Qırğızıstan və Tacikistan arasındakı 970 kilometrlik sərhədin yarıdan çoxu hələ də mübahisəlidir.
Tv 713.az xəbər verir ki, bunu türkiyəli professor Kürşad Zorlu Qırğızıstan və Tacikistan sərhədində baş verən toqquşma haqda danışarkən deyib.
Onun sözlərinə görə, Qırğızıstan və Tacikistan arasındakı mövcud problemin əsas səbəbi SSRİ dağıldıqdan sonra dövlət sərhədlərinin dəqiqləşdirilməməsidir:
“SSRİ zamanında xalqlar, fərqli etnik qruplar arasında süni sərhəd problemi yaradılıb. Misal üçün bir ölkə hər hansı bir bölgəni uzun müddət öz torpağı kimi qəbul edib. Ancaq elə vaxt olurdu ki, sərhədlər Moskva tərəfindən dəyişdirilirdi.
Fərqanə vadisində də 1920-1980-ci illər arasında sərhədlər 80 dəfədən çox dəyişdirilib. Daha dəqiq desək, 1929-cu ildə Özbəkistanın Xücənd bölgəsi Tacikistana verilib və adı da dəyişdirilib. Ancaq çox keçmədən eyni ərazinin bir hissəsi bu dəfə Özbəkistana verilib. Bundan başqa, 1924-cü ildə Qazaxıstana verilən Qaraqalpaq Muxtar Vilayəti 1936-cı ildə yenidən Özbəkistana qaytarılıb. Hələ də bölgədə demoqrafiya/şəxsiyyət vəsiqəsi problemi davam edir.
Ölkələr bu problemi həll etmək üçün təşəbbüs göstərsələr də, ikitərəfli və çoxtərəfli müzakirələr zamanı sərhəd problemi dərhal nəticə vermir”.
Kürşad Zorlu qeyd edib ki, bölgədə anklav ərazi məsələsi də qalmaqdadır:
“Qırğızıstan-Tacikistan arasındakı anklavların böyük qismi bugünkü Qırğızıstanın sərhədləri daxilində yerləşir. Bu vəziyyət də yol keçidləri kimi müəyyən problemlərin yaranmasına gətirib çıxara bilər”.
Qeyd edək ki, Qırğızıstan və Tacikistan sərhəd xidmətləri arasında baş verən toqquşmada çoxsaylı ölən və yaralananlar var.