DataLife Engine / Şəhid ailələri və müharibə əlillərinə 200 mənzil veriləcək

Şəhid ailələri və müharibə əlillərinə 200 mənzil veriləcək

Şəhid ailələri və müharibə əlillərinə 200 mənzil veriləcək


Bu ilin ilk yarısında bütün sosial ödənişlər vaxtında, hətta pandemiya dövründə vaxtından əvvəl həyata keçirilib.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

O qeyd edib ki, bu sosial ödənişlər çərçivəsində ötən ilin analoji dövrü ilə müqayisədə 24 faiz artıq, yəni 436 milyon manat çox vəsait ödənilib: "Pensiyaların indeksasiyası ilə bağlı Sizin cari ilin əvvəlində qəbul etdiyiniz qərara uyğun olaraq 1,2 milyon pensiyaçının pensiyaları 16,6 faiz artırılmışdır. Bunun nəticəsində də orta pensiyamız ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz artaraq 297 manata, yəni, faktiki olaraq 300 manata yaxınlaşıb. Eyni zamanda, pandemiya dövründə 750 min şəxsə müavinət və təqaüdlər yenə də vaxtından əvvəl ödənilib. Bu məqsədlər üçün ötən ilin 6 ayı ilə müqayisədə 151 milyon manat və ya 45 faiz artıq vəsait ödənilib. Habelə pensiya, müavinət, təqaüd ödənişlərinin elektronlaşdırılması xüsusi karantin rejimində əhalinin mobilliyinin azaldılması baxımından çox böyük önəm kəsb edirdi".

Nazir qeyd edib ki, bu ilin altı ayı ərzində pensiya və təqaüdlərin 53 mini məhz tam elektron qaydada, məmur-vətəndaş təması olmadan həyata keçirilib. Eyni zamanda, 324 min insana elektron qaydada arayışlar təqdim edilib.

Hazırda Azərbaycan minimum pensiyanın məbləğinə görə alıcılıq qabiliyyəti üzrə MDB-də birinci yeri, orta pensiyanın alıcılıq qabiliyyəti üzrə isə ikinci yeri tutur.

Sosial ödənişlərin digər vacib bir istiqaməti məhz sosial təminatla bağlı idi və burada da Sizin tapşırığınıza uyğun olaraq ünvanlı sosial yardım proqramının ödənişinin, prosedur qaydalarının sadələşdirilməsi üzrə iş aparıldı. Artıq bu gün 84 min ailənin 350 min üzvünə ünvanlı sosial yardım ödənişləri həyata keçirilir. Pandemiya dövründə artım 14 min ailənin 58 min üzvünü əhatə etdi. Eyni şəkildə orta məbləğ burada 225 manata bərabər olub və bütün prosesin tam elektron portal üzərindən həyata keçirilməsinə başlanılıb.

Sosial təminatın digər bir istiqaməti olaraq aztəminatlı ailələrimizə dəstək proqramları və Sizin tapşırığınıza uyğun olaraq şəhid ailələrinə, müharibə əlillərinə mənzil və avtomobillərin verilməsi proqramı davam etdirildi. Artıq bu günə 300 mənzil və 100 avtomobil bu kateqoriyadan olan insanlarımıza təqdim edilib".

Nazir bildirib ki, karantin rejimi bitdikdən sonra daha 200 mənzil və 100 avtomobil şəhid ailələrimizə və müharibə əlillərinə təqdim olunacaq: "Ümumilikdə ilin sonunadək 1500 mənzil və fərdi ev və 400 avtomobilin verilməsi planlaşdırılır. Eyni zamanda, tənha yaşayan ahıl şəxslərimizin sosial müdafiəsinin təmin edilməsi üçün 65 yaşdan yuxarı tənha ahılların hər biri nazirlik tərəfindən tam şəkildə sosial xidmətə götürüldü və ölkə ərazisi üzrə bu qəbildən olan 15 min insana sosial xidmətçilər tərəfindən gündəlik xidmət göstərilir. Sizin çağırışınıza qoşulan bir çox dövlət və özəl şirkətlərimizin təşəbbüsü ilə pandemiya dövründə 100 mindən çox ailəyə ərzaq payları təqdim edildi. Burada həm dövlət qurumlarımız, həm də özəl şirkətlər çox aktiv rol oynadılar".

tv713.az
16-07-2020, 11:50
Вернуться назад