FAİQ NOVRUZOVAtaların səhvini övladları düzəltdi...Şuşaya qədər göydə “BAYRAKdar” var idi, yerdə ürəyinin üstündə üçrəngli BAYRAĞımızı gəzdirən, ondan güc alan, işğaldan azad etdiyi torpaqlara sancan Azərbaycan əsgəri... Şuşada “Bayrakdar” da yox idi-göydə Allah idi, yerdə Azərbaycan əsgəri. Gücünü göydən-Allahdan, ayağının altındakı torpaqdan, ürəyinin başındakı bayraqdan alan Azərbaycan əsgəri. Heç dayanmadan, birnəfəsə gəldi Şuşaya. Heç vaxt görmədiyi şəhərə heç tanımadığı yerlərdən-Füzulidən, Zəngilandan, Cəbrayıldan, Qubadlıdan, Hadruddan keçib gəldi. Gəldi və Qarabağın ən hündür nöqtəsindən XÜSUSİ MİSSİYASININ başa çatdığını elan etdi: “Şuşa, sən bizimsən!” “Qarabağ Azərbaycandır!”.
GƏLDİ, VURUŞDU, QƏLƏBƏ QAZANDI...Şuşaya qədər gələn və 30 il əvvəl itirdiyimiz torpaqları geri qaytaran əsgər həm də 30 ildi çiynimizə çökən xəcalət yükünü də Şuşanın başı dumanlı dağlarından atdı. ...1-ci Qarabağ müharibəsi “azərbaycanlılar vuruşmağı bacarmırlar” kimi çox ağır bir hökmlə başa çatmışdı. Təxminən 30 il əvvəl verilən bu hökmə etiraz da edə bilməmişdik. Hə, deyə bilərdik ki, vuruşduq, şəhidlər verdik, qəhrəmanlıq göstərənlər də çoxdur, amma bu heç nəyi dəyişmirdi, çünki onsuz da hər şey ortada idi-torpaqlarımızın 20 faizi işğal edilmişdi, 1 milyon insan yurd-yuvasından köçkün düşmüşdü. İşə bax ki, hər məqamda “Azərbaycanlılar vuruşmağı bacarmırlar” deyib bununla həm də məğlubiyyətlə barışmağımıza işarə vuranlar indi 21-ci əsrin müharibəsini bizdən öyrənirlər…
Hər addımbaşı bizə məğlubiyyətimizi xatırladan, bizi “yeni ərazilər üçün yeni müharibə” konsepsiyası ilə qorxudan ermənlər də kimin kim olduğunu gördülər. Azərbaycan Emənistanın ötən əsrin 90-cı illərindəkindən elə də fərqlənməyən Ordusu qarşısına 5-ci nəsil silahlarla, ən əsası, torpaqlarını silahsız belə azad etməyə qadir olan YENİ NƏSİL DÖYÜŞÇİLƏRlə çıxdı. Həmin döyüşçülərin qarşısında dayanmağın mümkün olmadığını hətta ermənilər belə etiraf edirlər. Qarabağ münaqişəsinin əsas səbəbkarlarından biri olan Zori Balayanın cəbhə bölgəsinə cərrah kimi gələn oğlu Qayk Balayan da Azərbaycan əsgəri barəsində heyrət və heyranllıqla danışır: “Mən Hadrut yüksəkliklərində idim və hər şeyi öz gözlərimlə görürdüm. Heç cür başa düşə bilmirəm ki, azərbaycanlılar bu yüksəklikləri necə ala bildilər. ...Şuşanı götürəndə topçularımız onların üzərində çox yaxşı işləyirdi. Ancaq yenə də irəliləyirdilər. Ölənlərin yerini yüzlərlə, minlərlə yenisi tutur və onlar heç cür bitib-tükənmirdilər”.
ATALAR VƏ OGULLAR:QARABAGI UDUZANLAR VƏ UDANLAR
Ermənilərin və dünyanın yadında 30 il əvvəlki azərbaycanlı qalmışdı. Azərbaycanlıların yeni nəsli isə onlara məğlubiyyətdən 30 il ötdüyünü xatırlqatdı... Müharibədə qazandığımız qələbəyə görə ölkəmizin iqtisadi cəhətdən güclənməsindən tutmuş Türkiyənin siyasi və mənəvi dəstəyinə, dronların göydə hökmranlığından tutmuş milli birliyimizə və diplomatik uğurlarımıza qədər bir çox səbəbləri sadalayanlar haqlıdılar. Amma kimin hansı arqumentləri gətirməyindən asılı olmayaraq müharibəni hər bir halda əsgər udur. Vətən müharibəsini də Azərbaycan əsgəri uddu. Qarabağı yalnız kitablardan, xatirələrdən tanıyan, yaxud atasının əlindən tutub, anasının qucağında Qarabağdan çıxan oğlanlar torpaqlarımızı cəmi 44 günün içində işğaldan azad etdilər. 18-20 yaş arasında olan əsgər. 25-30 yaş arasında olan müxtəlif rütbəli hərbi qulluqcular və zabitlər. Şəhidlərimizin də böyük hissəsinin yaşı 18-23 arasındadır. 1-ci Qarabağ müharibəsində məğlub olan atalar “revanşı övladlarımıza saxlamamalıyıq” desələr də, təəssüf ki, həmin günü 30 il yubatdılar. İndi isə etiraf edirlər ki, övladları onlardan güclü çıxdı, onların bacarmadığını övladları etdi.
