Azərbaycanda ölkə əhalisinin 45 faizini təşkil edən uşaqlar, tələbələr, pensiyaçılar, sosial müavinət və ünvanlı sosial yardım alan şəxslər, hamilə və sosial məzuniyyətdə olan qadınlar üçün sığortahaqqının dövlət büdcəsi tərəfindən ödənilməsi nəzərdə tutulub.
Tv 713. az Xalq qəzeti”nə istinadla xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
O, hazırda İTS-in baza zərfinə 1829 adda tibbi xidmətin daxil olduğunu bildirib:
“Bunlardan 480-i ambulator, 677- si stasionar, 18-i ilkin səhiyyə, 6-sı təcili və təxirəsalınmaz tibbi yardım, 23-ü isə fizioterapevtik xidmətlərdir. Baza zərfi həmçinin 459 adda laborator müayinəyə və 166 adda həyati vacib-dəyəri yüksək olan xidmətlərə də təminat verir”.
Z.Əliyevin sözlərinə görə, "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən isə icbari tibbi sığortanın xidmətlər zərfi iki hissədən ibarət olacaq: baza və əlavə hissələrdən. Baza hissəyə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, əlavə hissəyə isə ixtisaslaşdırılmış tibbi yardım aiddir.
“Baza hissədən Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istifadə edə bilərlər. Baza hissədən istifadə pulsuzdur və bu xidmətlər üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödəniləcək.
Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə icbari tibbi sığortahaqqı ödənilməlidir. Burada bir məqamı qeyd edim ki, ölkə əhalisinin 45 faizini təşkil edən uşaqlar, tələbələr, pensiyaçılar, sosial müavinət və ünvanlı sosial yardım alan şəxslər, hamilə və sosial məzuniyyətdə olan qadınlar (Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsi və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda) üçün sığortahaqqının dövlət büdcəsi tərəfindən ödənilməsi nəzərdə tutulub. Nəzərinizə çatdırım ki, hazırda xidmətlər zərfi üzərində agentlik tərəfindən ciddi işlər həyata keçirilir. Yaxın zamanlarda xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin adları təsdiq olunduqdan sonra ictimaiyyətə açıqlanacaq”, - deyə agentlik rəhbəri əlavə edib.