DataLife Engine / Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatın müddəti uzadılıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatın müddəti uzadılıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatın müddəti uzadılıb


Magistraturaya jurnalistika üzrə 44 saylı proqram üzrə qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatın müddəti uzadılıb.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, jurnalistika üzrə 44 saylı proqrama aid magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və cari ilin qəbul imtahanındakı nəticələri müsabiqə şərtini ödəyən bakalavrlar ixtisaslaşma seçimindən əvvəl, 10 iyun saat 10:00-dək Dövlət İmtahan mərkəzinin internet saytında qeydiyyatdan keçməli və qabiliyyət imtahanı verməlidirlər.

Qeyd edilib ki, qabiliyyət imtahanında iştirak ödənişlidir. Bakalavrlar qeydiyyatdan keçmək üçün Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən xüsusi qabiliyyət tələb edən ixtisaslara tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı üçün müəyyən olunan məbləği (30 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər. Həmin məbləğ qeydiyyat zamanı bakalavrın “Şəxsi kabinet”inin "Hesab"ından çıxılır.

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanında 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçiminə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər. Müsabiqə şərtlərini ödəyən və magistratura səviyyəsinə jurnalistika ixtisaslaşmaları üzrə qəbul olmaq istəyən bakalavrlar 2020-ci il 10 iyun saat 10:00-dək Mərkəzin internet saytının müvafiq səhifəsində sorğu anketini doldurmaqla qeydiyyatdan keçməli, 2020-ci il iyunun 10-da "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və 2020-ci il iyunun 11-dən 16-dək vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər. İmtahanın onlayn formada keçirilməsi nəzərdə tutulur.

Jurnalistika üzrə qabiliyyət imtahanında hər bir bakalavra təxminən 30 dəqiqə vaxt ayrılır. Hər bir bakalavr Qabiliyyət İmtahanı Komissiyası (QİK) qarşısında cavab verir. QİK üzvləri bakalavrın dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını nəzərdən keçirir, onları təhlil edir və qiymətləndirir, imtahan verən hər bir bakalavrın ümumi dünyagörüş səviyyəsini, dünyada və ölkəmizdə cərəyan edən hadisələrdən və ictimai-siyasi proseslərdən xəbərdar olub-olmamasını, jurnalistikaya marağını, motivasiyasını, jurnalistika üzrə nəzəri biliklərini, KİV-lərlə tanışlığını, jurnalistikanın cəmiyyətdə rolunu başa düşməsini, jurnalistin peşə etikası qaydalarına bələdliyini və s. müəyyənləşdirmək məqsədi ilə təqdim edilmiş ədəbiyyat (mənbələr) çərçivəsində ona müvafiq suallar verirlər. Müsahibənin gedişində komissiya üzvləri bakalavrın maraq dairəsini, erudisiyasını və ümumi mədəniyyət səviyyəsini, KİV-lərdən xəbərdar olmasını, müasir publisistlərin yaradıcılığı ilə tanışlığını, seçdiyi peşənin xüsusiyyətlərini başa düşməsini, yaradıcı tapşırıqları cəld və orijinal şəkildə həll etmək bacarığını, həmçinin obyektiv reallığın hadisə və təzahürlərini qiymətləndirmədə müstəqil yaradıcı təfəkkür qabiliyyətini aşkara çıxaran əlavə suallar və yazılı tapşırıq (təhlil, redaktə, əməli yazı və s.) verə bilərlər. Şifahi sualları cavablandırarkən və ya yazılı tapşırıqları yerinə yetirərkən bakalavr intellektual səviyyəsini, dünyagörüşünü, jurnalistika sahəsində nəzəri və təcrübi biliklərini, ədəbi dili, dil və nitq normalarını bilməsini nümayiş etdirməlidir. Yalnız qabiliyyət imtahanından “məqbul” qiymət alan bakalavrlar ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə magistratura ixtisaslaşmalarını seçmək hüququ qazanacaqlar.

Jurnalistika üzrə qabiliyyət imtahanı haqqında ətraflı məlumat və həmin imtahanın proqramı “Magistr” jurnalının 2020-ci il tarixli 3‑cü sayında təqdim olunub. «Magistr» jurnalının 3-cü nömrəsinin elektron versiyasını (pdf formatında) günün ikinci yarısından etibarən DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal).

Qeydiyyatdan keçən bakalavrların nəzərinə bir daha çatdırılıb ki, onlar qeydiyyat prosesi başa çatanadək dövri mətbuatda çap olunmuş jurnalistika janrları üzrə 2-3 ədəd yazılarının skan edilmiş surətini, internet KİV-lərdə, radio və televiziyada yayımlanmış çıxışlarının elektron variantını (yazısını); təqdim edilən materialların onlara məxsus olması ilə bağlı KİV-in məsul işçisi tərəfindən imzalanmış və təşkilatın möhürü ilə təsdiqlənmiş arayışın skan edilmiş surətini [email protected] elektron poçt ünvanına göndərməlidirlər, əks halda, imtahana buraxılmayacaqlar.(apa.az)

tv713.az
9-06-2020, 10:57
Вернуться назад