Biz sülh istəyirik, biz məsələnin həllini istəyirik, əks təqdirdə otuz ilə yaxın danışıqlara ümid bəsləməzdik. Danışıqlara bizim sadiq qalmağımızın yeganə səbəbi o idi ki, ümid var idi. Bizə ümidlər verilirdi, bizə siqnallar göndərilirdi ki, bir qədər səbr edin, məsələ həll olunacaq.
TV 713 xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşündə səsləndirib.
Dövlətimizin başçısı deyib: “Mən demişdim ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Demişdim ki, əgər məsələ danışıqlar yolu ilə həll olunmazsa, Azərbaycanın tam haqqı var ki, məsələ hərbi yolla öz həllini tapsın. Bu haqqı bizə Azərbaycan xalqı verib, bu haqqı bizə beynəlxalq hüquq normaları verib. Dünyanın ali beynəlxalq qurumu olan BMT-nin nizamnaməsində göstərilir ki, hər bir dövlətin özünümüdafiə haqqı var və biz bundan istifadə edirik, özümüzü müdafiə edib, əks-hücum əməliyyatına keçib bu gün düşmənə sarsıdıcı zərbələr endiririk”.