Ermənistan üzərinə götürdüyü öhdəliklərə riayət etməlidir. Laçın dəhlizi ilə bağlı məsələ üçtərəfli Bəyanatda açıq-aydın şəkildə göstərilib.
Tv 713. az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Laçın dəhlizi ilə bağlı erməni tərəfinin yeni bir gərginlik yaratmaq cəhdləri haqda danışarkən deyib.
Onun sözlərinə görə, işğaldan qabaq Laçında erməni yaşamayıb:
“Ermənistan gərginliyi yenidən artırmaq üçün bütün vasitələrə əl ata bilər. Bu, gözlənilən bir şeydir. Lakin bu, onların xeyrinə yox, zərərinə olacaq. Azərbaycan bunu əsas gətirərək, Laçın ərazisindən dəhlizin verilməsinə razı olmaya bilər. Rusiya Prezidenti Vladimir Putin də dəfələrlə deyib ki, əgər ermənilərin Bəyanatdan boyun qaçırması intihar etməsi demək olar.
Laçın ərazisindən keçmiş Dağlıq Qarabağ ərazisinə 5 km enində dəhlizin yaradılması Azərbaycanın növbəti konstruktiv mövqeyidir. Onu da deyim ki, bu dəhliz sadəcə, kommunikasiya üçün müvəqqəti olaraq nəzərdə tutulub. Yəni Laçın dəhlizi ilə bağlı məsələ sonsuzadək belə qalmayacaq. Bu, müvəqqəti nəzərdə tutulan bir şeydir. Alternativ bir yeni yol çəkiləndən sonra dəhliz də öz mahiyyətini itirəcək”.
Qeyd edək ki, erməni siyasətçilər və Xankəndidəki bəzi separatçı-terrorçu şəxslər Laçın dəhlizinin eninin 5 km olduğunu və bu yolun Laçın şəhərindən keçdiyini bildirərək, Laçın şəhərini 1 dekabra qədər boşaltmağa tələsməmək çağırışı etmişdilər.