30 İL BİR İGİDİN ÖMRÜDÜRSon 30 ildə Azərbaycan müharibənin yaralarını sarıdı, iqtisadiyyatını dirçəltdi, ordusunu qurdu və müasir silahlarla gücləndirdi. Həm də yeni nəsli gözlədi-qələbə qazana bilən nəsli. Yeni nəsil isə hətta vətənpərvərlik ruhunda əsərlərin, mahnıların, verilişlərin olmadığı bir şəraitdə özü özünü yaratdı. Nəticədə:
-Yeni nəsil üçün Vətən fərqli məna daşıdı. Vətəni “kabab üstən sərin su pis olmaz kimi” yox, “susuzluğun od vurub, köz kimi yandırdığı dodaq su sevən kimi” (Əli Kərim) sevdi. “Təki Vətən sağ olsun” deyə bildi. Dil açandan Azərbaycan himnini əzbər oxudu. Azərbaycan bayrağını öpüb gözünün üstünə qoydu, başının üstündən asdı.
- Düşmənə “erməni kimdir ki, babası babamın qapısında nökərçilik edib” məntiqi ilə yanaşmadı. Düşməni tanıdı, gücünü bildi və ondan üstün oldu.
- 1-ci Qarabağ müharibəsindəki məğlubiyyətin yaratdığı ağrıdan qurtulmaq üçün özünü qələbəyə köklədi. İlk illərdə “Qalatasaray”, yaxud “Beşiktaş”ın, sonra “Qarabağ”ın, şahmatçılarımızın, voleybolçu qızların, güləşçilərin qələbəsinə sevindi. Olimpiyadalardakı, “Avroviziya” mahnı yarışlarındakı uğurumuz da yeni nəslə qələbənin ləzzətini daddırdı.
-Yeni nəsil üçün şəhidlik yeni anlam qazandı. Onların hər biri Vətən yolunda şəhid olmağa hazır idi. Hər biri müharibəyə “biz qalib gələcəyik, amma bu yolda şəhid olsam da, ağlamayın, şəhidlik hər kəsə qismət olmur” deyib getdi.
-Yeni nəsil...
-Yeni nəsil...
YENİ İDEYA Ermənilər 1-ci Qarabağ müharubəsinə “Miyatsum” ideyası ilə başlamışdılar. Bu ideya onların qalib gəlməsində həlledici olmasa belə, mühüm rol oynadı. Üstəlik də, “erməni soyqırımı” mifi də onları türklərdən ayırmadıqları azərbaycanlılara qarşı birləşdirmişdi. Yeni müharibəni udmaq üçün Yeni Azərbaycanlı nəslinə də mütləq birləşdirici ideya lazım idi. Bu ilk dövrdə “Qa-ra-bağ” oldu. Sonra “Qarabağ bizimdir” həştaqı yarandı. Respublika prezidenti İlham Əliyevin 2019-cu ilin oktyabrında “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında dediyi “QARABAĞ AZƏRBAYCANDIR, NİDA İŞARƏSİ” bəyanatından isə “Qarabağ Azərbaycandır!” şüarı yarandı və Azərbaycan əsgərini Vətən müharubəsində müşayiət etdi, ona qələbələr qazandırdı.
YENİ İDEALLAR1-ci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra “Biz Koroğlunun, Qaçaq Nəbinin, Babəkin nəvələriyik” deyib sinəmizə döyməyin yeri yox idi. Mən bu cür cıxışları axırıncı dəfə 30 il əvvəl Azadlıq meydanındakı mitinqlərdə eşitmişəm. Müharibəni udmaq üçün yeni nəslə tanıdığı, gördüyü, ideal kimi qəbul edə biləcəyi yeni qəhrəmanlar lazım idi. Bu, 2010-cu ildə şəhid olan Mübariz İbrahimov oldu. Gənclər bu ad ərtafında birləşə bildilər. Məhz Mübariz İbrahimov yeni nəslə Vətən yolunda ölümə getməyin nə qədər şərəfli olduğunu göstərdi. Ötən ilin iyulunda isə gənclər daha bir qəhrəman qazandılar. Düşmən təxribatının qarşısı alınarkən şəhid olan general Polad Həşimov Azərbaycan üçün yeni nəsil zabit obrazında torpaqlarımızı işğaldan azad etmək kimi XÜSUSİ TƏYİNATI olan gənclərin önündə dayandı. Həmin günlərdə gənclərin Bakıda Şəhidlər Xiyabanına doğru yürüş etməsi də göstərdi ki, onlar müharibəyə tam hazırdılar. Mübariz İbrahimov ruhlu əsgərlərimiz Polad Həşimov kimi generallarla döyüşə girib qalib gələcəklər. O günlərdə minlərlə gənc könüllü olaraq Orduya yazıldı.
Sonrasını bilirsiz...
EY GƏNCLİK...Ötən əsrin 20-ci ilində Məmməd Əmin Rəsulzadə gənclərə müraciət edərək “sənin öhdəndə böyük bir vəzifə var” demişdi. Həmin vəzifə onlardan əvvəlki nəslin yoxdan yaratdığı bayrağı yenidən parlament binası üzərinə qaytarmaq idi. Bu yolda isə “ya qazi, ya da şəhid olacaqsan!” Bu sözlərin deyildiyi vaxtdan düz 100 il keçəndən sonra Azərbaycanlı gənclər ücrəngli bayrağı ciyinlərində Qarabağa da daşıdılar və Şuşada ucaltdılar... Bunun üçün “ya qazi, ya şəhid oldular”.
Ey gənclik... SƏN QALİBSƏN!!!
Qeyd: 7 fevral Milli Qəhrəman Mübariz İbrahimovun anadan olduğu gündür