Azərbaycan 30 il müddətinə gözləntilərini nə dünya ölkələrindən, nə vasitəçilərdən, nə də beynəlxalq təşkilatlardan əldə etdi. Sonunda özü addım atmağa məcbur oldu. Hazırda müharibə gedir və xalqımız birmənalı şəkildə Prezident İlham Əliyevi müdafiə edir. Artıq 5+2 (Rayonların bu format əsasında geri qaytarılması) variantı sıradan çıxarılıb. Hazırda 3+1 variantı var. Faktiki 3 rayonumuz işğaldan azad edilib. Yaxın günlərdə ətraf rayonların da işğaldan azad edilməsini gözləyirəm. Yəni indiki halda Azərbaycanın danışıqlar masasına getməsinə ehtiyac yoxdur. Əlbəttə, dövlət qərar verə bilər, nəzərə alınmalıdır ki, bütün müharibələr sülhlə başa çatır. Amma indi Azərbaycanı dayandırmaq mümkün deyil.
TV 713 xəbər verir ki, bu fikirləri politoloq Cümşüd Nuriyev mətbuata açıqlamasında deyib.
Siyasi şərhçinin ehtimalına görə, müəyyən məqamlarda Azərbaycanı dayandırmağa və nələrə razı salmağa çalışacaqlar:
“Hazırda erməni tərəfi çırpınır, ora-bura qaçır, imdad diləyir. Amma bunlardan da bir dəstək görmədilər. Mən hesab edirəm ki, Azərbaycan Ordusu Şuşanı almayana qədər dayanmayacaq. İlham Əliyev də açıq şəkildə bildirdi ki, Şuşasız işimiz yarımçıq olar. Bu sözün böyük diplomatik yükü var. Yəni Azərbaycan Şuşaya bayrağı sancandan sonra danışıqlara gedə bilər. Prezident sonuncu dəfə xalqa müraciəti zamanı xüsusi bir məqama toxundu, yeni formatı gündəmə gətirdi. Hər bir mesajın arxasında şüuraltı fikirlər var. Yeni mesaj verildi. Açıq qeyd edildi ki, Azərbaycanın Konstitusiyasını qəbul edən, mövcud qanunvericiliyə hörmətlə yanaşan hər kəsə eyni səviyyədə şərait yaradılıb. Bu, o deməkdir ki, Azərbaycan danışıqlara getsə belə, Dağlıq Qarabağda referendum keçirilməsindən söhbət belə gedə bilməz.
Referendum olmayacaqsa, deməli, Dağlıq Qarabağın statusundan söhbət də getməyəcək. Azərbaycan Konstitusiyasına görə unitar dövlətdir. Azərbaycanın federallaşması məsələsi yoxdur. Prezident bunu da gündəmdən çıxardı. Azərbaycan qalib kimi danışıqlar masasında oturacaq və şərtlərini ortaya qoyacaq. Əgər dünya yenə də ədalətsiz mövqe tutacaqsa, Azərbaycan da Zəngəzurun statusunu tələb edə bilər. Bizim yeganə variantımız budur. Danışıqlar masasında Azərbaycanın ortaya qoya biləcəyi kifayət qədər diplomatik yük var. Ona görə də indi danışıqlara getmək mümkün görünmür. Qələbədən sonra bu, baş verə bilər( teleqraf.com).