Dünən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Xızı, Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 22 (iyirmi, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən iki və Dövlət Sərhəd Xidmətindən bir müraciət daxil olub.
Tv 713. az xəbər verir ki, bununla bağlı agentlik məlumat yayıb.
Bildirilib ki, daxil olmuş 25 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Arazbar, Hacılar, Qaraxanlı, Şənlik kəndləri, Ağdam rayonunun Alıbəyli, Füzuli rayonunun Alxanlı kəndi, Goranboy rayonunun Tapqaraqoyunlu, Ballı kəndləri, Tərtər rayonunun Buruc, Əskipara, Düyərli, Hüsənli kəndləri, Şıxarx qəsəbəsi, N.Nərimanov, Z.Tağıyev, H.Hacıyev, R.Orucov, Ş.İ.Xətai küçələri, Xızı rayonunun Sitalçay kəndi ərazisində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 21 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı bir ədəd 122 mm-lik top mərmisi (OF-56), iki ədəd 152 mm-lik top mərmisi (OF-29), iki ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 38 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Agentliyin partlayış qrupu tərəfindən bir ədəd dron zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 2 028 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
Ümumilikdə Agentlik tərəfindən 27 sentyabr – 18 oktyabr 2020-ci il tarixlərində 688 siqnal (əməliyyat çağırışı) əsasında 576 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə, Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Naftalan, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul, Zərdab, Xızı, Oğuz rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, Mingəçevir İES-in ərazisinə, Bakı-Tbilisi-Ceyhan Boru Kəmərinin yaxınlığına, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilmiş, 95 ədəd partlamamış hərbi sursat (PHS), 1 143 ədəd bombacıq, 1 180 ədəd müxtəlif çaplı patronlar, 10 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, altı ədəd dron (zərərsizləşdirilib), iki ədəd raketin mikrosxemi və 278 ədəd partlamış raket hissələri aşkar olunub.