"Əməliyyat-taktiki baxımdan Şuşa ilə Laçın bir dairəvi müdafiənin ayrı-ayrı komponentləridir.
Dağ relyefi müdafiə olunmaq üçün daha əlverişli şərait yaradır, nəinki hücum etmək... Bunlar nəzərə alınmalıdır.
Ali Baş Komandana da müraciət etmişəm, yaşımın 60-ı ötməsinə rəğmən hər an müzəffər ordumuzun torpaqlarımızın azadlığı uğrunda apardığı döyüşlərə bütün bilik və bacarığımla dəstək verməyə hazıram”.
TV 713. az moderator.az-a istinadla xəbər verir ki, bu sözləri mətbu açıqlamasında keçmiş
Laçın alayının komandiri, ehtiyatda olan polkovnik Arif Paşa Laçın rayonunun, o cümlədən “Laçın dəhlizi” deyilən ərazinin strateji əhəmiyyətindən danışarkən söyləyib.
“Öncə nəzərə almaq lazımdır ki, Laçın rayonu işğalçı Ermənistanla bilavasitə dövlət sərhədində yerləşir. Ermənistan isə KTMT-nin arxasında gizlənərək Milli Ordumuza öz ərazisindən atəş açır, ordumuz da təmkin göstərərək həmin əraziyə əks-zərbə endirmir. Məqsəd odur ki, biz Rusiyanın münaqişəyə müdaxilə etməsinə bəhanə verməyək. Ermənilər də bu amildən istifadə edərək digər cəbhədən çox-çox uzaq şəhər və kəndlərimizlə yanaşı, Laçın rayonundakı mövqelərimizi də aramsız atəşə tuturlar. Yəni Laçının azad olunmasına çətinlik yaradan faktorlardan biri budur. Bundan əlavə, relyefin, iqlimin də çətinlikləri var. Laçındakı dağ relyefi müdafiə olunmaq üçün daha əlverişli şərait yaradır, nəinki hücum etmək... Bunlar nəzərə alınmalıdır. Lakin həmin çətinliklərə rəğmən Azərbaycan ordusu əməliyyatları, döyüş tapşırıqlarını çox peşəkar və uğurlu şəkildə həyata keçirir...” - deyə 1-ci Qarabağ savaşı zamanı 4 il ərzində Laçın ərazisinin müdafiəsinə rəhbərlik etmiş polkovnik vurğulayıb.
“Laçının azad edilməsi və Gorus-Laçın-Şuşa-Xankəndi yolunun ermənilər üçün qapadılması 3 mənada strateji əhəmiyyətlidir. Hərbi, əməliyyat-taktiki baxımdan onu nəzərə almaq lazımdır ki, Şuşa ilə Laçın bir dairəvi müdafiənin ayrı-ayrı komponentləridir. Vaxtilə 1990-cı illərdə biz deyirdik ki, Laçının işğalı - Şuşanın işğalı deməkdir, Şuşanın da işğalı – Laçının işğal olunması deməkdir. İndi isə əksinə, deməliyik ki, Laçının azad edilməsi - Şuşanın, Şuşanın azadlığı da Laçının azad olunması deməkdir... Şuşa və Laçın bir-biri ilə arxa-arxaya durmuş cəngavərlər kimidirlər. İkincisi, Laçının azad edilməsi o deməkdir ki, düşmənin mühasirə həlqəsi qapanır və nəticədə erməni ordusunda mənəvi-psixoloji düşkünlük yaranır. Bu da müharibədə çox ciddi amil olmaqlə bizim tam və qəti Qələbəmiz üçün böyük faktordur. Üçüncüsü, Ermənistan və Qarabağ arasındakı bu dəhlizin qapanması ilə ermənilərin təchizat-təminatı da, demək olar ki, tamam kəsilir və nəticədə düşmən məğlub duruma düşür...
İnşallah, tezliklə ordumuzun Laçını işğaldan azad etməsi haqda Ali Baş Komandanın rəsmi xəbərini eşidəcəyik və sadaladığımız amillər həyata keçirilməklə Böyük Qələbəmizin bir addımlığında olacağıq...” -deyə keçmiş alay komandiri fikirlərini nikbin notlarla tamamlayıb.