DataLife Engine / Korotçenko: Ermənilər təslim olmayıb, hücuma keçir

Korotçenko: Ermənilər təslim olmayıb, hücuma keçir



Korotçenko: Ermənilər təslim olmayıb, hücuma keçir



Ermənistan səfirinin davranışı bu ölkənin beynəlxalq öhdəliklərinə ziddir və müttəfiq münasibətlərinə, xüsusən də Rusiyaya qarşıdır.

Tv 713. az xəbər verir ki, bunu məşhur rusiyalı hərbi ekspert, politoloq İqor Korotçenko “Vestnik Kafkaza” saytına açıqlamasında deyib.

“Rusiyanın müttəfiqi olan bir ölkənin səfiri bu cür açıqlamalar verirsə, ona siyasi marjinal deyə bilərik. Təəssüf ki, bu gün Ermənistanda elita və dövlət qulluqçuları arasında bir çox siyasi marjinal var. Bu müsahibə bütövlükdə millətçiliyin, kobud təbliğatın və siyasi reallığı dərk etməməyin bariz təzahürüdür”, - Korotçenko bildirib.

Ekspertin sözlərinə görə, döyüş meydanında uduzmasına, 44 günlük müharibə nəticəsində ordusunun darmadağın olmasına və kapitulyasiyaya imza atmasına baxmayaraq, Ermənistan Azərbaycanla informasiya müharibəsinə davam edir:

“Erməni təbliğatının fəaliyyəti ümumiyyətlə dəyişməyib, hücuma davam edir. Buradan çıxan nəticələr çox sadədir: bunlar qisas almaq və İkinci Qarabağ müharibəsinin nəticələrinin yenidən nəzərdən keçirilməsinin tərəfdarıdırlar”.

Korotçenko bildirib ki, Ermənistan revanşist planlarına ABŞ və Avropada dəstək axtarmağa cəhd edir:

“Bu cür sanksiya çağırışları sadəcə gülüncdür və Cənubi Qafqazdakı siyasi proseslərə ciddi təsir göstərməyəcək. Amma buna baxmayaraq, erməni təbliğatının ordudan fərqli olaraq təslim olmadığını başa düşməliyik. Fəaliyyət mexanizmi Ermənistanın rəsmi nümayəndələri və diaspor vasitəsi ilə döyüşlər dövrünə nisbətən daha da aktivləşib. Buna görə də bu cür ifadələr izlənilməli və cavablandırılmalıdır”.

Onun sözlərinə görə, Ermənistan Qərbin köməyi ilə qisas məsələsini qaldırmağa çalışmaq əvəzinə, dinc şəraitdə öz həyatını normallaşdırmağa başlamalıdır:

“Ermənistan bu gün fəlakətli maliyyə-iqtisadi vəziyyətdədir. Bütün sahələr məhv edilir, dövlət borcu böyükdür. Belə şəraitdə Ermənistan üçün yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq, Rusiya ilə müttəfiq münasibətləri, regional iqtisadi və nəqliyyat layihələrində iştirakdır. Bu vəziyyətdən başqa çıxış yolu yoxdur”.

Politoloq Ermənistanın beynəlxalq arenada müstəqil bir oyunçu olmadığına və müttəfiqi Rusiyaya qarşı Qərbin tətbiq etdiyi sanksiyalara qarşı çıxmadığına görə təəssüfləndiyini bildirib:

“Postsovet məkanında müstəqil siyasət apara bilən az sayda ölkə var, əksəriyyəti Qərbin maraqlarını nəzərə almaq məcburiyyətində qalır. Həqiqi tərəfdaşlar arasında yaxşı, möhkəm iqtisadiyyata və güclü rəhbərliyə sahib olan Qazaxıstan və Azərbaycanı qeyd etmək lazımdır. Bu ölkələr Qərbə baxmadan siyasət yürüdə bilər, buna misal olaraq Azərbaycanın AŞPA-da tətbiq olunan sanksiyaların ləğvi məsələsində Rusiyanı necə dəstəklədiyini göstərmək kifayətdir. Ermənistan isə siyasi mühitdən asılı olanlar sırasındadır. 30 ildir müttəfiqimiz olduğunu söyləyir. Bəs müttəfiqimiz hətta Serj Sərkisyanın dövründə postsovet məkanındakı ən böyük ABŞ səfirliyinin İrəvanda yaradılmasına necə icazə verə bilər? ABŞ açıq şəkildə Ermənistan və Rusiya arasındakı münasibətləri yaxşılaşdırmağa can atmır. Müttəfiqimiz Corc Soros və digər Qərb agentlərinin maliyyələşdirdiyi yüzlərlə, bəlkə də minlərlə təşkilatın Ermənistan şəhərlərində fəaliyyət göstərməsinə necə icazə verir? Nə üçün müttəfiqimiz nasist Qaregin Njdeyə abidə qoymağa davam edir? Rusiyanın Ermənistana xüsusilə prinsipial məsələlərə dair bu cür sualları çoxdur”.

Korotçenkonun sözlərinə görə, bu gün Rusiyanın İrəvanla dövlət səviyyəsində bu cür mövzularda ciddi şəkildə danışması lazımdır, çünki müttəfiq olan Ermənistanla problemlər olduqca çoxdur.

Qeyd edək ki, Ermənistanın Niderlanddakı səfiri Tiqran Balayan bu ölkə mediasına açıqlamasında Rusiyaya tətbiq olunan "Navalnı sanksiyaları"na bənzər sanksiyaların Azərbaycana qarşı tətbiq edilməsi çağırışı etmişdi(axar.az).
2-02-2021, 12:41
Вернуться назад