Vahid Əhmədov müalicəsinin uğurla davam etdiyini söyləyib
Milli Məclisin deputatı Vahid Əhmədov Türkiyədə müalicəsini davam etdirir. Millət vəkili “Yeni Müsavat”ın əməkdaşı ilə qısa telefon danışığında müalicəsinin uğurla davam etdiyini söyləyərək əlavə edib ki, həkimlərin məsləhətinə əsasən, daha on gün müalicə olunmalıdır. V.Əhmədov pandemiya dövründə hər kəsi sağlamlığını qorumağa çağırıb.
Qeyd edək ki, millət vəkili 2 il əvvəl Türkiyədə ürəyindən əməliyyat olunmuşdu. Ötən ayın sonlarında ürəyində problemlər yaranan V.Əhmədov özəl təyyarə ilə Türkiyəyə getmişdi və həkim nəzarəti altına alınmışdı.
Milli Məclisin istiqlalçı deputatının səhhətində problemin yaranması xəbəri əksər insanları narahat edib. Sosial şəbəkələrdə çoxsaylı insanlar Azərbaycanın dəyərli ictimai-siyasi xadiminə tezliklə şəfa tapmağı arzulayırlar və xoş sözlərini bölüşürlər. Orta məktəbi qızıl medalla bitirən, Azərbaycan Politexnik İnstitutunda ali təhsil alan V.Əhmədov əmək fəaliyyətinə fəhləlikdən, sex rəisi vəzifəsindən başlasa da (Şmidt – indiki Səttərxan adına maşınqayırma zavodunda-E.P.), sonralar “Bakneftmaş” İstehsalat Birliyinin baş direktoru vəzifəsinədək yüksəlib. 1990-95-ci illərdə isə Azərbaycan Respublikası Ali Məclisinin deputatı olub. Növbəti illərdə dəfələrlə seçicilərin etimadını qazanaraq, Milli Məclisə üzv seçilib. Seçicilərin daim ağsaqqal kimi tanıdığı V.Əhmədovun çalışmaları nəticəsində bir neçə il əvvəl Quba rayonunda bir sıra məmurların fəaliyyətinin məntiqi nəticəsi olaraq ortaya çıxmış xoşagəlməz hadisələrin qarşısı alındı. Bu mənada V.Əhmədova həm dövlətimizin böyük etimadı var, həm də seçicilərinin. Ona həm iqtidardakılar, həm müxalifətçilər, həm də bitərəflər etimad edir. Milli Məclisin komitə və plenar iclaslarında da daim fəallığı ilə tanınıb, ilin fəal deputatı nominasiyasının dəfələrlə qalibi olub. Dəfələrlə qanunvericilik təşəbbüsü ilə çıxış edib. Müəllifi olduğu Rəqabət Məcəlləsi də hazırda müzakirə ərəfəsindədir. Qazandığı böyük rəğbətin və yüksək etimadın nəticəsidir ki, Prezident İlham Əliyev bir neçə il əvvəl V.Əhmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalamışdı.
Deputat Qüdrət Həsənquliyev “Yeni Müsavat”a açıqlamasında dedi ki, ağsaqqal həmkarının xəstələnməsini üzüntü ilə qarşılayıb. Ancaq dəfələrlə telefon əlaqəsi saxlamağa çalışsa da, bu, mümkün olmayıb: “Vahid müəllim bizim istiqlalçı deputatlardandır, xalq hərəkatının öndə gedən liderlərindən biri olub. Parlamentin ən fəal, ədalətli və peşəkar deputatlarından biridir. Vahid müəllim peşəkar iqtisadçıdır, öz sahəsinin bilicisidir, yaxşı parlamentardır. Həmçinin öz seçicilərinin həmişə qayğısına qalan bir insandır. Dövlət maraqlarını bütün mənafelərdən üstün tutan dəyərli vətəndaşdır. Qeyd etdiyim kimi, bizim istiqlalçı deputatımızdır. Vahid müəllim 1991-ci ilin martında mərhum prezident Heydər Əliyevlə birlikdə SSRİ-nin saxlanmasının əleyhinə səs vermiş bir insandır”. Q.Həsənquliyev də təsdiqlədi ki, millət vəkillərinin əksəriyyətini V.Əhmədova hörmət və rəğbətlə yanaşır: “Onun hansısa fikirlərinə qarşı kimlərsə ola bilər, bu da çox normaldır. Parlamentdə fərqli fikirlər, yanaşmalar, düşüncələr olmalıdır. O baxımdan fərqli fikirlilik normal qəbul oluna bilər. Vahid Əhmədov bizim xalqımızın dəyərli bir oğludur. Yaxşı insandır, yaxşı dostdur. İnsanların qayğısına qalan, çox qayğıkeş bir millət vəkilidir. Dövlət maraqlarını, milli maraqları hər şeydən üstün tutan deputatdır. Özü də seçicilərinin hörmətini qazanan bir adamdır ki, ona təkrar səs verdilər, etimad göstərdilər. Mən Allahdan Vahid müəllimə şəfa diləyirəm!” Q.Həsənquliyev əlavə etdi ki, bir neçə digər deputat da hazırda müalicə olunur: “Bizim bir neçə millət vəkili koronavirusa yoluxub. Həmçinin keçmiş həmkarlarımızdan da yoluxan var. Onlar da hazırda ciddi müalicə alırlar. Mən onların hamısına Allahdan şəfa diləyirəm və tezliklə öz işlərinə, ailələrinə qayıtmalarını arzu edirəm”.
Bəs Milli Məclisin üzvləri xəstələnəndə onların xərclərini hansı qurum qarşılayır? Bununla bağlı qanunvericilikdə xüsusi maddə nəzərdə tutulubmi? Q.Həsənquliyev bildirdi ki, deputatın müalicə xərcləri ilə bağlı qanunvericilkdə xüsusi bir maddə yoxdur: “Bizdə, sadəcə, ölümlə bağlı sığorta var. 60 min manata qədər sığorta pulu verirlər. Amma müalicə ilə bağlı bir şey yoxdur”.
Deputat, YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə də bizimlə söhbətində V.Əhmədova cansağlığı arzuladı: “Vahid müəllim prinsipial mövqedə olan, aktual məsələlər üzrə çıxış edən həmkarlarımızdandır. Deputat korpusunun ona böyük hörməti var. Vahid müəllimin xəstələnməsi xəbərindən sonra hər birimiz çox pis olduq. Biz ona tezliklə sağalmağı arzulayırıq! Yenidən onun parlament tribunlarından, mətbuatdan bu və ya digər məsələlərə dair mövqeyini eşitmək istəyirik”.
Deputat Fazil Mustafa da Vahid müəllimə Allahdan şəfa dilədi: “Bu çətin günlərdə xəstəxanada olmaq ikiqat üzüntülüdür, telefonla da əlaqə saxlamaq olmur. Ümid edirəm ki, tezliklə sağalıb ailəsinə, doslarına qovuşar”.
tv713.az
9-07-2020, 10:18
Вернуться назад