DataLife Engine / Elə silahlarımız var ki, onlardan istifadə olunsa.. - GENERAL.

Elə silahlarımız var ki, onlardan istifadə olunsa.. - GENERAL.


Elə silahlarımız var ki, onlardan istifadə olunsa.. - GENERAL.
Bu silahlardan istifadə etsək... - General
TV 713. az Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti, general-leytenant Yaşar Aydəmirovun Musavat.com-a müsahibəsini təqdim edir:

- Cənab general, Qarabağda döyüşlər başlayandan bəri düşmən ordusu hər dəfə məğlub olub geri çəkiləndə Ermənistan Müdafiə Nazirliyi “taktiki gediş” etdiklərini iddia edir. Necə hesab edirsiniz, bu, “taktiki gediş”lərin sayı çox olmadımı? İşğalçı ölkənin bu kimi iddialarının əsası varmı?

- Özünüz deyirsiniz ki, “taktiki gedişlər”in sayı çox oldu. Bu, strateji geriçəkilmədir. Bunu uzağı döyüşlərin başladığı ilk 3-4 gün ərzində deyə bilərdilər. Amma “taktiki gediş” bəhanəsi əhalini aldatmaq üçündür. Hər bir zabit və əsgər başa düşür ki, artıq bu “taktiki gediş” deyil. Bu qədər şəhər, qəsəbə, kəndlər və strateji əhəmiyyətli yüksəkliklər işğaldan azad edilib, həmçinin İranla sərhədboyunca ərazilərimiz. Belə olan təqdirdə nə “taktiki gediş?” Bu, artıq taktiki yox, strateji geriləmədir. Amma gəlin görək Ermənistan hakimiyyəti öz xalqını hansı üsullarla aldatmırlar ki? Gah deyirlər belə plan qurmuşuq, Fransadan, Almaniyadan, haradan döyüşçülər gəlib. Xaricdən gələn-30-40 nəfərlə nə edəcəksən? Döyüşlər gedir, hələ bunlar silahla davranış qaydalarını öyrədirlər. Silahla davranış qaydalarını bilməyənlər ön xəttə neyləyəcək? İkincisi də Azərbaycan 21-ci əsr müharibəsi aparır, çox yerlərdə “kontakt”sız müharibə gedir. Bizim çox dəqiq atəş vasitələrimiz, reaktiv yaylım sistemlərimiz, raket sistemlərimiz, artilleriya vasitələrimiz var. Bir deyil, 4-5 cür dronlardan istifadə edilir. Onlar düşmənin hər bir hərəkətini izləyir. Müdafiə Nazirliyinin yaydığı kadrlardan görünür ki, əsgərimiz səngərdə gizlənəni, “tülkü yuvası”na girəni də vurur.

Onların “blindaj” adlandırdığı yerlər var idi, bir metr torpaq tökmüşdülər ki, guya raket oranı dağıtmayacaq, onlar darmadağın edilir. Meşəliklərdə maskalanmış vəziyyətdə olan hərbi texnikanı yerindəcə məhv edir bizim PUA-lar. Müasir avadanlıqlarla təchiz edilmiş PUA-larımız üçün dərinliklərdə gizlədilmiş düşmənin hərbi texnikasını aşkarlayıb məhv etmək çox asandır. Bu yaxınlarda gördük ki, Ermənistanın Uraqan reaktiv yardım sistemi üç dəfə zərbə endirdi. Amma bizim PUA onu vura bilsə də, gözlədi, görsün ki, hara gedir. Hərbi texnika gəlib meşənin dərinliyinə girdi və aydın oldu ki, onun sursat anbarı da ordadır.

Bundan sonra ilk atəşlə “Smerç” vuruldu, ikinci atəşlə də anbar məhv edildi. Azərbaycan belə müharibə aparır. Düşmən isə 20-ci əsrdə qalıblar. Düşmən təmsilçisi də etiraf edir ki, Ermənistan 20-ci əsr, Azərbaycan isə 21-ci əsr müharibəsini aparır. ABŞ quru qoşunlarının qərargah rəisi Ceyms deyir Azərbaycan ordusu PUA-lardan elə məharətlə istifadə etməyə başladı ki, biz artıq özümüzün silahlı qüvvələrimizdəki dronlardan mühafizə xidmətləri, yəni hava hücumundan müdafiə vasitələrinin olmadığını başa düşdük, artıq biz bu haqda fikirləşməliyik, gözə görünməyən PUA-ları vurmaq üçün yeni hava hücumundan müdafiə sistemləri yaratmalıyıq. Azərbaycan belə müharibə aparır.

