Bakıda 300-ə qədər insan seroloji testdən keçirilib
“Koronavirusla əlaqəli seroloji testlərdən diaqnoz üçün istifadə edilmir. Hazırda əsas PCR testi aparılır”.
Bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında Tibbi-elmi Komitənin sədri Akif Qurbanov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, seroloji test yalnız insanların hansı qisminin virusa yoluxub-yoluxmamasını bilmək üçün aparılır: “Bu test vasitəsilə hansı insanların virusa qarşı immunitet qazanmasını öyrənə bilərik. Hazırda testlərin istifadəsinə başlanılıb və bu da könüllülük əsasındadır. Yəni bu o demək deyil ki, kim müraciət etsə, bu testdən keçiriləcək. Bizə hazırda lazımdır ki, əhalinin neçə faizi bu xəstəliyi keçirib. Misal olaraq, insanların 50-60%-i virusa yoluxub və biz karantin rejimində ciddi yumşalmalara gedə bilərik. Yox əgər görsək ki, insanların cəmi 20-30% faizi hələ xəstəliyə yoluxmayıb, o zaman daha ciddi qorunma tədbirləri görüləcək”.
TƏBİB rəsmisi vurğulayıb ki, artıq Bakı şəhərində 300-ə qədər insanın qan zərdabında virusa anticisimlərin olub-olmaması yoxlanılıb: “Nəticələr yaxın vaxtlarda ictimaiyyətin diqqətinə çatdırılacaq. Zamanla da regionlarda da bu testin tətbiqi mümkün olacaq”.
Qeyd edək ki, testlərin aparılmasında əsas məqsəd əhali arasında COVID-19 xəstəliyinin keçirilməsi haqqında təsəvvürlərin əldə olunması, xəstəliyi keçirmiş şəxslərdə yaranmış immunitet səviyyəsinin öyrənilməsidir. Bu testlər vasitəsilə son 3 ay ərzində xəstəlik keçirmiş, immunitet qazanmış insanların sayını müəyyən etmək mümkün olur. Seroloji testlər vasitəsilə əhali arasında virusa qarşı formalaşmış immunitet səviyyəsinin öyrənilməsi pandemiya ilə mübarizə üçün daha doğru yanaşmalar seçməyə imkan verir.
tv713.az
29-08-2020, 11:40
Вернуться назад