ŞƏHİD ŞAHGÜNDÜZ CABBAROVUN MƏHKUM ATASI HABİL CABBAROV ÜÇÜN
Cənab Prezident!Biz ölkə olaraq tarixi günlər yaşayırıq. 27 Sentyabrdan başlayan 44 günlük 2 – ci Qarabağ müharibəsi 30 ildir davam edən Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoydu. Qarabağımızın erməni işğalından azad olunması bir məcburi köçkün kimi mənidə çox sevindirdi. Ən qısa bir vaxtda Laçına, Şuşaya və digər rayonlarımıza, doğma torpaqlarımıza gedəcəyimi günü səbrsizliklə gözləyirəm. Bu zəfəri, sevinci, bizə yaşatdığınız üçün bir vətəndaş olaraq öz ailə üzvlərim adından sizə təşəkkür edirəm.
Biz Laçın rayonundan məcburi köçkünük. Uzun müddət Bərdə rayonunda ( 2016 – cı ilə qədər) yaşamışıq. Ailə üzvlərimiz 6 nəfərdən ibarətdir. Atam Cabbarov Habil (Kamil Vəfadar) Bərdə rayonunda tanınmış ziyalılardan olub, şairdir. Bir neçə kitabın müəllifidir. 2009 – cu ilə qədər, “Addımlar” dərnəyinin sədri “Bərdə”, “Hərbi and” qəzetlərinin əməkdaşı, YAP Bərdə rayon bölməsinin üzvü olub.
Nəzərinizə çatdırmaq istəyirdim ki, atam və əmim Dağbəyi Cabbarov 2009 – cu ildə namus məsələsinə aid baş vermis cinayət hadisəsinə görə 13 və 14 il müddətində azadlıqdan məhrum ediliblər. Atamın azadlığa çıxmağına bir il altı ay qalıb.
Yuxarıda qeyd etdiyim kimi, ailə üzvümüz 6 nəfərdən ibarətdir. 4 qardaşıq. Atam azdlıqdan məhrum olunan bu günə qədər bir çox hadisələr baş verdi, mən və digər 2 qardaşım universitetə qəbul olduq, bitirdik. Qardaşım Şahgündüz 2018- ci ildə SOCAR-a qəbul oldu. Savadlı kadra çevrildi. 2020 –ci il 1 Oktyabrda 2 – ci Qarabağ müharibəsində döyüşmək üçün könüllü hərbi xidmətə yollandı. 26 Oktyabrda Şahgündüz vətən uğrunda gedən döyüşlərdə şəhid oldu.
Qardaşım bu döyüşlərə öz istəyi ilə getdi. Bir Laçınlı olaraq ürəyi hər zaman Laçın üçün, Qarabağımız üçün döyünürdü. Neftçi olduğuna görə onu döyüşlərdə iştirak etməyə çağırmasalar, öz işindən istefa verib, son damla qanına qədər döyüşəcəyini də bildirmişdi. Sosial şəbəkələrdə bununla bağlıda yazılar yazıbdır.
Bizim üçün nə qədər ağır olsada, ən azı bir o qədər fəxrdir ki , şəhidlərimizin qanı yerdə qalmadı. Sizin çıxışlarınızda dediyiniz kimi, torpaqlarımız igidlərimizin, qanı, canı bahasına alınıbdır. Allah qardaşıma və eləcədə bütün şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza tez bir zamanda şəfa versin.
Cənab Prezident!Atam qardaşımın şəhid olması xəbərini həbsxanada aldı. Bizim üçün nə qədər çətin olsada, atam üçün 2 ikiqat çətindir, Bəlkədə ən çox istəyi hazırda oğlunun qəbrini ziyarət etməkdir ki, bu onun üçün əlçatmazdır. 13 il azadlıqdan məhrum etmə cəzasının da artıq 10 il 7 ayını çəkib, azadlığa çıxmağına bir il altı ay qalıb.
Onu da qeyd etməliyəm ki, qardaşım şəhid olan gündən tez – tez dövlət nümayəndləri, icra hakimiyyətindən bizə baş çəkərək dəstək olduqlarını bildirirlər, hər hansı bir çətinik olarsa bildirməyimizi istəyirlər. Şəhid ailələrinə ayırdığınız bu diqqətə görə də sizə təşəkkür edirik.
Mən bu məktubu yazmaqla sizdən xahiş edirəm ki, hazırki vəziyyətimizi nəzərə alaraq atamın qalan cəza müddətinin əfv edilməsi məsələsini diqqətinizdə saxlayasınız. Bu ailəmiz üçün edilmiş ən böyük köməklik olardı.
Sizə hörmətlə :
Ülvi Cabbarov.
Bakı şəhəri. 27 Noyabr 2020.