QURTULUŞUMUZUN QİBLƏSİ - ŞƏHİDLİYİMİZ!
İGİD TEYMURLUVƏ BİZİ QANIMIZA QƏLTAN EDƏN "SÜLHMƏRAMLI"Şəhidlər Xiyabanı millətimizin Haqq Səsinin, Qurtuluşunun Məkkəsi və qibləsidirsə, onda bu millət hansı Üzlə, hansı Sozlə, hansı Əməllə bu Müqəddəs Məkana ziyarətə yollanır?!...
44 günlük müharibəyə qədər bax bu sual qarşısında qəddimiz də elə sual işarəsi formasına düşmüşdi. RƏŞADƏTLİ ordumuzun Zəfər Yürüşü qismən də olsa, qəddimizi düzəltdi, bir az silkələnib Özümüzə qayıtdıq...
İçdiyimiz andlar unudulmuş, Sözümüz də öz Qüdrətindən endirilmişdi. Dünən qanımızı tökmək üçün rusları Bakıya dəvət edənlər bu gün o faciələrin ideoloqu olan Primakovlara esse yazdırıb həmin gecənin vəhşətlərini millətə unutdurur, sanki rus və erməni hərbi birləşmələrinin törətdiyi Umudlu, Qaradağlı, Ballıqaya, Xocalı soyqırımı olmayıbmış kimi davranır, rusa da, erməniyə də sevgi ruhu aşılamağa çalışırdılar. Sanki bu torpaq uğrunda 30 minə yaxın QURD ürəkli Oğlanlar canlarını fəda etməyibmişlər kimi davranırdılar...
Bax bu baxımdan ötən zaman kəsiyində Şəhidlərin Əməllərini tapdalayaraq Onları ziyarət etmək Allahını yeyən məmləkət əhlinin davranışına bənzəyirdi....
Məmləkət Əhlinin bu davranışı və buna müqabil Şəhid Baxışlarının Diktəsi nələri söyləyirdi o zaman, İlahi? Ayrı-ayrı fərdlər üçün bir sitəmə çevrilən 20 Yanvar tarixini yüksək pafosla Millətin Doğum Günü adlandırırdıq, ancaq buna müqabil əməllərimizsə "nə oldu, bəs hanı o "doğulan millət"?" deyə, hər kəsi haqqın DİVANINA çəkirdi...
Fikirləşirdin ki, axı hansı üzlə ŞƏHİDLƏR XİYABANINA gedəsən ki, üstündən bunca illər ötsə də, hələ də biz televizor qarşısında oturub Qarabağ üzərində haray çəkən Kəsik Qolların, Kəsik Qıçların Nigaran Baxışlarını seyr edəcəyik!?...
Fərd olaraq mən də ŞƏHİDLƏR XİYABANINA GETMƏYƏ utanırdım. Çünki o Xiyabanda uyuyan 20 YANVAR ŞƏHİDİ tələbə yoldaşım AZƏR NƏSİBOĞLU var idi...
Çünki o Xiyabanda uyuyan Qarabağ Savaşında komandirim olmuş mayor SÜLEYMAN ƏHMƏDOV var...
Çünki o Xiyabanda 1992-ci ildə Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə canlarını bu Yurdun azadlığı uğrunda fəda edən onlarla 713 saylı hərbi hissədən olan qan qardaşım, can qardaşım, səngər yoldaşım var...
Utanırdım Onlardan...
O Nigaran Ruhlar qarşısında özümü unutqan, günahkar bəndə olaraq hiss edirdim...
Dərdlərimiz və problemlərimiz qartımaqda, anbaan Özümüzdən uzaqlaşmaqda idi...
Bizi Özümüzə qaytaran Şəhidlərimizə Allah rəhmət eləsin!
44 günlük müharibə Bizi Özümüzə qaytardı!
