Taleyin ironiyası bəzən bir çox həqiqətlərə işıq saçır. Lap elə BƏHMƏN SƏFƏRƏLİYEVİN TALEYİ kimi. Bəhmən Səfərəliyevin taleyində də ikiyə bölünmüş Azərbaycanımızın əksi görünür. Onun ölümündə də bölünmüş Azərbaycanın taleyi yaşanıb...
Rusların və farsların işğalçı siyasəti nəticəsində Güney və Quzey Azərbaycana parçalanan Vətənimizin Şəhid Övladlarının talelərinə də belə parçalanmalar düşdü. Özləri bu gün Şəhidlər Xiyabanında uyusalar da, Şəhid qardaşlarımızın Kəsik Qolları, Kəsik Qıçları bu gün Qarabağ səması üstündə qıy vurur, para hesabına mənəviyyatı zorlanan millətin biganəliyinə, nankorluğuna, unutqanlığına baxıb ünlü şairimiz Məmməd İsmayılın dilincə, “hanı yuvam, yurdum, hanı: qəmə boyun burdum, hanı: gəldi yazın kor dumanı: yəqin yalquzaq doğulur” deyə haray çəkib, bizi səsləyirlər. Şəhid qardaşımız Bəhmən Səfərəliyevin də cismi Azərbaycanımız kimi iki parça olub: Şəhidimizin mübarək cisminin bir parçası Bakıda Şəhidlər Xiyabanından nankorluğumuzu seyr edir, başqa bir qismi də Laçının Pircahan kəndində yurda keşik çəkir....
CİSMİNİN YARISI ŞƏHİDLƏR XİYABANINDA, YARISI PİRCAHANDA... HAŞİYƏ:
Bəhmən Səfərəliyev 10.01.1961-ci ildə Laçın rayonunun Pircahan kəndində anadan olub. Orta məktəbi öz kəndlərində bitirdikdən sonra Şuşa texniki peşə məktəbində oxuyub. 1979-1981-ci illərdə sovet ordusu sıralarında xidmət edib. Hərbi xidmətdən sonra Bakıya gələn Bəhmən Qanköçürmə İnstitutunda və digər yerlərdə sürücü kimi işləyib.
1988-ci ildə erməni separatizmi baş qaldıranda Bəhmən öz doğma kəndinə qayıdıb ümumi səfərbərlikdə aktiv iştirakçılardan birinə çevrilib.
1992-ci il 18 mayda Laçın işğal olunandan sonra könüllü olaraq yeni formalaşan 713 saylı hərbi hissəyə daxil olur. Laçın və Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib.
19.09.1992-ci ildə Laçın rayonu, Hoçaz yüksəkliyi uğrunda gedən döyüşdə hərbi hissənin əsgərlərini ərzaq və silah sursatla təmin etmə işində misilsiz xidmət göstərmişdir. Döyüş zamanı yaralı silahdaşlarını idarə etdiyi maşınla aktiv döyüş zonasından çıxararkən minaya düşüb. Döyüş yoldaşları tərəfindən xəstəxanaya çatdırılsa da, bir gün sonra Bəhmən Səfərəliyev Şəhid olub.
Məzarı Bakı şəhərində Şəhidlər Xiyabanındadır.
Bu gün Pircahan kənd orta məktəbi ilk Şəhidi olan Bəhmən Səfərəliyevin adını daşıyır...
713 saylı hərbi hissənin döyüşçüləri də öz can qardaşlarının xatirəsini yad etmək üçün digər Şəhid qardaşları kimi hər zaman bu ailəyə də baş çəkir, öz Anaları sandıqları Bəhmən Səfərliyevin Anasının hüzurunda bir Ağsaçlının dərdinə şərik olmağa çalışırlar...
