DataLife Engine / BDU-da kimin sözü keçərlidir? - İTTİHAM

BDU-da kimin sözü keçərlidir? - İTTİHAM

BDU-da kimin sözü keçərlidir? - İTTİHAM


Ötən il yaranmasının 100 illiyi tamam olan BDU-nun həyatında həm də rektor dəyişikliyi ilə yadda qaldı. 19 il universitetin rektoru vəzifəsini tutan Abel Məhərrəmovun işdən çıxarılmasından sonra Təhsil nazirinin müavini Firudin Qurbanov bir müddət rektor əvəzi kimi təhsil ocağına rəhbərlik etdi. Mart ayında dövlət başçısının sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev BDU-ya rektor təyin edildi. Təbii ki, yeni rektorun təyinatından sonra universitetin həyatında dəyişikliklərin olacağı gözlənilən idi və bu baş verdi. Ölkənin ən nüfuzlu ali təhsil ocağında baş verən dəyişikliklər isə əsasən kadr dəyişiklikləri ilə xarakterizə olundu. Belə ki, E. Babayev yaxınlarını BDU-da mühüm postlara gətirməklə qohumlarından və yaxın adamlarından ibarət komanda formalaşdırdı. Bu təyinatlar zamanı onların hansı kriteriyalara cavab verməsi elə də ciddi əhəmiyyət daşımadı. Onun kürəkəni, həyat yoldaşının baldızı, digər qohumları BDU-da yüksək vəzifələrlə “mükafatlandırılıblar”. Əvvəlcə BDU-nun yeni rektoru Elçin Babayevin əmri ilə ali məktəbdə 2 yeni müşavirlik yaradıldı və həmin vəzifələrə təyinatlar oldu. Əliş Ağamirzəyev Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşavir, Fikrət Heydərov isə Ümumi məsələlər üzrə müşavir təyin edildi. Qeyd edək ki, keçmiş polis əməkdaşı olan F.Heydərov rektorun yeznəsidir. E.Babayev daha bir yaxın adamını – Ləman Hüseynbəylini isə özünə köməkçi və ümumi şöbəyə müdir təyin edibdi. Ə.Ağamirzəyev indi Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsinə qədər yüksəlib.

Ümumiyyətlə, E.Babayevin pedaqogika ilə yaxından-uzaqdan bağlılığının olmamasını aktualxeber.az-a bildirən mənbəmiz yeni rektorun tələbə və müəllim heyəti ilə ciddi problemlərinin yarandığını, qarşılıqlı münasibətlərin normal qurulmadığını söyləyir. BDU-da ciddi narazılıqların yarandığı, rektorun əməllərinin etirazlarla qarşılandığı da bildirilir. Rektor təyin olunana qədər Elmin İnkişafı Fondunun icraçı direktoru işləyən Elçin Babayevin 100 yaşlı ali təhsil ocağına gəlişi böyük ümidlər doğurmuşdu. Ən azından rəhbərlik etdiyi fondun adından yararlanaraq BDU-da elmin inkişafına yardım edəcəyi gözlənilirdi. Lakin, ötən müddət ərzində BDU-də baş verən dəyişikliklər ancaq kadrların yerdəyişməsi kimi xarakterizə oluna bilər. Verilən məlumatlara görə “kadr islahatları” adı altında uzun illər universitetdə çalışan insanlar kütləvi şəkildə işdən azad olunublar. Əvəzində isə ümumiyyətlə təhsilə yaxından-uzaqdan bağlılığı olmayan insanlar BDU-da yüksək postlara gətirilib. Təsəvvür edin ki, əvvəllər Dənizkənarı bulvar idarəsində işləmiş yaxın adamını BDU-da yüksək posta təyin edib. Köhnə komandadan isə yalnız Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor İradə Əliyeva və keçmiş prorektor, indi isə rektorun elm və təhsil üzrə müşaviri olan Aydın Kazımzadə qalıb.

Bu yaxınlarda tanınmış təhsil eksperti, millət vəkili seçilmiş Etibar ƏliyevTəhsil naziri Ceyhun Bayramova müraciət edərək yeni rektoru kəskin tənqid etmiş, onu “trol şəbəkəsi” yaratmaqda ittiham edərək BDU-da baş verən qohumbazlıq və anarxiyaya son qoyulmasına çağırmışdı. Onu da qeyd edək ki, yeni kadrlar kimi təqdim olunan rektorun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və Tədris hissə müdiri Elçin Məmmədovun adları cəmiyyətə yaxşı tanışdır. M. Mirzəyev Maliyyə Nazirliyi sistemində maxinator idarə rəisi kimi yadda qalmışdır. E. Məmmədov isə BDU-da Abel Məhərrəmovun qara kassirlərindən biri olmuş və ikinci ali təhsildən yığılan pullara birbaşa nəzarət etmişdir. E.Babayev onu keçmiş komanda və görülən qara işlər barədə məlumat almaq məqsədilə komandasına daxil etmişdir.

Bir maraqlı məqamı qeyd edək ki, vaxtilə Elmin İnkişafı Fondunun baş məsləhətçisi işləmiş Ləman Hüseynbəyli bu gün BDU-da əsas söz sahibidir. Elçin Babayevin sağ əli olan bu xanımın əlindən BDU-da dad edirlər. Demək olar ki, 100 illik ali təhsil ocağını bu xanım idarə edir və bu da universitetdə ciddi narazılıq doğurur. Onun razılığı olmadan rektor heç bir işə qol qoymur, hətta onun razılığı olmadan işçiləri belə qəbul etmir. Həmin xanıma rektorun bu qədər səlahiyyəti niyə verməsi isə başqa bir məqalənin mövzusudur. Ümidvarıq ki, tezliklə əlaqədar orqanlar ciddi tədbirlər görəcək və BDU öz keçmiş nüfuzunu bərpa edəcəkdir.

Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.
aktualxeber.az
21-02-2020, 18:20
Вернуться назад