Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ABŞ-ın Florida ştatının Mayami şəhərinin mərkəzi yollarında Azərbaycan bayrağının və Qarabağ atlarının təsvir olunduğu, “Karabakh is Azerbaijan!” (Qarabağ Azərbaycandır!) şüarının yazıldığı lövhələr quraşdırılıb.
TV 713. az xəbər verir ki, bu barədə "Report"un yerli bürosuna məlumatı Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminova çatdırıb.
O bildirib ki, iki nəhəng lövhənin dizaynı ABŞ-da yaşayan həmyerlilərimiz Cəmilə Cavadova və Bakıda yaşayan dizayner Emin Rzayevə məxsusdur. T.Eminova lövhələrin quraşdırıldığı yollarının ermənilərin sıx yaşadığı ərazilər olduğunu deyib: “Lövlələrdən biri gediş-gəliş yolu olmaqla “Fort Lauderdale” beynəlxalq hava limanının önündə, digər iki lövhə isə ABŞ-n bütün şəhər və ştatlarına gedən yolları birləşdirən mərkəzi yola qoyulub. Biz bu məkanları əbəs yerə seçməmişik. Çünki həmin yollar ermənilərin Floridada daha çox məskunlaşdığı ərazilərə - “Boco Raton” və “Palm Beach”ə çıxır”.
T. Eminova ABŞ-da yaşayan Azərbaycan icmasının ermənilərin ədalətsiz işğalçılıq siyasətinə qarşı birləşdiyini deyib: “Bu ənənəni davam etdirəcəyik. Hələ ABŞ-ın bir çox ştatlarında, böyük şəhərlərində mərkəzi yolların və körpülərin üzərində “Qarabağ Azərbaycandır!" bannerləri nümayiş etdiriləcək”.