Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) arxivi 1986-cı ilin aprel ayının 26-da Çernobıl Atom Elektrik Stansiyasında baş verən faciəli qəza ilə bağlı məxfi sənədləri gün işığına çıxarıb.
Tv 713.az Musavat.com-a istinadla xəbər verir ki, DTK sənədləri içində həmin vaxt AES-in direktoru olmuş Viktor Bryuxanovun partlayış barədə verdiyi raport, qəza anında əməkdaşların bir-biri ilə danışıqlarının protokolu, Pripyat şəhərinin 45 minlik əhalisinin köçürülməsi ilə bağlı maraqlı məlumatlar yer alıb.
Arxivdən görünür ki, stansiyada əvvəllər də qəzalar baş veribmiş. Məsələn, 1982-ci ildə birinci enerji blokundan havaya böyük miqdarda radioaktiv maddənin sızıntısı aşkar edilib. Lakin o vaxt birtəhər bunun qabağını almaq mümkün olub. DTK-nın insidentlə bağlı məruzəsində isə “insanlar arasında panika və təxribat dolu şayiələrin yayılmasının yolverilməzliyindən” bəhs edilir. 1984-cü ildə 3-cü və 4-cü enerji bloklarında da eyni qəza situasiyası yaranıb.
1983-cü ildə Moskvaya Çernobıl AES-ın Sovet İttifaqında ən təhlükəli atom stanisyası olduğu barədə xüsusi məruzə edilib. Həmin ildə sənədi tərtib edən müəlliflər hər hansı qəza baş verməsi halında radioaktivlik gücünün Xirosima və Naqasakiyə atılan atom bombalarından 60 dəfə çox olacağını hesablayıblar.
Qəzadan sonra Sovet hakimiyyəti dərhal burada “sui-qəsd nəzəriyyələrini” axtarmaqla məşğul olub və əsill reallığı qəbul etməyib. Hələ aprelin 27-də, yəni partlayışdan cəmi 1 gün sonra Pripyat şəhərində “etibarsız” adamların siyahısı hazırlanıb. Buraya Çernobıl atom-elektrik stansiyasna gələn xarici nümayəndələr də daxil edilib. Hətta Ukrayna millətçilərinin radiasiyaya məruz qalan torpaq nümunələrini “Kiyevdəki agentura şəbəkəsi” vasitəsilə xaricə ötürə bilmələri ilə bağlı ehtimallar da irəli sürülüb. Guya millətçilər bundan istifadə edərək Kremli bütün dünyada rüsvay etməyi planlaşdırıblar.
1986-cı ilin iyul ayının 8-də isə stansiyada qəzanın baş verməsinin əsil səbəbləri, havada radiasiyanın yaranması, onun nəticələrinin aradan qaldırlması ilə bağlı görülən tədbirlərin tam məxfiləşdirilməsi barədə direktiv qəbul olunub.
Bundan başqa, sənədlərdə 1987-ci iln oktyabrında fransız jurnalist Pyer Vodonun Pripyat şəhərindən nümunələr aparmaq cəhdinin qarşısının alınması barədə məlumat yer alıb. Burada DTK-nın uğurlu əməliyyat keçirdiyi xüsusi qeyd olunur. Belə ki, Pyer Vodonun aparmaq istədiyi nümunələr əlindən alınıb və onlar radioaktiv cəhətdən təmiz olanlarla əvəz edilib.