AZƏR PAŞAYEV: “Bəhmən düşmən minasına yeddinci reysdə düşmüşdü”
Bəhmən Səfərəliyevlə bağlı xoş xatirələrini belə görüşlərdən birində iştirakçılarla bölüşən 713 saylı hərbi hissədə komendant bölüyündə xidmət etmiş AZƏR PAŞAYEV deyir ki, “Bəhmən düşmən minasına yeddinci reysdə düşmüşdü. Bəhmənin Ruhu hər zaman bizim üçün əzizdir.Biz hər birimiz Bəhmənin doğmalarının dərdinə şərikik və hər zaman onların yanındayıq. O zaman bizə verilən iki maşına mən cavabdeh idim. Dedilər ki, masının birini göndərin getsin. Mən o maşını kimə verə bilərdim. O zaman hərbi təyinatlı maşın yox idi. Sonra məni çağırdılar Müdafiə Nazirliyinə və dedilər ki, həmin maşınlar elə bir şəxsə verilməlidir ki, o adam cəsur olmağıyla yanaşı həm də bu maşınlarla çox yüksək xidmət göstərməyi bacarsın, dağlıq relyefdə gözəl idarəetmənin bacarsın. Ümumi söhbətlər aparılandan sonra bəlli oldu ki, belə bir adam var və bu da bizim Bəhmən qardaşımız idi. Və beləcə mən maşını Bəhmənə verib dedim ki, qardaşım, sağ-salamat gələsən. Sonra eşitdim ki, harada bir od yağırsa, Bəhmən o odun içindən yaralılarımızı çıxarır. Bəhmən Şəhid olan gün düşmən minasına yeddinci reysdə düşmüşdü”.
KAMİL ŞİRİNOV: “Şəhidlər mükafatlarını Allah dərgahında alıblar” AVMVİB sədrinin birinci müavini, həm də 713 saylı hərbi hissədə həkim kimi döyüş yolu keçən Habil Şirinovun qardaşı KAMİL ŞİRİNOV Şəhid ailələrinə münasibətdə keçmiş döyüşçülərin belə sayğıyla yanaşmalarının bütövlükdə cəmiyyətə bir örnək olduğunu bildirdi:
"Bizim Şəhidlərimizin həyatı hərəsi bir əsərdir. Mənim Habil qardaşım da 713 saylı hərbi hissədə həkim kimi döyüşüb. Şəhidlər öz mükafatlarını Allah dərgahında alıblar. Onlar ölü deyillər, onlar diridilər. Allah bizləri onların yanında xəcalətli etməsin ki, onların yanında gedəndə alnıaçıq olaq. Biz AVMVİB olaraq bütün şəhid ailələrini, əlilərimizi hər zaman yad etmişik və bundan sonra da edəcəyik. Sevindirici haldır ki, belə qruplar da formalaşmaqdadır və bu qrupların öz döyüş yoldaşlarını arayıb axtarmaları gözəl bir haldır, alqışlanasıdır. Biz də Şəhid ailələrini hər zaman yad etməyi öz boyun yükünmüz sanır və az da olsa onlara təsəlli timsalında öz daxili imkanlarımız hesabına təsis etdiyimiz “Müharibə veteranı” xatirə medalını təqdim edib hörmətlə yad edirik”.
RAFİQ ŞÜKÜROV: “Tapşırıqları anındaca həll edirdi”
713 saylı hərbi hissənin keçmiş döyüşçülərindən olan RAFİQ ŞÜKÜROV Bəhmənin həm uşaqlıq, həm də məktəb illərinin dostu olub. Şəhidimizlə bağlı duyğularını dilə gətirən Rafiq Şükürov Bəhmənlə çiyin-çiyinə erməni vandallarına qarşı birgə döyüşdüyündən qürur hissi keçirdiyin vurğulayır.
“Bəhmən haqqında danışmaq mənim üçün həm asan, həm də çətindir. Mən Bəhmənlə qonşu olmuşam. Uşaqlıq illərimiz bir yerdə keçib. Orta məktəbi bir yerdə oxumuşuq. Bəhmən çox gözəl xarakterə malik bir adam idi. Bəhmən nəyə söz verirdisə tam zamanında və qədərindən də artıq bir şəkildə yerinə yetirirdi. Müharibədə də belə idi. Bütün tapşırıqları anındaca həll edirdi”.
