Qaradağda koronavirusa qarşı mübarizə tədbirləri uğurla həyata keçirilir
Bu gün ölkəmizin bütün ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, əksər dövlət qurumları mübarizə tədbirlərinin həyata keçirilməsi işlərinə səfərbər olunduqlarından, hal-hazırda bu yöndə ciddi addımlar da atılmaqdadır. Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin (24 mart 2020-ci il saat 00:00-dan etibarən 04 may saat 00:00-dək) elan edilməsi səbəbindən, yaşı 65-dən yuxarı olan insanların evdən çıxmaları qadağan olunmuş, digər yaş həddində olanların hərəkətlərinə isə, müəyyən məhdudiyyətlər qoyulmuşdur.
Bütün bunları nəzərə alaraq, bir-iki gün bundan öncə, XəbərTv.info saytı olaraq Bakı şəhərinin Qaradağ rayonunda olduq. Başlıca məqsədimiz rayon ərazisində xüsusi karantin rejiminə necə əməl olunub-olunmaması haqda lazımi məlumatları əldə etmək idi. Ümumi müşahidələrimiz zamanı bəlli oldu ki, “Evdə qal” kompaniyası çərçivəsində polis əməkdaşları, hərbçilər rayon ərazisinə daxil olan hər bir nəqliyyat vasitəsini diqqətlə yoxlayır, rayona qeydiyyatı olmayan şəxsləri geri qaytarır, bir sözlə, onlar üzərinə düşən vəzifə borclarını lazımınca yerinə yetirirlər. Qaradağın Lökbatan qəsəbəsində xidməti vəzifələrini yerinə yetirən yol polisi əməkdaşlarının fəaliyyətləri də, diqqətimizdən kənarda qalmadı. Rayon İcra Hakimiyyətinə məxsus inzibati binanın qarşısında, Lökbatan qəsəbəsinin mərkəzində və digər ərzilərdə “Evdə qal” kompaniyası çərçivəsində hər sakinin xüsusi karantin rejiminin tələblərinə əməl etmələri üçün, hətta maarifləndirici təbliğat işlərinin həyata keçirilməsinin də canlı şahidi olduq. Ərazidə sakinlərdən kimsə çölə çıxırdısa dərhal polis əməkdaşları və həbçilər onları saxlayıb araşdırma aparır və xüsusi karantin rejiminin qaydalarını pozanlar isə, yerindəcə cərimə olunurdular. Rayonun ən böyük yaşayış məntəqəsi olan Lökbatanda görülən tədbirlərlə yaxından tanış olarkən, o halın da şahidi olduq ki, ərazidəki parka giriş tam şəkildə bağlanıb. Belə bir səbəb üzündən də, parkın ərazisində bir kimsə görünmür.
Bundan əlavə, o halın da şahidi olduq ki, rayon ərazisində mütəmadi olaraq genişmiqyaslı tədbirlər həyata keçirilir. Ələlxüsus bu tədbirlər sırasında ərazilərin sanitar vəziyyətinin yaxşılaşdırılması, əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlərin görülməsinə xüsusi diqqət yetirilir. Koronavirus (COVİD-19) infeksiyasının Qaradağ rayonu ərazisində yarada biləcəyi təhlükənin, yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, o cümlədən rayon ərazisində yerləşən bütün idarə, müəssisə, təşkilat və təhsil müəssisələrində, fərdi yaşayış evlərinin ərazisində, yaşayış və qeyri-yaşayış binalarında və digər ərazilərdə tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə, bu gün daha ciddi addımlar atılmaqdadır.
Rayonun konteyner meydançalarında yoluxucu xəstəliklərin profilaktikası məqsədilə gəmiricilərə, həşəratlara və xəstəlik törədən mikroorqanizmlərə qarşı kütləvi deratizasiya, dezinseksiya və dezinfeksiya işləri, məhz Səhiyyə Nazirliyinin dezinfeksiya tədbirləri barədə əmrinə əsasən, müvafiq kimyəvi preparatlarla həyata keçirilir. Kütləvi tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına tam şəkildə əməl olunur. Bu kimi işlərin həyata keçirilməsində Mənzil İstismar Sahələrinin əməkdaşları daha nümunəvilik nümayiş etdirirlər. Əslində belə bir addımın atılması, birbaşa cənab Prezidentin ölkə əhalisinin təhlükəsizliyinin təmin olunması yöndə etdiyi çağırışa verilən dəstəkdir. Odur ki, biz də KİV nümayəndəsi olaraq atılan belə bir addımları alqışlayır və ölkəmizin koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərindən üzüağ, alnıaçıq çıxacağına tam əminliklə inanırıq. O halın varlığını da qeyd edək ki, cənab Prezidentin çağırışı və birbaşa nəzarəti altında Qaradağ rayonu ərazisində də, koronavirus (COVİD-19) infeksiyasına qarşı aparılan mübarizə tədbirləri, çox yaxın vaxtlarda xalqımızı belə bir bəladan xilas olmasına lazımi təsirini göstərəcək.
tv713.az
19-04-2020, 14:00
Вернуться назад