(Yazı İkinci Qarabağ Savaşından əvvəl hazırlanıb)
713 saylı Laçın batalyonunun döyüşçülərindən 15 nəfər öz döyüş yoldaşlarını anmaq üçün Bakıdan İsmayıllı rayonunun Basqal kəndinə, Şəhid Rəmzi Novruzovun dəfn olunduğu obaya gedərək qəbrini ziyarət ediblər.
Bu barədə TV 713. az-a Qarabağ Qazisi Müşfiq Rəhimov məlumat verib.
Şəhid Rəmzi Novruzovu vətən uğrunda döyüşən igid qəhrəman kimi xatırlayan qazilər, onunla döyüş yolunun Laçın rayonunda gedən döyüşlərdən başladığını deyiblər. Bildiriblər ki, Rəmzi Ağdərədə Vəng istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
Şəhidin anım tədbiri onun adını daşıyan kənd orta məktəbində təşkil olunub. Rəmzinin üç qardaşının da qatıldığı tədbirdə icra hakimiyyətinin nümayəndələri, məktəbin direktoru, müəllim və şagirdlər olublar.
Tədbir şagirdlərin Azərbaycan himnini oxumas ilə başlanıb.
Daha sonra vətən uğrunda döyüşən və qəhrəmancasına canından keçən şəhidlərə, vətənə həsr olunan şeirlər səsləndirilib.
İcara hakimiyyəti ilə bəllədiyyə sədrləri çıxış edərək şəhidlərin qanının yerdə qalmayacağını, torpaqların işğaldan azad edilməklə ruhlarının şad olacağına əminlik ifadə ediblər.
Orta məktəbdə Rəmziyə dərs deyən müəllimlər onun haqında xatirələrindən danışıblar.
Qeyd edək ki, məktəbdə Şəhid Rəmzi Novruzova həsr olunan xatirə guşəsi açılıb. Həmin guşədə şəhidi xatırladan fotoşəkillər və orta məktəbdə onu anan əşyalar var. Bu əşyalar arasında orta məktəb Attestatı da durur. 10 illik Attestatında bir dənə də olsun 4-ü olmayıb.
Bu orta məktəb illərdir Şəhid Rəmzi Novruzovu böyük ehtiramla anır və şagirdlərin yüksək qürurla ana biləcəyi bir məkan kimi xatırlanır.
Rəmzi Novruzovun adını daşıyan məktəb şəhidin xatirəsini ehtiramla anıb. Rəmzi haqqında danışan müəllimlər onunla bağlı xatirələri danışarkən gözləri yaşarıb.
.... Qazilərin danışdıqlarına görə, 713 saylı hərbi hissə Ağdərə əməliyyatlarında ən qanlı döyüşlərdə iştirak edib. Ancaq hansısa səbəblər üzündən bu batalyonun adı Ağdərənin azad edilməsində çəkilmir. Bunun səbəbləri ilə bağlı keçmiş döyüşçülər ətraflı bilgiyə malik deyillər, amma o döyüş yollarını yaxşı xatırlayırlar.
Qazilər Şəhid Rəmzi Novruzovun anım günündə ən kiçik detallarına qədər öz yaddaşlarında hifz edib saxladıqları xatirələri, Ağdərə uğrunda apardıqları döyüşləri yenidən varaqladılar...
"Mənim Rəmziyə bir can borcum var"
Şəhid Rəmzi Novruzovla bağlı o vaxtkı dönəmdə birinci rotanın komandiri olmuş (artıq o dönəmdə Rəhman İsgəndərov batalyon komandirinin müavini idi) Cabbar Alıyevin söylədikləri bunu bir daha təsdir edir.
O vaxtkı dönəmdə birinci rotanın komandiri olmuş Cabbar Alıyevin Rəmzi ilə bağlı xatırələri:
- O zaman hələ Arutunaqamer kəndi alınmamışdı. Biz sağ tərəfdə idik. Mehdi ratsiya ilə mənə dedi ki, ermənilər bizim yuxarı posta hücum edib alıblar. Ora yaxın sənsən, rotandan uşaqları götür, get ora. Dedi ki, səndən yuxarıda, yanında 10-15 əsgər olan bir mayor da var, gedin, onlar da sizin tabeliyinizə verilir.