Ona görə də erməni tərəf “taktiki gediş” etməkdə davam edəcəklər. Yaxın vaxtlarda özləri Ermənistanı partlatmağa başlayacaqlar, işğal altındakı ərazilərə də raket atacaqlar ki, desinlər “bunu Azərbaycan elədi, əhalini hədəfə aldı”. Necə ki, deyirlər Şuşa, Xankəndi vurulur. Gedib uşaq bağçalarında, məktəblərdə gizlənirlər, reaktiv yaylım sistemlərinin qurğularını aparıb məktəblərin, xəstəxanaların, yaşayış evlərinin yaxınlığında yerləşdirirlər ki, cavab atəşi açılsın, onlar da desinlər Azərbaycan mülki əhalini atəşə tutur.

- Ermənistanın itirdiyi, həmçinin qənimət kimi götürülən hərbi texnikaları ilə bağlı konkret statistika var. Bu hesabla Ermənistanın mövcud ehtiyatları müharibəni nə qədər davam etdirməyə imkan verər?

- Ümumilikdə götürsək, 500-dən artıq zirehli texnika ya vurulub, ya da bizimkilər tərəfindən qənimət olaraq götürülüb. Avropada silahlara nəzarət Xartiyası var, o sənədə əsasən, Ermənistan silahlı qüvvələri üçün limit 320 tank idi. Onlar illər ərzində çoxsaylı hərbi texnikanı Dağlıq Qarabağda gizlətdilər. Sözsüz ki, bizimkilərin vurduğu reaktiv yaylım sistemləri, əsasən Uraqan, Qrad, ZRK-lar, tankların çox böyük əksəriyyəti sıradan çıxarılıb, yaxud bizimkilər tərəfindən götürülüb. Ermənistandan müəyyən təminat gedir.

Bundan əlavə, döyüşlər getməyən. Ağcabədi, Goranboy və digər istiqamətlərdəki hərbi qüvvələri və texnikaları da boşaldıb digər istiqamətə gətiriblər. Sabah həmin istiqamətləri işğaldan azad etmək bizimçün daha asan olacaq. Bir də ki, onlar müxtəlif ölkələrdən qeyri-qanuni silah, texnika əldə edirlər. Dövlət başçısı da bu barədə bəzi fikirlər söyləyib. Sözsüz ki, belə faktlar var. Ancaq onlar həmin silah-sursatla müqavimət göstərə bilməyəcəklər. Mənim fikrimcə, bu yaxınlarda düşmən ordusunda mərmilər və reaktiv yaylım sistemləri tükənəcək. Ona görə də onlar aviasiyadan istifadə etməyə başlamışdılar. Bir neçə gün bundan qabaq bizimkilər iki SU-25 həmlə təyyarəsini vurmuşdular, bu günlərdə bir SU-25 əməliyyat təyyarəsini məhv etdilər. Bunlar 10-15 milyona alınır.

- Erməni ekspertlər müharibənin ilk günlərdindən etiraf edirdilər ki, Ermənistan uzunmüddətli müharibəyə hazır deyil. O mənada savaşın nə qədər davam edəcəyi qənaətindəsiniz?

- Sözsüz ki, uzunmüddətli müharibəyə hazır deyillər. Amma ola bilər ki, müəyyən mərhələ üçün hardansa qüvvələr gətirirlər. Ancaq erməni ordusunun təminatı yoxdur. Bir tağımın döyüş aparması üçün 300-400 mərmi lazımdır. Onlarda mərmilər varmı? Topun, minaatan batareyasının yanında neçə döyüş komplekti olmalıdır. Onlarda bu sistem çoxdan pozulub, darmadağın olub.

- Azərbaycan ordusu necə, indiyədək silah arsenalının neçə faizindən istifadə edib?

- Elə silahlar, texnikalar, sistemlərimiz var ki, heç yerindən tərpədilməyib. Onlar istifadə olunsa, Ermənistan məhv olar.

- Bəzən “filan şəhər niyə alınmadı” kimi suallar eşidirik. Bir çox insanlarımız səbirsizlik edirlər. Erməni ordusunun müqaviməti ciddidir, relyefin çətinliyi səbəbdir, yoxsa bu da Azərbaycan ordusunun taktiki gedişidir?

- Bu, bizimkilərin strateji. Taktiki gedişləridir. Həm də döyüşlər aran hissədən dağlıq hissəyə keçib. Mən burada gecikmə görmürəm. Çünki ardıcıl şəkildə yaşayış məntəqələrimiz azad edilir. Hansısa məqamda konkret səbəblərdən vaxt uzana bilər. Ancaq insanlarımızda ruh düşkünlüyü yarada biləcək heç nə yoxdur, əmin olun. Erməni ordusunu tam çökdürmək məsələsi var. Yəni əməliyyatları uzadıb düşməni sarsıtmaq. Sarsıdırsan, əllərini yuxarı qaldırıb təslim olur.

- Hər kəs həsrətlə Şuşanın azad olunacağı günü gözləyir. Prezident açıqlamalarının birində dedi ki, Şuşaya nəfəs qədər məsafə var...

- Sözsüz ki, hamımız Şuşanın işğaldan azad edilməsini gözləyirik. Döyüşlərin ilk günündən dilimizdə Şuşadır. Əminəm ki, yaxın vaxtlarda Şuşamıza da bayrağımız sancılacaq.

