“Akkord” şirkətinin 10 il öncə tikdiyi körpü bir ailənin evində ciddi problemlər yaradıb.
“Qafqazinfo”ya müraciət edən Şabran rayon sakini Əmircan Məmmədov bildirib ki, Bakı-Quba yolu üzərində 2010-cu ildə tikilib təhvil verilən körpü ətrafdakı evlərdə çatlar yaradıb: “Həmin vaxt körpünü tikən “Akkord” gəlib camaatdan sənədləri yığdı, bu evlərin plana düşəcəyini dedilər. Bizdən də sənədləri aldılar. Bəzi evlərə kompensasiya verib söksələr də, bizim evlər qaldı. İndi körpünün sütunu düz bizim evin hasarının dibindədir. Artıq 10 ildir ki, körpünün silkələnməsindən evimiz dağılıb. Həyətə də beton tökmüşəm, evi də betondan tikmişəm. Amma indi ev tən ortadan 5 santimetr enində çatlayıb. Evin yarısı sağa, yarısı sola gedir. Elektrik xətləri divarla çəkildiyi üçün naqillər dartınma nəticəsində qırılıb, evin bir hissəsində elektrik yoxdur. Divarlar bir-birindən aralanıb deyə evi isitmək olmur. Qaza nə qədər pul ödəyirik, amma bütün ailə evin içində soyuqdan donur. Hazırda bu evdə yaşamaq ailə üzvlərimin həyatı üçün təhlükəlidir, ev hər an başımıza uça bilər. Ev hər gün silkələndiyi üçün biz heç zəlzələ olanda hiss etmirik. Bizdən başqa da 10-a yaxın ev bu vəziyyətdədir”.
Ə.Məmmədov bildirib ki, rəsmi qurumlar ona heç bir cavab vermir: “Rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə müraciət etmişəm. Onlar da mənim məktublarımı bir-birinə göndərirlər. Evin “kupça”sı (çıxarışı) var, sənədlər hamısı qaydasındadır”.
“Akkord” şirkətlər qrupunun “Körpü Bina Tikinti” Birliyindən “Qafqazinfo”ya bildirilib ki, onlar 10 il öncə körpünü tikib təhvil verdikləri üçün bu gün baş verən hadisəyə görə məsuliyyət daşımırlar: “Vətəndaşa o vaxt kompensasiya ödəməyiblərsə, niyə indi deyir ki? Evi niyə körpünün yanında qalıb ki? Vaxtında müraciət edərdi, həmin zaman da köçürülərdi. Köçürülməyibsə, deməli həmin zaman Fövqəladə Hallar Nazirliyi və Şabran rayon İcra Hakimiyyəti o evin orda qalmasına rəy verib. Kritik bir şey olsaydı, o evi dərhal köçürərdilər. Qalıbsa, deməli icazə verilib. Biz 2010-cu ildə körpünü FHN və rayon İcra Hakimiyyətinə təhvil vermişik. Biz 10 il sonra baş verən hadisəyə görə məsuliyyət daşımırıq”.
Fövqəladə Hallar Nazirliyi isə Ə.Məmmədovun şikayətini baxılması üçün Şabran rayon İcra Hakimiyyətinə göndərib.
Şabran rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya bildirilib ki, həmin vətəndaşın şikayətinə cavab verilib və qeyd edilib ki, o, bu məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etsin.
AYDA-nın mətbuat katibi Anar Nəcəfli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu məsələdə onlar qərar verən qurum deyil: “Biz yolun çəkilişi ilə məşğuluq, həmin yolu o zaman özəl şirkət çəksə də, indi yol bizim balansımızdadır. Evin zərər görməsinin o yolun təsirindən olub-olmamasını yoxlamaq da bizim səlahiyyətimizdə deyil. Bu risklər o vaxt müvafiq qurumlar tərəfindən müəyyənləşdirilib qarşısı alınmalı idi. İndi isə aidiyyatı strukturlar evin zərər görməsinin səbəbini müəyyənləşdirməlidirlər, daha sonra qanunauyğun formada zəruri addımlar atılmalıdır”.