713 nömrəli hərbi hissə Ağdərə rayonunda keçirilən hərbi əməliyyatlarda iştirak etsə də, amma nə yazıq ki, bu və ya digər kanallar vasitəsilə bizə verilən məlumatlara istinad etsək, rəsmi sənədlərdə bu, heç də öz əksini tapmayıb. Heç şübhəsiz ki, bütün bunlar keçici xarakter daşıyır. Ən azından ona görə ki, o döyüşlərin canlı şahidləri hələ ki, bu gün yaşayırlar. Yaşayan “Canlı Tarix”lərin yaddaşlarına 713-ün yurd uğrunda apardığı mücadilə anbaan həkk olunub. O “Canlı Tarixlər”dən biri də 713 nömrəli hərbi hissənin tərkibində olan şəhid Vaqif Quliyevin komandiri olduğu ikinci bölüyün döyüşçüsü İSAYEV MƏMMƏDdir.
MƏMMƏD İSAYEV: “BİZİM ETİRAZIMIZA O, “SİZİNLƏ, YA DA SİZSİZ GETMƏLİYƏM” DEDİ”
“1992-ci il avqustun 20-dən sonra Pircahan kəndində komandirimiz Vaqif Quliyev bizi sıraya düzüb Ağdərəyə gedəcəyimizi söylədi. Biz ona etiraz edib dedik ki, buraları boş qoyub gedə bilmərik. Biz Laçının sol cinahından Vağazin və Ərdəşəviyə qədər olan əraziləri ermənilərdən təmizləmiş, Hoçaz və Pircahan istiqamətində döyüşərək şəhidlər verərək buraları azad etmişdik. İndi bu əraziləri necə boş qoyub getmək olardı.
Bizim iradlarımızın qarşılığında Vaqif məllim bizə dedi ki, mən bu əmri almışam, sizinlə, ya da sizsiz getməliyəm.
Komandanlıq bütün iradları çözəndən sonra biz Ağdərə rayonuna yola düşdük. Biz Ağdərə rayonunun Vəng və Dovşanlı kəndlərini ermənilərdən boşaldıb yüksəklikləri tutmalıydıq.
Ağdərəyə çatanda artıq bizim hərbi hissənin 1-ci və 3-cü bölüyüı, eləcə də Yevlaxdan olan Xosrovun batalyonu Artunaqamer kəndi uğrunda əməliyyat keçirmişdi. Kəndin içindəki evlərdə ermənilərin qalıb qalmaması yoxlanılırdı. Beləcə bizim batalyon orada mövqe tutub postlarda yerləşdi.
“DƏRƏYƏ ÇATMIŞDIQ Kİ, ATIŞMA BAŞLADI”
...Biz sentyabrın birinə qədər Artunaqamer kəndində qaldıq. Sentyabrın 1-də günortadan sonra komandir batalyon mayor Süleyman Əhmədov bizi cərgəyə düzərək öz tapşırıqlarını və tövsiyyələrini verdi. Biz Vəng istiqamətində yola düşdük. Gecəni Vənglə Artunaqamer arasında bir talada qaldıq, postlar qoyub gecələdik. Səhər açılanda komandir batalyon mayor Süleyman Əhmədov və Mehdi Rüstəmov komandir rotalarımızla birlikdə döyüş planı hazirladılar. Bizə bildirildi ki, qabaqdakı yüksəkliyə qədər yollar təmizdi, kəşfiyyat edilib.
Döyüş planı belə idi: Isgəndərov Rəhmanın birinci bölüyü orta hissə ilə hərəkət edəcəkdi. Quliyev Vaqifin ikinci bölüyü sağ cinahdakı dağın döşüylə və Budaq Nəsibovun üçüncü bölüyü isə sol cinahla getməli idi. Elə də getdik. Bizə onu da dedilər ki, yollar minalardan təmizlənib, artilleriya və aviasiya da kömək edəcək.
