DataLife Engine / SABİR RÜSTƏMXANLI: "TÜRK XALQI «OLMAZ!» DEYİR"

SABİR RÜSTƏMXANLI: "TÜRK XALQI «OLMAZ!» DEYİR"

SABİR RÜSTƏMXANLI: "TÜRK XALQI «OLMAZ!» DEYİR"



Sınırlar açılmalı! Batı belə buyurdu…
Quran kim, yaşadan kim, yönətən kim bu yurdu?
Dovşanın ayağına aparırlar Boz qurdu –
Şərəfli tarixinə şərəfsizlik yaz deyir
İqtidar axtarışda!.. Türk xalqı «olmaz» deyir!

Bir tərəfdə Türkiyə, bir tərəfdə Türküstan,
Cahangirlər əlində param-parça bir cahan
Ortada Altın Körpü -yaralı Azərbaycan
«Başla bədən ayrılsın, qopsun bu boğaz» - deyir
Bıçaqlar itilənir… Türk xalqı «olmaz!» deyir!

Onsuz da Arazla bir şah damarım qırılmış,
Nəğmə dildən aralı, nur gözdən qoparılmış,
Türkün Ata yurdunda Ermənistan qurulmuş
İştahının sonu yox, içdiyi qan az deyir,
Cəlladlar pusqudadır!.. Türk xalqı «olmaz!» deyir!

Qapı açmaq istəyir! Qızıl Çaxçax üstündən,
Əlican körpüsündən, qutsal torpaq üstündən,
Sərhədlərə dikilən qızıl bayraq üstündən
«Nə mutlu türküm!» yazdın sınırlara! «Poz!» deyir
Yüz yerdən əl uzanır!.. Türk xalqı «olmaz!» deyir!

Qarabağdan əl götür, terrorçu əlini tut!
Kərkükü unutmuşdun, indi Kıprısı unut!
Azəri yox, Avropa! Budur sənə son umud…
«Düşmən ol qardaşına, öz kökünü qaz!» - deyir
Bu da “Yol Xəritəsi!..” Türk xalqı «olmaz!» deyir!

Türk xalqı «olmaz!» deyir! -
Diplomat ilanlara,
Namazını Fənərə, Romaya qılanlara,
BMT-dən NATO-ya dolaşan yalanlara
Millət Qarabağ deyir, bunlar petrol, qaz deyir
Sivill canavarlara türk xalqı «olmaz!» deyir!

Ağ kağızda yol cızan can oğlan, cavan oğlan
Gəl pozaq sərhədləri!
Başlayaq Qarabağdan!
Öncə Şuşa yolunu, Kəlbəcər yolunu aç!
Millət evsiz-eşiksiz… öncə ona bul əlac!
Erməniyə açınca aç türkün qapısını,
Təbrizin, Zəngəzurun, Kərkükün qapısını.

Türk yolun aşığıdı! Yol aç, yollar açılsın,
Altaydan, Xantenqridən sənə qollar açılsın.
Urumçi yolunu gəz, Doğu Türküstanı sor,
Farsa bağışladığın Əfqanı, İranı sor,
Əridib millətini, pozurlar kitabını,
Farsdan, rusdan, çinlidən
Sən də sor hesabını!
Üstündə gün batmayan
bir cahan dövlətindən
Nə qalıbdır sənə, nə?
Aç ədalət yolunu millətinin üzünə!

Şükür, sənin hökmünə bağlı deyil gələcək,
Sizləri yolsuz qoyub öz yoluyla gələcək!
Tarix bir bağçadırsa türk əbədi bir çiçək-
«Birliyimiz durduqca bu çiçək solmaz!» deyir.
Bu birliyi pozana türk xalqı «olmaz!» deyir!
29-10-2020, 20:01
Вернуться назад