Bir neçə gündür İrandan Ermənistana hərbi təyinatlı yüklərin daşındığı barədə yayılan foto, video və xəbərlərlə bağlı Şərqi Azərbaycan qubernatorunun müavini Əliyar Rastgu açıqlama verib.
TV 713 axar.az-a istinadla xəbər verir ki, İran kanalına müsahibəsində Ə.Rastgu yüklərin silah-sursat deyil, nəqliyyat vasitələri olduğunu bildirib.
“Bu “Kamaz” markalı yük maşınları İrandan tranzit olunur və “Norduz” sərhəd-keçid məntəqəsindən Ermənistana keçməli idi. Ancaq biz yanlış anlaşılmaması üçün hazırda bu nəqliyyat vasitələrinin Ermənistana keçidini artıq dayandırmışıq”.
O öz növbəsində İran tərəfinin Ermənistana hərbi yardım daşıdığını təkzib edib.
Qeyd edək ki, süjetdə bu nəqliyyat vasitələrinin ümumilikdə 670 ədəd olduğu bildirilir. Onlardan indiyə - yəni tranzit prosesi dayandırılana qədər neçəsinin Ermənistan ərazisinə buraxıldığı açıqlanmayıb.
İran kanalının təqdim etdiyi videoda “Kamaz”ların mülki yük maşınları deyil, hərbi təyinatlı nəqliyyat vasitələri olduğu açıq-aydın görünür. Bəzilərinin üstü açılsa da, əksəri çadır altındadır və onların yük yerində hər hansı əlavə yük olub-olmadığı da bilinmir.