Biz döyüş planı üzrə irəliləməyə başladıq. Bizim ikinci bölüyün komandiri Vaqif Quliyevin göstərişiylə tağım tağım dağın döşüylə ara məsafəni saxlamaq şərtilə irəliləyirdik. Amma çox qalın meşəlik olduğundan 3-5 metrdən artıq bir -birimizdən aralana bilmirdik. Məsafə çox olduğundan bir-birimizi itirirdik. Beləcə irəliləməyə başladıq, artıq biz dərəyə çatmışdıq, hətta yuxarı hissədən artıq dərəni keçmişdik. Aşağıdan güllə səsləri gəldi və atışma dərə boyunca başladı...
“ETİBAR “AY BƏHLUL, VAQİFİ VURUBLAR, GƏLİN ÇIXARIN” DEYƏ QIŞQIRIRDI”
Güllə və mərmilər yağış kimi yağırdı. Güllələr ağacları sındırıb başımıza tökürdü. Ermənilər iynə səpən güllələr atırdılar. Döyüş çox gərgin halda gedirdi. Ermənilər dərəyə dolub, bundan sanki özləri üçün bir səngər kimi istifadə edirdilər. Biz isə ağacların arxasında güclə daldalana bilirdik. Yanımızda qan qardaşlarımız, döyüş yoldaşlarımız yaralanıb və şəhid olurdular.
Mənim yanımda olan Xudayarov Fəxrəddin ayağından yaralandı. Kəlbəcərdən olan döyüş yoldaşımız şəhid oldu. Bir döyüş yoldaşımız özünü qorxmadan onun yanına atıb çiyninə atıb şəhidimizi döyüş mövqeyindən çıxardı. Biz də ona kömək edib silahları götürüb uzaqlaşdırdıq.
Axşamüstü saat 4 -5 arası olardı. Bizim ikinci bölükdən olan Qızılca kəndindən Etibar qardaşımızın səsini eşitdik. O qışqırırdı ki, “ay Bəhlul, Vaqifi vurublar, yaralıdı, gəlin çıxardın, qoymayın qalsın”. Biz səs gələn tərəfə gəldik və orada bölüyümüzə təzə gələn rabitəçini gördük. Ondan soruşduq ki, Vaqifi harada vurublar. O bizə aşağını, özündən sağ tərəfi göstərdi. Uşaqlar sağ tərəfə dağıldı, mən isə düz aşağı istiqamətdə aramağa başladım. Mən aşağı bir xeyli getmişdim ki, Vaqif müəllimi böyük bir ulas ağacının alt tərəfində üzüüstə uzanmış gördüm, tez özümü onun yanına atıb “Vaqif, Vaqif!” deyərək səslədim. O, başını qaldıraraq mənə dedi ki, Mamed, məni tərpətməyin, belim sınıbdır. Mən həmin dəqiqə Bəhlul dayını və uşaqları çağırdım. Bəhlul dayı, Şəmsəddin və uşaqlardan 5-6 nəfəri köməyə gəldilər. Biz Vaqifi oradan götürüb döyüş xəttindən uzaqlaşdırdıq...
“NİZAMİNİN AYIQLIĞI BİZİ XİLAS ETDİ”
....Biz yaralı Vaqifi döyüş xəttindən xeyli uzaqlaşdırdıqdan sonra uşaqlar xərək gətirdilər. Onu xərəyin üstünə qoyaraq çiynimizə qaldırıb həkimin yanına aparırdıq. Yolda döyüş yoldaşımız Nizami hamımızın tez yan tərəfə doğru hərəkət etməmizi bildirdi. Az qaldı ki, hamımız yıxılaq. Sən demə biz minanın üstünə çıxırmışıq. Orada biz Nizaminin ayıqlığı nəticəsində xilas olduq, əks halda hamımız param- parça olardıq. Nəhayət ki, yaralını həkimin yanına çatdırdıq. Vaqifi yerə qoyduq. Mən dizlərimi yerə qoyub, Vaqifin kürəyinə söykədim ki, onu saxlayım. Həkim ona ağrı kəsici və qanı kəsmək üçün iynə vurdu. Bu anda Vaqifin paltarı yuxarı sürüşdü, mən güllənin onun kürəyinin harasından dəydiyini gördüm. Güllənin biri aşağıdan dəyib yuxarı hissədən çıxmışdı, ikinci güllə isə düz Vaqifin onurğasından dəymişdi. Həkim iynə vuran zaman Vaqif 2 dəfə için çəkib “əəə , gedirəm deyəsən” dedi və ufuldadı. Biz ona azca da olsa ürək-dirək verib “sən yaxşı olacaqsan, qayıdacaqsan, sən hələ bizimlə çox döyüşlərə girəcəksən” deyərək UAZa qoyub Kəlbəcərə yola saldıq.
