halda şəxsi-qərəzliyə, yaxşı halda isə “uğurla yekunlaşmış” cinayət işlərinin sayında 1 rəqəm artıq görünsün deyə statistikaya qurban verilib.
20-02-2020, 12:18
Вернуться назад