DAŞQIN PAŞAYEV: “Bəhmənin timsalında qəhrəmanlıq salnaməsinin şahidi olmuşuq"
“Sovet dönəmində düşmən tərəfindən 21 əsgəri məhv edən döyüşçüyə “Sövet İttifaqı Qəhrəmanı” adı verilirdi” deyən 713 saylı hərbi hissənin keçmiş döyüşçülərindən olan
DAŞQIN PAŞAYEVin bildirdiyinə görə “torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş Şəhidlərimizin Ruhu qarşısında bu gün biz hamımız günahkarıq. Çünki bizlər hələ də qan qardaşlarımızın, can qardaşlarımızın arzu və istəklərini tam şəkildə gerçəkləşdirə bilməmişik. Biz Bəhmənin timsalında əsil qəhrəmanlıq salnaməsinin şahidi olmuşuq. Döyüş zamanı güllə yağış kimi yağdığı bir vaxtda hər oğulun işi deyildi ki, düşmənlə qarşı-qarşıya olsa da, maşınla yaralıları o zonadan çıxarsın. Maşın böyük hədəfdir. Bəhmən minaya düşdüyü yeri artıq yeddinci dəfə idi ki, keçirdi. Bəhmən sözün əsil mənasında qəhrəmandır. Belə Oğulların qəhrəmanlıqları cəmiyyətə daha geniş spektrdə təqdim olunmalıdır. Qardaşımızın anası bizim anamızdır. Bəhmənin oğlu İkram bu gün bizimlə bir yerdə Şəhid qardaşımızın amalları uğrunda çaslışmaqdadır. Allah Bəhmən qardaşımıza rəhmət eləsin”.
MÜŞFİQ RƏHİMOV: “Bəhmən dedi ki, ölməyə yox, öldürməyə gəlmişik” Bəhmən haqqında xoş xatirələrini danışan Şəhidimizin silahdaşlarından olan MÜŞFİQ RƏHİMOV üç övladını Vətən torpaqlarının müdafiəsinə yola salan Məhbubə Ananın qarşısında baş əyib, tam haqlı olaraq “yurdumuz belə uca varlıqların sayəsində var olacaq” söyləyir: “Belə Analar özləri bizim millət üçün bir qəhrəmanlıq simvoludurlar. Bu, hər kəsin bacaracağı iş deyil ki, Vətənin dar günündə üç övladına əsgər andı içdirib döyüşə göndərə. Bizim kənddə 5 nəfər fəxr ediləsi oğul varsa, onun biri də Bəhməndi. O vaxtı biz Kamran müəllimin evində qalırdıq. Gecə gördük ki, erməninin texnikası gəlir. O zaman orada başqa batalyondan olan uşaqlar da var idi, nə qədər ağrılı olsa da, demək zorundayam ki, səhərə yaxın onlar qaçdılar. Bizim kənddən orada 35-36 uşaq var idi. Onda Bəhmən bizə yaxınlaşıb dedi ki, birdən siz də qorxub qaçarsınız haaa. Mən də öz aləmimdə yekə-yekə dedim ki, biz hara qaçasıyıq, biz burada ölmək lazım olsa belə öləsiyik. Bəhmən mənə dedi ki, biz bura ölməyə yox, öldürməyə gəlmişik. Hamımıza ürək-dirək verirdi”.
