DataLife Engine / Baydenin SSRİ səfəri: Kosigin dedi ki, sizə inanmırıq - Video

Baydenin SSRİ səfəri: Kosigin dedi ki, sizə inanmırıq - Video

Baydenin SSRİ səfəri: Kosigin dedi ki, sizə inanmırıq - Video



Hazırda gündəmdə olan məsələlərdən biri də yanvarın 20-dən ABŞ Prezidenti vəzifəsinin icrasına başlayan Cozef Baydenin Rusiyaya münasibətdə yürüdəcəyi siyasətin necə olacağı ilə bağlıdır.

Tv 713. az Teleqraf.com-a istinadla xəbər verir ki, ekspertlərin ABŞ-Rusiya münasibətlərin kəskin olacağını proqnozlaşdırdığı bir vaxtda iki ölkə arasında münasibətlərin yaxşılaşmasına doğru ilk addım atılıb. ABŞ və Rusiya prezidentləri – Barak Obama və Dmitri Medvedyev arasında 8 aprel 2010-cu ildə Praqada imzalanan, 5 fevral 2011-ci ildən qüvvəyə minən və ABŞ-ın 45-ci prezidenti Donald Trampın birtəfərli qaydada çıxması ilə 5 fevral 2018-ci ildə qüvvədən düşən Strateji Hücum Silahlarının ixtisarı və məhdudlaşdırılması ilə bağlı Saziş (rusca SNV-III) üzrə razılaşma əldə olunub. Co Baydenlə Vladimir Putin arasında yanvarın 26-da baş tutan ilk telefon danışığı əsasında əldə olunan yeni razılaşmaya əsasən müqavilənin qüvvədə olma müddəti əlavə şərtlər olmadan beş il müddətinə – 4 fevral 2026-cı ilədək uzadılıb. Beləliklə, ABŞ və Rusiya arasında münasibətlərin normal məcrada inkişafı üçün ilk anlaşma əldə olunub.

Seçkiqabağı dövrdə rəqibi Donald Trampı Rusiyaya bağlı olmaqda suçlayan, onu kəskin ifadələrlə ittiham edən 46-cı ABŞ Prezidenti müasir Rusiyanı və onun sələfi olan SSRİ-ni yaxşı tanıyır. Qocaman siyasətçi iki dəfə – 1979-cu ilin avqustun 30-31-də və 1988-ci ilin yanvarın 15-də SSRİ-də olub. O, Moskvanı sovet rəhbərliyinin dəvəti əsasında ziyarət edib. C.Bayden həmin illərdə (1973-cü ildən 2009-cu ildə ABŞ-ın 47-ci vitse-prezidenti seçilənədək) Delaver ştatından ABŞ Senatının və Senatın Xarici Əlaqələr Komitəsinin üzvü olub.

C.Bayden birinci səfəri zamanı Moskvada SSRİ Nazirlər Sovetinin sədri (baş nazir) Aleksey Kosıgin tərəfindən qəbul olunub. Bu səfər zamanı nüvə silahsızlaşdırılması məsələləri müzakirə olunub.

Səfərdən sonra SSRİ-nin Dövlət Televiziyasına müsahibə verən C.Bayden deyib:

“Biz hesab edirik ki, SSRİ-yə səfərimiz çox məhsuldar və çox faydalıdır. Biz SSRİ Ali Sovetinə və Nazirlər Sovetinin sədri Kosıginə Strateji silahların məhdudlaşdırılması Sazişinin (rusca OSV-2) imzalanmasında ABŞ Senatının rolunu söyləməyə gəlmişik. Sizin rəhbərliyiniz əməkdaşlığa çox meyillidir”.

Görüş zamanı C.Bayden Sovet İttifaqının rəhbəri Leonid Brejnev tərəfindən də qəbul olunub. Üstündən onilliklər ötəndən sonra – 2011-ci ilin martında Moskvaya səfəri zamanı Moskva Dövlət Universitetində tələbələr üçün mühazirə söyləyən C.Bayden həmin görüşü belə xatırlayırdı:

“Mən senatorlar qrupunu strateji silahların məhdudlaşdırılması ilə bağlı razılaşma əldə etmək üçün Moskvaya aparmışdım. Brejnev ağır xəstə idi və görüş başlayandan dərhal sonra getdi. Kosıgin isə bizə dedi: “Biz sizə etibar etmirik, siz də bizə. Və hər birimizin bunun üçün inandırıcı səbəbləri, kifayət qədər ciddi əsasları var”.

ABŞ-ın hazırkı prezidentinin SSRİ-yə ikinci səfəri 1988-ci ildə baş tutub. Bu səfər zamanı C.Bayden SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri, nə az, nə çox 28 il (1957-1985-ci illərdə) SSRİ-nin xarici işlər naziri olmuş “Cənab Yox” ləqəbli Andey Qromıko tərəfindən qəbul olunub. Bu səfərdə isə əsasən ABŞ Prezidenti Ronald Reyqanla SSRİ-nin rəhbəri Mixail Qorbaçov arasında 8 dekabr 1987-ci ildə Vaşinqtonda imzalanmış Orta və yaxın mənzilli raketlərin ləğv olunması üzrə Sazişin ratifikasiya olunması məsələsi müzakirə olunub. Görüş zamanı A.Qromıko bildirib ki, hazırda əsas vəzifə imzalanmış sazişin ratifikasiya edilməsidir. Daha sonra isə A.Qromıko qarşılıqlı əməkdaşlıqla bağlı rəsmi xarakterli bir sıra fikirlər söyləyib.

C.Bayden sonrakı illərdə də bir neçə dəfə Rusiyaya səfər edib. Onun 1997-ci ildə Rusiyada xarizmatik və sirli siyasətçi kimi tanınan Aleksandr Lebedlə görüşdüyü bildirilir. Ancaq bu görüşlə bağlı məlumat o qədər də çox deyil.

2011-ci il martın 10-da isə C.Bayden vitse-prezident statusunda Rusiyanın o vaxtkı prezidenti Dmitri Medvedyev və baş nazir Vladimir Putinlə görüşüb. Bu görüşlər zamanı Rusiyanın Ümumdünya Ticarət Təşkilatına daxil olması və hətta iki ölkə arasında viza rejiminin aradan qaldırılması məsələsi müzakirə olunub.

“Mən yenidən Rusiyada olmağımdan çox şadam. Mən Rusiyanı öyrənirəm və Rusiyaya böyük dövlət kimi hər zaman dərin hörmət bəsləmişəm”, – deyə seçkiqabağı dövrdə Rusiyanı kəskin tənqid edən C.Bayden 2011-ci ildə Moskvada D.Medvedyevlə görüş zamanı demişdi.



9-02-2021, 04:43
Вернуться назад