Biz bir az yuxarı getdik, orada alçaqboylu bir mayor var idi, səhv etmirəmsə familiyası Yaqubov idi, indi unutmuşam. Ona dedim ki, belə bir əmr gəlib, siz də bizimlə getməlisiniz. O, ratsiya olduğu üçün danışılanlardan xəbərdar olduğunu bildirdi. Üstəlik onu da bildirdi ki, biz Müdafiə Nazirliyinin qruppasıyıq, bizim öz tapşırığımız var, bu uşaqlar döyüşdə olmayıblar, biz gedə bilmərik. Mən israrla əmri xatırlatsam da, onlar bizimlə getmədilər. Biz yuxarı çıxdıq. Orada səhv etmirəmsə ya adı Yunis idi, ya da familiyası Yunusov olan bir kapitan var idi. "Vzvod komandiri" Qurban idi. Qurban bizə dedi ki, "aşağıda yaralılar var, təciliyardım maşını onları çıxarmağa gedib, maşını vurublar. Həkimlə sürücü qaçıb gəliblər, komandir rota orda Yunislə maşında qalıb…
Mən Qurbana dedim ki, siz ermənilərlə döyüşü davam etdirin. Təpənin başında "DŞK" da qurmuşdular. Sağ tərəflə gedib ermənilərin arxasına keçib "biz yerimizdəyik" parolunu Qurbana bildirəndən sonra hərəkətə başladıq. Mən o parolu deyəndən sonra Qurbanın yanında olan uşaqlar dərhal yerə uzanmalı və biz erməniləri gülləbaran etməliydik. Tapşırığı verəndən sonra bir az getmişdik ki, ermənilər bizi atəşə tutdular. Birinci rotanın uşaqları da atəşə başladılar. Çox pis və anlaşılmaz bir vəziyyət yaranmışdı. Mən atəş atanlara "dayan!" əmrini verib, onlara dərhal geri qayıtmaq göstərişini verdim. Ermənilərin arxa tərəfinə keçmək üçün Özümlə elə həmin birinci rotanın uşaqlarından 17 nəfər götürüb irəliləməyə başladım. Həmin 17 nəfər mənim arxamda və sağımda idi. Rəmzi də mənim sağ tərəfimdə idi. Birdən qabaqdan səs gəldi ki, "Siz kimsiniz". Cavab verdim ki, bizik. Dedilər ki, gəlin bura. Bundan qabaq da mən ratsiya ilə Qurbangillə əlaqəyə girib "biz yerimizdəyik" parolunu demişdim. Mən elə bildim ki, biz hərlənib öz postumuza gəlib çıxmışıq. Bu zaman ani olaraq qışqırtı gəldi. Məni sağ çiynimdən vurdular, mən yıxıldım və eyni anda güllə atıldı. Güllə səsi, qışqırtı və mənim çiynimə dəyən zərbə eyni anda baş verdi. Rəmzi görüb ki, məni çağıran ermənidir, tullanıb çiynimə vurdu və biz hər ikimiz yıxıldıq, eyni anda silahlar da işə düşdü. Və beləcə döyüş başladı. Orada 4 erməni meyidi qaldı. Onlardan biri yaralı idi. Dedim ki, öldürməyin, onu diri tutaq. Çünki o vaxt hələ Nəsimidən xəbər yox idi və Arutunaqamer kəndi də hələ alınmamışdı. Biz erməniyə yaxınlaşanda o qumbara çıxardığı üçün uşaqlar onu dərhal güllələdilər... Bax orada Rəmzinin o hərəkəti olmasaydı, yəqin ki, indi mən yox idim. O, məni ölümdən qurtardı… Hələ bundan qabaq Rəmzi ürəyinin başından yaralanmışdı. Bir gün qospitaldan qayıtmışdı, soruşanda ki, niyə gəldin, cavab verdi ki, yara yüngüldür, özü də postda adam azdı. Dedim heç olmasa get evə, 1-2 gün evdə dincəl, yaran sağalsın, gələrsən. Yenə də razı olmadı, sonra…"
Qazi dostları Rəmzinin məktəbdə tər güllərlə əhatə olunan abidəsini ziyarət edəndən sonra, onun məzarı başına gediblər. Şəhidin ruhuna dualar oxunub. Qazilər şəhid dostlarının məzarını qərənfillərlə bəzəyiblər.
İGİD TEYMURLU
TV713.az