DataLife Engine / Ağır atletlər ittiham etdi, federasiya cavabladı

Ağır atletlər ittiham etdi, federasiya cavabladı

Ağır atletlər ittiham etdi, federasiya cavabladı

Ağır Atletika üzrə millimizin idmançıları video vasitəsi ilə federasiya rəhbərliyinə müraciət ediblər. 2 aydır maaşlarını ala bilməyən atletlər federasiyanın baş katibi Rizvan Rəsulova dəfələrlə şikayətlərini bildirsələr də, qurum rəsmisi idmançıların problemlərinin həllinə kömək etməyib.

Bu barədə Sport7.az-a milli idmançılarımız özləri məlumat veriblər. Belə ki, videoda səsləndirdikləri problemlərlə bağlı onlarla söhbətimizdə idmançılarımız yaşadıqları maddi və mənəvi çətinliklərdən bəhs ediblər.



"Şikayətimiz ondan ibarətdir ki, artıq 2-3 aydır maaşlarımızı ala bilmirik. Hələ bizə deyirlər ki, qarşıdakı 2-3 ay ərzində də maaş ala bilməyəcəksiniz. Elə idmançılarımız var ki, neçə ildir yığma komandanın heyətində olsalar da, maaş ala bilmirlər. Bizimlə müqavilə bağlansa da, müqaviləmiz əsassız qalır. Bütün idman növlərində respublika çempionlarına maaş verilir, təlim-məşq toplanışına aparılır. Ancaq biz aylarla təlim-məşq toplantısı görmürük, formalarımız yaxşı vəziyyətdə deyil, idman ayaqqabılarımız yoxdur, çox zəif vitaminlər verilir, bir sözlə yığma komandaya baxılmır. Yarışa getməyimizə 1 ay qalmış bizi yığırlar millinin heyətinə, hazırlaşırıq və sonra deyirlər ki, 10 nəfərdən ancaq 1-2 nəfər gedəcək. Diqqət, kömək yoxdur.

Ağır atletlər ittiham etdi, federasiya cavabladı
Baş katibimiz Rizvan Rəsulov biz idmançıların şikayətlərinə baxmır, şikayətlərimizi federasiya rəhbərliyinə çatdırmır. Biz Cahangir müəllim və Cəmil müəllimlə birbaşa görüşə bilmirik. Onlara şikayətlərimizi çatdıracaq yeganə adam Rizvan Rəsulovdur, o da baxmır, bizi yola verir. Dəfələrlər ondan maaş, forma, ayaqqabı tələb etsək də, heç bir diqqət göstərilmir. Biz də ona görə video çəkib bu vasitə ilə problemlərimizi ictimailəşdirməyə çalışdıq. İl ərzində dünya çempionatı, turnirlər daxil minimum 12 yarış olur. Amma biz heç birinə gedib çıxa bilmirik. Məsələn, ayın 20-si yarışa çıxacaq idmançılar, ayın 19-u həmin ökəyə gedir, yarışa çıxır və ayın 21-i geri qaytarırlar. Bir nəfər çıxış edəndə onu tribunada dəstəkləməyə bir nəfər komanda yoldaşı olmur. Çünki hamısı yarışa çıxdıqdan sonra evə göndərilirlər. Komanda şəklində gedib, komanda şəklində bizi geri qaytara bilmirlər. Formamız olmur, o boyda yarışlara alabəzək geyim, cırıq ayaqqabılarla gedirik. Federasiya öz idmançısına bir ayaqqabını alıb verə bilmirsə, onlar o federasiyanın başında niyə otururlar?!"

Məsələni araşdırmaq üçün Azərbaycan Ağır Atletika Federasiyasına müraciət edib idmançıların şikayətlərini çatdırdıq. Qurumun Mətbuatla Əlaqələr Departamentinin rəhbəri Kənan Məstəliyev Sport7.az-a açıqlamasında federasiynin idmançılarının şikayətini ilə bağlı mövqeyini bildirdi:

"Məsələnin bu qədər şişirdilməsi, rezonans doğurmasına cəhd edilməsi idmanın, bilavasitə ağır atletikanın inkişafına mane olan, zərbə vuran məqamdır.

Ağır atletlər ittiham etdi, federasiya cavabladı
İdmançıların etirazları ilə tanışıq. Onların təlim-məşq toplantıları, qidalanma, geyim və başqa bu kimi məqamlar barədə dediklərinin müzakirəsi belə absurddur, çünki atletlərə bu baxımdan normalara uyğun şərait yaradılıb. O ki qaldı maaşlar məsələsinə, idmançılar məvaciblərinin uzun müddətdir verilməməsini qeyd edir, bunda federasiyanı günahlandırırlar. Əvvəla onu qeyd etmək lazımdır ki, dünyanın heç bir yerində federasiya idmançıya maaş vermir. İdmançılar arasında dünya, Avropa çempionatları və Olimpiya Oyunlarında qazandıqları nəticələrə görə Milli Olimpiya Komitəsinin təyin etdiyi maaşı alanlar da var. Federasiyanın işi toplantılar vasitəsilə yığma komandanın hazırlığını təşkil edərək beynəlxalq yarışlarda yüksək səviyyədə iştirakını təmin etməkdir. Maaş isə klubların üzərindədir, idmançılar özlərinin məxsus olduqları klub, cəmiyyət, bədən tərbiyəsi və idman təşkilatlarından məvacib almalıdırlar. Yəni bir sözlə, gecikmə federasiyadan yox, klubdandır. Ancaq bu məsələ də şişirdilib. İdmançılar yanvar ayının maaşlarını alıblar. Onlara ödənilməli olan fevral ayının maaşı isə martda verilməli idi. Məlum olduğu kimi, ölkədə xüsusi rejim tətbiq olunduğundan bütün idman yarışları, ümumilikdə peşəkar idman fəaliyyəti dayandırılıb. Bu səbəbdən klublar da fəaliyyətlərini müvəqqəti olaraq dayandırmalı, dondurmalı olurlar. Eyni hal ağır atletlərdə də baş verib. Onların klubdakı maaşlarında 10 günlük gecikmə olub və son görüş zamanı bundan sonra məvaciblərinin necə ödəniləcəyi barədə məsələyə bayramlardan sonra qayıdılıb müzakirə ediləcəyi elan edilib. Onlar da bunu yanlış anlayıb, ictimaiyyətə də yanlış məlumat veriblər. Bu, xoşagəlməz haldır və məsələnin bu qədər şişirdilməsi, rezonans doğurmasına cəhd edilməsi heç də yaxşı deyil, idmanın, bilavasitə ağır atletikanın inkişafına mane olan, zərbə vuran məqamdır”.

Qeyd edək ki, şikayətçilər sırasında adlarını qeyd etdiyimiz milli idmançılarımız yer alıb: Günel Vəliyeva, Kənan Əliquluyev, Kamran İsmayılov, Mərziyyə Məhərrəmova, Dadaşbəyli Dadaş, Kənan Xəlilov, Elnarə Abbasova, Temirxan Babayev, Səbinə Əzimova, Ceyhun Tağızadə, Məmmədəli Məhəmməd, Nailxan Nəbiyev, Paşa İbrahimli, Elşad Şərifov.

tv713.az

21-03-2020, 19:58
Вернуться назад