DataLife Engine / Azərbaycanda karantin rejimində ilk yarış keçirilib

Azərbaycanda karantin rejimində ilk yarış keçirilib

Azərbaycanda karantin rejimində ilk yarış keçirilib


Nazirlər Kabineti yanında Operativ Qərargahın iyun ayının 1-dən etibarən açıq məkanlarda idman yarışlarının keçirilməsinə icazə verməsindən sonra Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) mövsümün ilk yarışını təşkil edib.

AzVİF-dən apasport.az saytına verilən məlumata görə, Dünya Velosiped Gününə həsr edilmiş trek üzrə Federasiya Kuboku yarışında U-15, U-17 və gənclər kateqoriyası üzrə 60-a yaxın idmançı mübarizə aparıb.

Karantin rejimi zamanı ev şəraitində məşq edən velosipedçilərin fiziki durumunu yoxlamaq məqsədilə keçirilən turnir fərdi ötüşmə sistemi üzrə təşkil olunub.

15 yaşadək qızların 333 metr məsafəyə yarışında 7 saylı Olimpiya Məktəbinin üzvü İradə Əbdürəhmanova, 666 metr məsafəyə mübarizədə Respublika Olimpiya Velosiped Məktəbinin yetirməsi Radha Şabanova 1-ci olub. Bu yaş kateqoriyasında oğlanlar arasında isə Respublika Olimpiya Velosiped Məktəbindən Tamerlan Vitovski hər 2 növdə fəxri kürsün ən yüksək pilləsinə qalxıb.

17 yaşadək oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbini təmsil edən Kamran Mirzəxanov həm 333, həm də 1 km məsafəyə ötüşmələrdə bütün rəqiblərini qabaqlayıb. 7 saylı Olimpiya Məktəbinin üzvləri Gülşən İsmayılova 333, Fatimə Əfqanzadə isə 1 km məsafəyə fərdi ötüşmədə çempionluq sevinci yaşayıb.

Gənc oğlanlar arasında “Neftçi” İdman Klubunun velosipedçisi Nofəl Nuriyev, gənc qızlar arasında isə Respublika Olimpiya Velosiped Məktəbindən Viktoriya Sidorenko həm 200 metr, həm də 1 km məsafəyə ötüşmələrdə hamıdan güclü olublar.

Qaliblər medal, diplom və qiymətli hədiyyələrlə təltif edilib. Yarış zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində verdiyi bütün tapşırıq və tövsiyələrə əməl edilib.

tv713.az
9-06-2020, 18:00
Вернуться назад