1990-cı il 20 Yanvar tarixində o Qanlı Gecənin Bətnindən Şəhidlərimizin timsalında Uca Millətimiz təzədən doğulmuşdusa, 44 günlük Zəfər Yürüşündə biz ayaqda durmağı bacardıq!
Həm o Qanlı Gecə, həm də 44 günlük müharibə ayrı-ayrı Fərdlərin Facıəsı olsa da, ancaq bütövlükdə Millətin Doğum Günü idi, millətimizin Özünü təsdiq etməsi idi..
Bizi doğulduğumuza görə peşiman etmək istəyənlər o Gecənin vəhşətini, o Gecənin dəhşətini, o Gecənin bizlərə əmanət qoyub getdikləri Vətən Sevgisini və bir də 44 günlük Zəfər Yürüşünün mahiyyətini anlamazlar! Bu günlər bizim Qurtuluşumuzun qibləsidir!
Ama nə yazıq ki, hələ də bizə Qurtuluşumuzun qibləsini unutdurmağa çalışanlar var. 30 İL BUNDAN QABAQ BAKIYA "DAXİLİ SABİTLİYİ BƏRPA ETMƏYƏ GƏLƏN" RUSLAR BU GÜN "SÜLHMƏRAMLI" KİMİ UZUN İLLƏRİN MÜCADİLƏSİNDƏN SONRA AZƏRBAYCANA DAXİL OLDU! ANCAQ TARİX SÜBUT EDİB Kİ, HARADA RUS VARSA, ORADA YALAN VAR, RİYA VAR, SOYQIRIM VAR, QƏTLİAM VAR, İŞĞAL VAR. ALLAH MİLLƏTİMİZİ, DÖVLƏTİMİZİ BU BƏLALARDAN HİFZ ELƏSİN!
Siyasətin hər üzü var. Siyasətin məkrli üzü bizə Güney Azərbaycan itkisini, Dərbənd itkisini, Borçalı itkisini, İRƏVAN itkisini, Qarabağ itkisini "bəxş" etmişdi. Dədə-baba yurdlarımız rusların, farsların ermənilərin, gürcülərin tapdağında qalmışdı və tam əksəriyyəti indi də qalmaqdadı. Siyasətin məkrli üzü bizə 1990-cı ildə 20 Yanvar qətliamını "bəxş" etmişdi...
Qətiyyətli və prinsipial siyasətsə ordu-xalq-hakimiyyət üçbucağında qismən də olsa haqqın bərpasına nail oldu. İtirdiyimiz yurd yerlərindən bir qismi düşmən tapdağından azad edildi...
AMMA VƏ LAKİN...
20 Yanvardan üzü bu yana tapdalanan, tanınmayan Haqqımızı 44 günlük Zəfər Yürüşüylə sonuclandırsaq da, nə yazıq ki, indi son ucda 31 il bundan öncə bizi qanımıza qəltan edən, bizim başımıza gələn bütün bəlaların müəllifi olan rus faşizmini "sülhməramlı" qiyafəsində görürük. Dünən 20 Yanvarda bizi qanımıza qəltan edən rusları bu gün bizə mələk donunda "sülhməramlı" kimi sırıyırlar...Bu, dolayı yolla Azərbaycan torpaqlarının yenidən Rusiya tərəfindən işğalıdır. Görünür yenə də siyasətin məkrli sifəti özünü göstərməkdədir. Nəzərə alsaq ki, hər şeyin zamana ehtiyacı var, onda şübhəsiz ki, 44 günlük müharibədə olduğu kimi yenə də günün birində orduyla xalqın və hakimiyyətin birliyi bütün düşmənləri iti qovan kimi qovacaq...
Və biz də öz Qibləmizə üz tutub Sevgimizə sahib çıxacağıq. Bizi yaşadan o Sevgidir: Vətən Sevgisi - Şəhidlərimizin uğrunda can qoyduqları Sevgi..
20-01-2021, 14:44
Вернуться назад