“VAQİF ELƏ YOLDA GEDƏRKƏN ŞƏHİD OLDU”
Bu zaman artıq geri çəkilməklə bağlı əmr verilmişdi. Bildiyim qədərində hardasa 9 şəhidimiz, 19 nəfərə qədər yaralımız var idi. Bizim bir qismimiz aşağıda, başqa bir qismimiz də yuxarıda idi. Birdən ermənilər artilleriya ilə atəş açdılar. Mərminin biri yuxarıdakı uşaqların yanına düşdü. Bu mərmi atəşindən sonra da biz 1 şəhid verdik, biri isə yaralandı. Bütün şəhid və yaralılarımızı yola salandan sonra geriyə, əvvəlki mövqeyimizə, Artunaqamer kəndinə tərəf çəkildik. Geri şəkilirdik ki, Kəlbəcərə gedən maşınlardan biri geri gəldi və dedi ki, Vaqif elə yolda gedərkən şəhid oldu. Bir də onu dedi ki, bütün şəhidləri Bakıya - Şəhidlər Xiyabanında dəfn etmək üçün aparacaqlar. Ancaq Vaqifin meyidi Kəlbəcərdə qalıb. Biz bir neçə nəfər maşına minib Kəlbəcərə yola düşdük. Ora çatanda gördük ki, doğrudan da şəhidimiz oradadır. Şəhidimizin dinimizə uyğun yuyulmasını tapşırdıq və uşaqlardan ikisini orada qoyub hospitala yaralı qardaşlarımıza baş çəkməyə getdik. Artıq yaralıların bir qismini helikopterlə Bakıya yola salmışdılar. Bir neçə yaralı hələ ki, orada qalmışdı, qalanlardan biri də Etibar idi. Onun sol qolu artıq amputasiya olunmuşdu, özü də komadaydı. Döyüşçü qardaşlarımızın hamısına baş çəkəndən sonra geriyə qayıtdıq və şəhidimiz Vaqif Quliyevi götürüb şəhərdən çıxıb Murova doğru getdik. Orada olan komendant bölüyünə silahlarımızı qanuni şəkildə təhvil verib Bərdə rayonuna yola düşdük.
Şəhidimizin qohumları orada yaşayırdılar. Gecə Bərdə şəhərinə çatdıq. Səhər açılanda Bərdənin Çələbilər kəndinə gəldik və orada Vaqifin qardaşı Qulu kişiyə bu xəbəri verdik. Sonra bütün qohum əqrəba yığışdı, ağlaşma səsi dünyanı bürümüşdü. Şəhidimizi Bakıda Şəhidlər Xiyabanında dəfn etmək üçün icazə alıb günortadan sonra yola düşdük. Axşamüstü Bakıya çatanda artıq orada bizi onlarla insanlar gözləyirdilər. Hərbi komissarlığın nümayəndəsi də var idi. Səhəri günü şəhid Vaqif Quliyevə Şəhidlər Xiyabanında başqa şəhidlərimizlə birlikdə dəfn mərasimi keçirildi. Bundan sonra biz yenidən geriyə, vətənimizin müdafiəsi üçün öz batalyonumuza qayıtdıq. Biz geri qayıdanda batalyonumuz hələ də Ağdərədə idi. Bir neçə gün Ağdərədə qaldıqdan sonra geriyə Laçın istiqamətinə qayıtdıq...
İGİD TEYMURLU
TV 713. az