Siyavuş Novruzov gələcək aqibəti ilə bağlı öncədən məlumat veribmiş
YAP-ın icra katibinin sabiq müavini “Bu gün-sabah mən də gedəcəm, yerimə yeni adam gəlməlidir” deyəndə Ramiz Mehdiyev hələ nəvəsinə toy etməmişdi
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin sabiq müavini Siyavuş Novruzov məlum toy qalmalında ən çox hədəfə gələn və bu izdivacda iştirakdan ən çox zərərçəkən şəxs oldu. Toyda iştirak faktı üzə çıxdıqdan sonra “əcəb eləmişəm” kimi sözlərlə mediaya açıqlama verən deputat əvvəl xüsusi karantin qaydalarını pozduğuna görə 400 manat məbləğində cərimə olundu. Bu azmış kimi S.Novruzova YAP tərəfindən töhmət elan edildi. Bəlkə də, partiyada fəaliyyət tarixində ilk dəfə...
Avqustun 24-də S.Novruzov partiyanın sədri İlham Əliyevə müraciət edərək onu tutduğu vəzifədən azad etmək barədə xahiş etdi. Səhəri gün Siyavuş Novruzovun Yeni Azərbaycan Partiyası İcra katibinin müavini vəzifəsindən azad edilməsi barədə müraciəti qəbul edildi. Beləcə, bir parlaq partiya karyerası toya qurban getdi... Yeri gəlmişkən, Siyavuş Novruzov YAP-da fəaliyyətə 1994-cü ildən başlamışdı. Milli Məclisinin II çağırış, III çağırış, IV çağırış, V çağırış və VI çağırış deputatı, hazırda da Milli Məclisin Komitə sədridir.
Sosial şəbəkədə çox tənqid edilsə də, Siyavuş Novruzov təkcə parlamentdə deyil, mediada da ən aktiv siyasətçilərdən biri idi. O, toy qalmaqalına qədər də AMEA prezidenti Ramiz Mehdiyevi mediada ən çox müdafiə edən şəxs idi. Onun açıqlamaları bir çox hallarda cəmiyyətin müxalif kəsimini narazı salsa da, media onunla müsahibələrdə maraqlı idi.
Onun avqustun 2-də onlayn mediada yayılmış (müsahibəni modern.az-a verib) müsahibəsi isə indi tam fərqli səbəbdən maraqlıdır, hətta heyrət, bir az da şok effekti yaratması baxımdan diqqət çəkir.
Siyavuş Novruzov bu müsahibədə heyrətediləcək tərzdə 1994-cü ildən sıralarında olduğu partiyada sonrakı taleyini bir cümləyə sığışdırıb, baş verəcəkləri, daha doğrusu, başına gələcəkləri 22 gün əvvəldən xəbər verib. Qeyd edək ki, bu müsahibədən əvvəl YAP-ın sabiq funksioneri Bakıdakı ermənilər haqda danışmışdı, sözügedən müsahibədə isə daha sərt mövqe tutmuşdu: “Azərbaycanda 30 min erməni ailə yaşayır. Onların uşaqları, nəsli-nəcabəti var. Onların hamısı bu gün sosial şəbəkələrdə antiazərbaycan təbliğatı aparırlar. Çoxunun anası, çoxunun arvadı ermənidir... Amma bütün anti-təbliğat aparanlar da onlardır”.
İndi isə S.Novruzovun həmin müsahibəsində son taleyini açıqladığı sual-cavabı təqdim edirik.
- İlin əvvəlindən bu yana xeyli yeni siyasi partiya qeydiyyata alındı. Bu proseslərdən sonra Azərbaycanın siyasi palitrasının dəyişəcəyini düşünə bilərikmi?
- Azərbaycanda elə partiyalar var ki, 1990-cı illərdən qeydiyyata alınıb. Halbuki nə partiya işləyir, nə bir tədbir keçirir, nə siyasi prosesdə iştirak edir. Siyasi sistem yenidən formalaşdırılmalıdır. Yeni nəsil gəlməlidir. Bu gün-sabah mən də gedəcəm, yerimə yeni bir adam gəlməlidir. Siyasət dünyası da eyni şeydir. Artıq Azərbaycan siyasi sistemindən adamlar özləri istefa verməlidir. Yeni partiyaların qeydiyyata alınması müsbət haldır.
22 gün sonra baş verənləri isə hamınız bilirsiniz... (musavat.com)
tv713.az
30-08-2020, 22:02
Вернуться назад