DataLife Engine / Vətənsizin Vətən boyda Dərdi

Vətənsizin Vətən boyda Dərdi

Vətənsizin Vətən boyda Dərdi

MÜŞFİQ RƏHİMOV


ATA İLƏ OĞULUN "LAÇINDA YAVAN ÇÖRƏK" HƏSRƏTİ


Adətən Vətən anlayışı özünəməxsus orijinal deyimlərlə tərənnüm olunur, yazılarda toxunulmazlıq simvolu kimi təqdim olunur. Deyir “Vətənsizi qızıla bük, yenə də dərd olur”. Vətənsizin dərdi də elə Vətənin özü boyda olur. Çünki bu adamlar Vətəni ürəklərində yaşadırlar, Vətəni ürəklərində gəzdirirlər - Xanlar xalam oğlu kimi...
Vətənsizin Vətən boyda Dərdi

Xalam oğlunun Rəşad adlı oğlu 13 gün bundan öncə Laçın uğrunda gedən döyüşlərdə Şəhadətə qovuşmuşdu. Onun atası, el ağsaqqallarından olan Xanlar xalaoğlumun VƏTƏN həsrətinin üstünə daha bir dərd gəlmişdi onda - Oğul Dərdi...
O, Vətəni ürəklərində yaşadan, Vətəni ürəklərində gəzdirən soydaşlarımızdan idi. O, hər zaman “yavan çörək belə baldı vətəndə” deyərdi, ama nə yazıq ki, Vətəndə, doğma Laçınımızda yavan çörək yemək ona və Onun kimi Ağsaqqallarımız, sinəsində Qarabağ yanğısı olan Ağbirçəklərimizə qismət olmadı! Böyüklərimiz bu fani dünyanın özündən də ağır bir kədər yükü apardılar Haqq Dünyasına!..
Deyir insan dərdə düşəndə özünü daha yaxşı dərk edir. Son illərin hadisələri, bir sıra haqsızlıqlar, düşmən tapdağı altında inləyən torpaqlarımızın harayı, sönmüş ocaqların nisgili, məcburi köçkünlük həyatı Böyüklərimizi əməlli başlı möhkəmləndirmişdi, onları əməlli başlı mətinləşdirmişdi. Onlar millətimizin, özəlliklə laçınlıların bu ağır günündə əyilmədilər, acizləşmədilər, əksinə, döyüşü həm ağsaqqal, ağbirçək sözüylə, həm də məsləhətləriylə hər zaman laçınlılara kömək olublar.
Torpaq dərdini, Vətənin bölünməsinin böyük faciəsini həssaslıqla duyurdu onlar. Onların danışığında Laçınsız günlərin, Laçınsız illərin ağrısı sanki nalə çəkirdi. Başlarına gələnləri, gördüklərini, duyduqlarını mənalandırmaq bacarığı var idi Böyüklərimizdə. Onlar bütün göynərtiləri öz içlərində sanki bəsləyir, amma bizlərin kövrəlməsinə, ağlamasına şərait yaratmırdılar. Hər zaman sabaha Ümidlə baxırdılar...
Bir ürəyə, məmləkətə qarşı haqsızlıq ediləndə biz həmişə həyatdan küsər, dünyadan gileylənərik. Amma xalam oğlunun timsalında Böyüklərimiz hər zaman ümidlə yaşar, söhbətlərində hər zaman Laçına qayıdacağımız günü vəsf edərdilər...
Heyif, çox Heyif! Ölüm Xanlar salam oğluna Laçına qayıdacağı günü görməyi nəsib etmədi. Xanlar xalam oğlu ümidlərlə bizi və Laçınımızı yaşatdı. Elimiz, obamız var olduqca Onun və Onun timsalında Haqq Dünyasına qovuşmuş Böyüklərimiz də yaşayacaq.
15-11-2020, 19:54
Вернуться назад