MEHRAB BAĞIROV: “Şəhid olmaq uca yaradanın bəndəsinə lütfüdür”
“Bəhmən ölməyib, bu gün də yaşayır” deyən 713 saylı hərbi hissədə həm qumbaraatan, həm də hərbi hissənin maliyyə işləri üzrə pəisi olan MEHRAB BAĞIROVun fikrincə, şəhid olmaq Uca Yaradanın öz bəndəsinə böyük bir lütfüdür:
“Bəhmən çox az danışan adam olsa da, ancaq söhbətlərində bir təmizlik, bir dürüstlük var idi. Həmişə öz böyüklüyünü göstərirdi. Səxavətli idi, axırıncı tikəsini belə yoldaşla bölməyi bacaran kişi idi Bəhmən. Mən elə bilirdim ki, onun övladı yoxdu, ancaq biləndə ki, bu, heç də belə deyil, onda çox sevindim. Bəhmən və Bəhmənin timsalında bütün Şəhidlərimiz bircə gün belə bizim yadımızdan çıxmayıb. Tez-tez Xiyabana baş çəkir, öz övladlarımıza Şəhid qardaşlarımız, onların döyüş yoluyla bağlı bütün informasiyaları onlara veririk. Bəhmən Şəhidlik Zirvəsinə ucalmaqla həm də öz Anasına bizlərin timsalında çoxlu övlad qazandırdı və biz də bir Ana qazandıq”.
QƏŞƏM RZAYEV: “Özü Şəhid oldu, ancaq neçə yaralıya həyat bəxş etdi” 713 saylı hərbi hissədə həkim və həm də kəşfiyyatçı kimi döyüş yolu keçən QƏŞƏM RZAYEV “öz ölümüylə başqalarına həyat bəxş edən Bəhmən Səfərəliyev" haqqında danışmağa çətinlik çəkdiyini bildirsə də, ancaq müharibə dövrünün özəlliklərini nəzərə alaraq bu çətinliklərin özlüyündə bütövlükdə toplum üçün bir örnək olduğunu vurğuladı:
“Müharibənin özünəməxsus qanunları Bəhmənlə mənim aramda uzun-uzadı söhbətlərin baş tutmasına da təsirini göstərmişdi. Orada bizim bir-birimizdən daha çox, silahlarımız danışırdı – düşmənə tuşlanan silahlarımız. Bəhmənin minaya düşdüyü anda biz necə igid bir qardaşımızı itirdiyimizi anladıq. Hoçaz yüksəkliyi kimi strateji mövqeyi ələ keçirmək uğrunda gedən döyüşdə çoxli itki və yaralılar oldu. Həmin ərazi düşmən tərəfindən müdafiə olunduğuna görə döyüş çox ağır keçirdi. Yüksəklikdə mövqe tutan düşmən hər tərəfə atəş açırdı. Döyüş xəttini keçib yaralıları bu mövqedən uzaqlaşdırmaq çox böyük risq tələb edirdi. Yəni, əgər sürücü ora girirdisə, demək ki, bu adam öz həyatına risq edirdi. Çünki həmin ərazi minalanmış bir sahə idi. Bəhmən qardaşımız buna baxmayaraq həmin əraziyə girib yaralıları çıxarırdı. Üstəlik o ərazidən çıxandan sonra gəlib Mişni çayından keçilməli idi ki, burada da körpü yox idi. Çaydakı axın sürətinə müqabil belə kiçik maşınla oradan keçmək də mümkün deyildi. Relyefin çətinliyinə baxmayaraq Bəhmən bunun öhdəsindən çox qəhrəmanlıqla gəlsə də, çox təəssüf ki, özü də bu yolda Şəhid oldu. Bəhmən qardaşımız özü Şəhid olsa da, neçə yaralıya həyat bəxş etdi”.
ŞƏHİD QARDAŞININ ARZUSU Şəhidimizin qardaşı RƏHİM SƏFƏRƏLİYEV vətən torpaqlarının işğaldan azad edilməsinin ən müqəddəs vəzifə olduğunu vurğulayır. “Bu gün Şəhid Ruhlarının harayı bunu bizdən tələb edir. Biz o haraya səs verməliyik. Uca Yaradan Şəhid qardaşlarımızın uğrunda can qoyduqları yurd yerlərimizi tezliklə işğaldan azad etməyi, Bütöv Azərbaycanımıza sahib çıxmağı bizlərə nəsib etsin”...
Allah rəhmət eləsin!
İGİD TEYMURLU
Tv 713