DataLife Engine / SOCAR-a məxsus torpaqlar vətəndaşlara necə satılır?

SOCAR-a məxsus torpaqlar vətəndaşlara necə satılır?

SOCAR-a məxsus torpaqlar vətəndaşlara necə satılır?


Azərbaycanda dövlətə, o cümlədən Dövlət Neft Şirkətinə (SOCAR) məxsus torpaq sahələrinin ayrı-ayrı fiziki və hüquqi şəxslərə satılması ilə bağlı problem hələ də həll olunmamış qalır. Xüsusilə də neft kəmərlərinin keçdiyi ərazilərin vətəndaşların ixtiyarına verilməsi, oralarda fərdi yaşayış evlərinin tikilməsi narahatlıq doğurur. Halbuki, qüvvədə olan normativ-hüquqi aktlara əsasən neft kəmərlərindən hər iki istiqamət üzrə minimum 50 metr, neft quyularından isə 300 metr məsafədə hər hansı şəxsi tikinti işlərinin aparılması qadağandır.

Qanunla müəyyən edilmiş bu mühafizə zonaları boru xəttləri, habelə neft quyuları kimi mühüm strateji əhəmiyyətli obyektlərin təhlükəsizliyinin təmin olunması, zəruri hallarda müvafiq təmir-bərpa işlərinin aparılması, ən əsası isə vətəndaşların təhlükəsizliyinin qorunması baxımından həyati əhəmiyyət kəsb edir. Bəs bu kimi halların qarşısını necə almaq olar?

"Bələdiyyələr günahkardır"

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, dövlət torpaqlarının qeyri-qanuni yollarla satışa çıxarılmasında bələdiyyələr aktiv iştirak edir: "Dövlət torpaqlarının satışı ilə ayrı-ayrı şəxslərin məşğul olması mümkün deyil. Yəni kimsə SOCAR-a məxsus torpağı zəbt edib, onu sata bilməz. Dövlət torpaqlarının satışını ayrı-ayrı yerli bələdiyyələr və onların nəzarətində olan şəxslər həyata keçirir. Hesab edirəm ki, bələdiyyələrin dövlət torpaqları üzərində sərəncam vermək məsələsi ilə bağlı ciddi işlər görülməlidir”.

"Bu istiqamətdə nəzarət tədbirləri gücləndirilməlidir”

Bundan başqa, onun sözlərinə görə, qeyri-qanuni fəaliyyəti ortaya çıxan bələdiyyələrə qarşı ciddi, inzibati tədbirlər görülməlidir: "Təəssüf ki, bu tədbirlər həyata keçirilmir. Eyni zamanda, bu addımı atan dövlət təşkilatları və bu təşkilatlara bağlı olan şəxslər müəyyən edilərsə, həmin təşkilatlara qarşı ciddi tədbirlər görülməlidir. Dövlət torpaqlarının alqı-satqı predmeti olması və yaxud zəbt edilməsi bilavasitə cinayət tərkibi yaradan məsələdir. Hesab edirəm ki, bu istiqamətdə nəzarət tədbirləri gücləndirilməlidir. Təkcə SOCAR-ın deyil, ayrı-ayrı qurumların balansında olan torpaq sahələrinin alqı-satqı predmetinə çevrilməsi ilə bağlı məlumatlar ortaya çıxır. Bu məsələyə Əmlak Məsələləri Dövlət Komitəsi nəzarət edirdi. Komitə ləğv edilib İqtisadiyyat Nazirliyi yanında Xidmətə çevriləndən sonra qurumun fəaliyyətində xeyli müddət passivlik yaranıb. Qarşıdakı aylarda xidmətin əməkdaşlarının işlərinin hansı səviyyədə olacağını görəcəyik. Bütün hallarda hesab edirəm ki, hüquq mühafizə orqanları, təşkilatlar eyni zamanda Əmlak Məsələləri Dövlət Xidməti bu məsələlərə nəzarəti artırmalıdır”.

"Vətəndaşlar sənədsiz torpaq almasın”

"Vətəndaşlar da bilməlidir ki, dövlət torpaqlarının satışına dair hərrac keçirilmirsə, bu cür torpaqlar aktlaşdırılıb satıla bilməz. İnsanlar sənədi olmayan torpaq sahələrini almasınlar. Sonradan torpağın üzərində tikinti aparmaq ixtiyarı olmayacaq”, - R.Osmanlı əlavə edib.(report.az)

tv713.az
7-08-2020, 15:07
Вернуться назад