DataLife Engine / Bu şagirdlər həftədə 5 dəfə dərsə gələcəklər - Nazirlik

Bu şagirdlər həftədə 5 dəfə dərsə gələcəklər - Nazirlik


Bu şagirdlər həftədə 5 dəfə dərsə gələcəklər - Nazirlik



Təhsil Nazirliyi fevralın 1-dən əyani tədris formasının tətbiqi ilə əlaqədar şagirdlərin həftənin müəyyən günlərində yenidən distant dərslər keçib-keçməyəcəyinə aydınlıq gətirib.

Tv 713. az Trend-ə istinadla xəbər verir ki, Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu siniflərin yarımqruplara bölünməyəcəyi təqdirdə şagirdlərin həftədə 5 dəfə dərsə gələcəklərini deyib.

O bildirib ki, şagirdlər bu halda nəzərdə tutulan bütün dərs saatlarını əyani formada keçəcəklər:

“Əgər sinif iki yarımqrupa bölünürsə, bu, o deməkdir ki, o sinifdə işləyən müəllimin dərs yükü iki yarımqrup arasında bərabər bölünür. Məsələn, fənn üzrə dərs saatı 22 saatdırsa, 11 saat bir yarımqrupa, 11 saat digər yarımqrupa ayrılacaq”.

V.Yaqublu əlavə edib ki, sinif iki yarımqrupa bölündüyü halda müəllimin əlavə dərs keçməsi üçün dərs saatı qalmır. Lakin müəllim bəzi hallarda əyani dərs saatının əvəzinə distant dərs də keçə bilər:

“Əgər Azərbaycan dili həftədə 9 saatdırsa, müəllim onu tən yarı böləndə bir yarımqrupa bir həftə 4 saat, o biri yarımqrupa 5 saat əyani dərs keçə bilər. Növbəti həftədə isə bunu dəyişməklə birinci qrupa 5, digər qrupa 4 saat əyani formada Azərbaycan dili dərsi keçə bilər. Yaxud hər iki qrupa 4 saat olmaqla əyani dərs keçilə bilər, bir saat isə ümumi qrupa internet üzərindən tədris oluna bilər. Bu, məktəb və müəllimin seçimindən, imkanlardan asılıdır. Əgər distant dərs keçmək imkanı yoxdursa, teledərslərdən yararlanmaq olar. Hər bir sinif üzrə həftədə iki dəfə teledərs yayımlanır”.

Xatırladaq ki, fevralın 1-dən Bakı, Sumqayıt və Abşeron məktəblərində, o cümlədən bütün ölkə üzrə ibtidai sinif səviyyəsi, ümumtəhsil müəssisələrindəki məktəbəhazırlıq qrupları və icma əsaslı qruplarda tədris qismən başlanılacaq. Həmin tarixdən ölkədə 1-4-cü sinif şagirdləri məktəbə gedəcəklər. Böyük şəhərlərdə şagirdlər həftədə 3, digər bölgələrdə isə həftədə 4-5 dəfə olmaqla əyani tədrisə cəlb olunacaqlar.
29-01-2021, 10:42
Вернуться назад