- İşğalçı ölkədən Azərbaycanın atəşə tutulması halları da davam edir. Sanki cəbhəni genişləndirmək istəyirlər. Niyə?

- Onlar əllərindən gələni edirlər ki, bizimkilər Ermənistan sərhədini keçsinlər, Ermənistan tərəfdəki yaşayış məntəqələrini atəşə tutsunlar. Əsas məqsədləri budur ki, xarici dövlətləri Azərbaycana qarşı qaldırsınlar. Ona görə də Azərbaycan buna gedən deyil.

- Rusiyanı və KTMT-ni proseslərə qoşmaq istiqamətində cəhdlər fayda verə bilərmi?

- Rusiya və ya KTMT əsgəri gəlib Ermənistanda vuruşası deyil. Bunu Rusiya prezidenti də konkret şəkildə dedi. Döyüşlər Ermənistan ərazisində getmir ki. Müharibə Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış sərhədləri daxilində gedir. Bunun digər ölkələrə, təşkilatlara nə aidiyyəti var? Amma Paşinyan hər bir sarsaq əməl törədəcək ki, yalvarsın, inandırsın. Amma artıq 40 gündən çoxdur ki, yalvarışları heç bir nəticə vermir. Qorxur ki, özünü qovub atarlar bayıra.

- Amma indiki situasiyada Paşinyanın hakimiyyətdən getməsi bizə sərfəli deyil. Razılaşırsınız?

- Bizə ancaq torpaqlarımızı azad etmək sərf edir. Sarkisyandır, Köçəryandır, Paşinyandır, bunlar hamısı bizə problem yaradanlardır, heç bir fərqi yoxdur onların.

- Cənab general, necə hesab edirsiniz, müharibə bitəndən sonra Qarabağ erməniləri ilə bağlı necə qərar verilə bilər? Qarabağ ermənilərinə hansısa statusun verilməsi sizcə, gündəmdən çıxdımı?

- Status olası deyil. Prezident dedi ki, Qarabağın erməni əhalisi də gəlib orda sərbəst yaşaya bilər, biz onların təhlükəsini təmin edəcəyik.

- Ermənistanın bu müharibədən sonra yenidən toparlanıb Azərbaycana qarşı alçaq təxribatlara əl atmaması üçün nə təklif edərdiniz?

- Ermənistan çökdü. Yaxın illərdə elə bir şey olmayacaq. Artıq yardımlar da bu ölkəyə kömək edə bilməyəcək, nə silahlı qüvvələrini 21-ci əsr vəziyyətinə gətirmək üçün, nə də digər sahələri dirçəltmək üçün. O camaat nə əkəcək, nə biçəcək, nə yeyəcək, zavod-fabrikləri hansı pulla tikəcək? O zavodları kim tikəcək? Biz irəlilədikcə, inkişaf etdikcə, onlar geri gedəcəklər.

- Azərbaycan ordusu Qarabağ torpaqlarını işğaldan azad etdikdən sonra Ermənistanla sərhəd boyunca təxribatlara əl atılarsa, o halda cavab necə olmalıdır?

- Ermənistanın sərhədlərini başqa dövlət qoruyur. Bu mənada məncə, atəş dayanacaq. Çünki başqa dövlətlərin öhdəliyi var. Artıq həmin mərhələdə onlarla söhbət aparılacaq. Sözsüz ki, təxribatlara birdəfəlik son qoyulmayacaq. Qarabağ işğaldan azad ediləndən sonra da sərhəd boyunca hansısa yaşayış məntəqələrimizi hədəfə ala bilərlər. Bizim bərpa işlərimizə mane olmaq üçün təxribat edəcəkləri gözləniləndir. Ermənidir, mən ondan hər sifət gözləyirəm. Ancaq sözsüz ki, Azərbaycan o halda cavab vermək hüququnu özündə saxlayır. Yoxsa hər gün bizim ərazimizi atəşə tutacaqlar, biz susacağıq? Bu, ola bilməz. Ordumuz düşməni elə susduracaq ki, bir daha nəfəs ala bilməsin. Təkcə bu istiqaməti demirəm. Naxçıvan ordusunun imkanları bilirsinizmi nə qədər güclüdür?

- Elə isə niyə Ermənistan rəhbərliyi ağılsızlıq edib Ordubadı belə, atəşə tutur?

- Qıcıqlandırmaq üçün edirlər. Gördülər ki, bu istiqamətdə təxribatlar nəticə vermədi, dedilər Ordubada ataq. Düşmən ölkəyə deyən lazımdır ki, Ordubaddan sənə iki dənə atsalar, cavab verə biləcəksən?! Naxçıvan Ümumqoşun Ordusu sizi nə günə qoyar, bir ordunun özü, bir də Allah bilir. Siz hələ gələcək fəlakətləriniz barədə fikirləşmirsiniz...
8-11-2020, 15:40
Вернуться назад